Mühüm qərar: Həm infrastrukturun dayanıqlılığı artırılır, həm də əhalinin təhlükəsizliyi təmin olunur
Paytaxt Bakıda sel və daşqın risklərinin azaldılması istiqamətində yeni mühüm addımlar atılır. Prezident İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq, şəhərin bir neçə rayonunda təhlükəli ərazilərin möhkəmləndirilməsi məqsədilə istinad divarlarının tikintisi planlaşdırılır. Bu layihə həm infrastrukturun dayanıqlığını artırmaq, həm də əhalinin təhlükəsizliyini təmin etmək baxımından xüsusi əhəmiyyət daşıyır.
Rəsmi məlumata görə, görüləcək tədbirlər Bakı şəhərinin Suraxanı, Səbail, Binəqədi və Xətai rayonlarını əhatə edəcək. Aidiyyəti qurumlar tərəfindən həyata keçiriləcək işlər daşqınların yaratdığı fəsadların qarşısının alınmasına, torpaq sürüşməsi riskinin minimuma endirilməsinə və ümumilikdə şəhər mühitinin daha təhlükəsiz hala gətirilməsinə xidmət edəcək.
Məsələ ilə bağlı memar Cahid Həsənov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Bu, ölkəmiz üçün mühüm və sevindirici bir addımdır. Xüsusilə memarlıq və şəhərsalma sahəsində ciddi dönüş nöqtəsi kimi qiymətləndirilə bilər.
Məlumdur ki, Bakı şəhərinin kanalizasiya sistemi əsasən 50–70 il əvvəl, sovet dövründə inşa edilmiş və o dövrün texnoloji imkanlarına uyğun olaraq təxminən 1–1,5 milyon əhali yükü nəzərə alınmaqla layihələndirilmişdir. Bu gün isə paytaxtın əhali sayı və infrastruktur yükü bir neçə dəfə artmış, mövcud sistem həm fiziki, həm də texnoloji baxımdan köhnəlmiş və istismar müddətini faktiki olaraq başa vurmuşdur.
Digər mühüm məqam ondan ibarətdir ki, həmin dövrdə istifadə olunan texnologiyalar müasir tələblərə cavab vermir. Yeni layihələr çərçivəsində inşa olunacaq su və kanalizasiya sistemləri artıq müasir texnologiyalar əsasında, beynəlxalq standartlara uyğun şəkildə qurulacaqdır. Bu sistemlər Bakı şəhərinin indiki və gələcək – təxminən 3–4 milyonluq əhali yükü nəzərə alınmaqla planlaşdırılır və ən son texnoloji avadanlıqlarla təmin ediləcəkdir.
Qeyd etmək lazımdır ki, dünya təcrübəsində iqlim şəraiti daha mürəkkəb, yağıntıların daha intensiv olduğu regionlarda belə bu cür sistemlər uzunmüddətli ehtiyat və davamlılıq prinsipləri əsasında qurulur. Sovet dövründə isə bu kimi ehtiyat mexanizmləri ya kifayət qədər nəzərə alınmamış, ya da zamanla öz aktuallığını itirmişdir.
Bu gün ayrılan vəsait və dövlətin qarşıya qoyduğu vəzifələr çərçivəsində həyata keçirilən layihələr ərazinin relyefi, hidroloji xüsusiyyətləri və müasir şəhərsalma prinsipləri nəzərə alınmaqla icra olunur. Nəticədə, yeni sistemlərin beynəlxalq standartlara cavab verən səviyyədə qurulması üçün möhkəm zəmin formalaşır.
Əvvəlki sistemlərdə tez-tez rast gəlinən problemlər – boruların qeyri-kafi diametri, keyfiyyətsiz materiallardan istifadə və korroziyaya davamlılığın aşağı olması – artıq yeni texnologiyalar vasitəsilə aradan qaldırılır. Müasir avadanlıqlar və materiallar, o cümlədən uzunömürlü suötürücü sistemlər, bəzi hallarda 100 ilə qədər istismar zəmanəti təqdim edir".
O bildirib ki, xüsusilə güclü yağıntılar zamanı müşahidə olunan küçələrin su altında qalması halları hər kəsə tanışdır: "Bəzən bu sular qısa müddətdə nasos sistemləri vasitəsilə çəkilsə də, əsas problem görünməyən zərərdədir. Yağıntı suları torpağa hoparaq köhnə infrastruktura ziyan vurur, metal konstruksiyalarda korroziyaya səbəb olur və nəticədə suötürücü sistemlərin funksionallığını zəiflədir.
Bundan əlavə, suyun yeraltı qatlara sızması binaların zirzəmilərinə, tunellərə və hətta metro infrastrukturuna qədər təsir göstərə bilər. Bu isə zamanla çatların, sızmaların və digər təhlükəli halların yaranmasına səbəb olur.
Bu baxımdan həyata keçirilən yenidənqurma işləri yalnız texniki deyil, həm də ekoloji və sosial baxımdan böyük əhəmiyyət daşıyır. Yeni sistemlər suyun yığılması, xoşagəlməz qoxuların yaranması və sanitar problemlərin qarşısını alacaq, şəhərin ümumi görünüşünə və yaşayış mühitinə müsbət təsir göstərəcəkdir.
Nəticə etibarilə, bu layihə Bakı şəhərinin dayanıqlı inkişafı, müasir şəhərsalma standartlarına uyğunlaşması və əhalinin həyat keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan mühüm strateji addımdır".
Elmir Heydərli
20:59 29.04.2026
Oxunuş sayı: 56