Türkiyə yenidən vasitəçi rolunda: Rusiya-Ukrayna savaşı necə bitəcək?
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında baş tutan son telefon danışığı iki ölkə arasında diplomatik dialoqun intensivliyini bir daha nümayiş etdirdi. Danışıqlar zamanı regional təhlükəsizlik məsələləri, xüsusilə Ukrayna ətrafında formalaşan situasiya əsas müzakirə mövzusu olub. Prezident Ərdoğan Türkiyənin vasitəçilik missiyasını davam etdirməyə hazır olduğunu, eləcə də danışıqlar üçün İstanbul platformasının yenidən gündəmə gətirilə biləcəyini bildirib. Tərəflər Ukrayna məsələsi ilə bağlı müxtəlif səviyyələrdə Rusiya–Türkiyə əməkdaşlığının daha da aktivləşdirilməsi barədə razılaşıblar.
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq İlqar Vəlizadə bildirib ki, hazırda müzakirə olunan planın Ukraynanın milli maraqlarına tam cavab verdiyini demək çətindir:

“Demək olmaz ki, bu plan Ukraynanın milli maraqlarına uyğundur. Onun əsas müddəaları Kiyevin gözləntiləri ilə üst-üstə düşmür. Lakin planla bağlı müzakirələr davam edir, tərəflər öz mövqelərini ortaya qoyurlar. Bu sənəd ABŞ tərəfindən, Dövlət katibinin ifadəsi ilə, “canlı plan” kimi təqdim olunub. ABŞ rəsmiləri də planın mahiyyəti barədə müəyyən açıqlamalar veriblər”.
Politoloq qyd edib ki, planın ilkin variantına düzəlişlərin olunacağı ehtimalı yüksəkdir:
“Görünən odur ki, tərəflər bu planda müəyyən dəyişikliklər aparmalı olacaqlar və sənəd ilkin versiyadan fərqlənəcək. Bununla belə, plan müəyyən reallıqlara əsaslanır. Avropa İttifaqının rəsmiləri də bunu etiraf edirlər. Ona görə də Ukrayna hazırkı təmas xətti üzərində danışıqlara çağırılır”.
Müsahibimizin sözlərinə görə, Kiyev tərəfi bu mərhələdə ərazi bütövlüyünün tam bərpasından danışa bilməyəcəyini açıq şəkildə bəyan edir:
“Bu, planın Ukraynanın tam maraqlarını əks etdirmədiyini göstərir. Hadisələrin gedişatı və bölgədəki dinamika həlledici olacaq. Ola bilər ki, qarşıdakı aylarda vəziyyət dəyişsin və proses Kiyevin xeyrinə inkişaf etsin. Ümid böyük deyil, amma müəyyən gözləntilər qalmaqdadır”.
Politoloq həmçinin Putin–Ərdoğan danışığının mümkün təsirlərinə də toxunub:
“Əlbəttə, bu söhbətlər prosesə təsir göstərə bilər, müəyyən istiqamət verə bilər, amma həlledici rol oynayacağını demək çətindir. Türkiyənin əsas məqsədi müharibənin mümkün qədər tez dayanması və Moskvanın müəyyən güzəştlərə getməsidir. Bunun nə dərəcədə mümkün olacağı isə zamanla bəlli olacaq”.
Mehriban Yariyeva
20:14 25.11.2025
Oxunuş sayı: 1380