AMADA nümayəndə heyəti Strasburqda CAHAMA-nın 69-cu iclasında iştirak edib
Fransanın Strasburq şəhərində, Avropa Şurasının Agora binasında Ümumdünya Antidopinq Agentliyi (WADA) üzrə Ad Hoc Avropa Komitəsinin (CAHAMA) 69-cu iclası keçirilib. Ölkəmizi Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) İcraçı direktoru Təhminə Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Crossmedia.az xəbər verir ki, iki gün davam edən iclasda CAHAMA-nın əvvəlki iclasının hesabatı təsdiqlənib, növbəti görüşlərin tarixləri müəyyənləşdirilib və WADA-nın qarşıdakı iclaslarına hazırlıq məsələləri müzakirə olunub. Avropa dövlətlərinin nümayəndələri qlobal antidopinq gündəliyinə dair vacib mövzuları müzakirə edib və WADA-nın qərarqəbuletmə prosesində vahid Avropa mövqeyinin formalaşdırılması üzrə ilkin müzakirələr aparıblar.
AMADA-nın İcraçı direktorunun müavini Rüfət Efendiyev Gender Bərabərliyi üzrə Məruzəçi qismində çıxış edərək antidopinq siyasətində gender aspektlərinin vacibliyini vurğulayıb.
Nümayəndə heyətinin iştirakı Azərbaycanın antidopinq sahəsində beynəlxalq əməkdaşlığa və Avropa ailəsində fəal dialoqa sadiqliyini bir daha təsdiqləyir.
12:15 25.11.2025
Oxunuş sayı: 1071