Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Bu barədə düşünməyin özü milli xəyanətdir - MÜSAHİBƏ
Azərbaycan bölgədə yeni güc balansının formalaşdığı, qlobal siyasətin isə sürətlə dəyişdiyi bir mərhələdən keçir. Regional sabitlik, sülh danışıqları, geosiyasi əməkdaşlıqlar və böyük dövlətlərlə münasibətlərin yenidən qurulduğu bu dövr hər kəsin diqqət mərkəzindədir. Belə bir zamanda Azərbaycanın siyasi çəkisi, diplomatik xətti və strateji tərəfdaşlıqları həm region, həm də beynəlxalq sistem üçün müəyyənedici faktor rolunu oynayır. Bu kontekstdə həm sülh gündəliyinin inkişaf perspektivləri, həm Qərbi Azərbaycan məsələsi, həm də böyük güclərlə münasibətlərin yönü barədə verilən fikirlər ölkənin qarşıdakı illərdə hansı mövqedə dayanacağını anlamaq baxımından xüsusi əhəmiyyət daşıyır. Aşağıdakı müsahibə də məhz bu əsas sualların cavablarını özündə ehtiva edir.
Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli regionda baş verən dəyişikliklər, Azərbaycanın qlobal gücə çevrilməsi ilə bağlı Crossmedia.az-a geniş müsahibə verib:
- Azərbaycanın dünyadakı geosiyasi üstünlüyü nədən ibarətdir?
- Azərbaycanın təbii-coğrafi mövqeyi, resursları və Azərbaycan Prezidentinin siyasi qətiyyəti, diplomatik gücü, beynəlxalq nüfuzu Azərbaycanın dünyadakı geosiyasi üstünlüyünü təmin edən iki mühüm faktordur. Ölkəmizin belə təbii-coğrafi mövqedə yerləşməsi və xalqımızın İlham Əliyev kimi bir siyasi liderə, dövlətimizin belə bir Prezidentə, ordumuzun belə bir Ali Baş komandana malik olması hər birimizin tarixi xoşbəxtliyi, tarixi şansıdır. Xüsusilə dünyanın indiki çox mühüm bir dövründə.
- Ermənistanla sülh müqaviləsindən sonra QAİ-nın ləğv ediləcəyi ilə bağlı fikirlər var. Bununla bağlı nə deyə bilərsiniz?
- Bu barədə düşünməyin özü milli xəyanətdir. Ermənistanla Azərbaycan arasında bağlanacaq sülh müqaviləsi dövlətlərarası münasibətlərin tənzimlənməsi məsələsidir və Qərbi Azərbaycan İcması olaraq biz də bunu dəstəkləyirik, təbii ki, biz də istəyirik ki, regiona sülh, əmin-amanlıq gəlsin. Azərbaycan həmişə bunu istəyib. Bölgəyə düşmənçiliyi, müharibəni, işğalı gətirən ermənilərdir, indi də bunun cəzasını çəkir, bədəlini ödəyirlər və ödəyəcəklər. Lakin heç bir sülh, heç bir saziş müharibənin tərkib hissəsi kimi doğma ev-eşiyindən didərgin salınmış, təhqir edilmiş, qovulmuş, haqqı-hüququ tapdalanmış insanların müharibədən sonra geri qayıtmaq hüququnu inkar edə və ya əlindən ala bilməz. Biz öz ata-baba yurdumuza qayıdacağıq, bunu hər kəs bilməlidir. Cənab Prezident deyib dinc yolla qayıdacağıq, deməli, dinc yolla qayıdacağıq. Bu, bizim ermənilərə ən böyük güzəştimizdir.
- Ermənistan-Azərbaycan sülh müqaviləsindən sonra regionun necə şəkillənməsini gözləyirsiniz?
- Mən hələlik Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasını gözləyirəm. Yəqin başa düşdünüz nə demək istədiyimi...
- Azərbaycan-Türkiyə əməkdaşlığı regionda çox ciddi nəticələr yaradırdı. İndi Azərbaycan-Türkiyə-Pakistan üçlüyü formalaşıb. Bu kimlərisə narahat edirmi? Yaxud narahat etməlidirmi?
- Təbii ki, Azərbaycan-Türkiyə əməkdaşlığı kimləri narahat edirdisə və ya edirsə, Azərbaycan-Türkiyə-Pakistan üçlüyü də həminkiləri narahat edəcək. Azərbaycan da, Türkiyə də, Pakistan da tarixi-dini köklərlə bir-birinə bağlı və doğma olan, müstəqil siyasət yeridən ölkələrdir və heç biri başqalarının maraqlarına görə öz siyasətlərini qurmurlar, hər birinin öz milli və dövləti maraqları var və bu maraqlar bu gün bu ölkələrin bir yerdə olmasını zəruri edir və onlar bir yerdədirlər.
- Azərbaycan-ABŞ və Azərbaycan-Fransa münasibətləri artıq inkişaf edir və gərginliklər aradan qaldırılır. Bu hadisələri necə müşahidə edirsiniz?
- Cənab Prezident İlham Əliyev özünün siyasi-diplomatik gücünü və bacarığını bir daha nümayiş etdirdi və bir daha dünyanı heyrətləndirdi, dostları sevindirdi, düşmənləri məyus etdi.
- Azərbaycan son illər siyasi nüfuzunu artırır. Sizcə beynəlxalq arenada ölkənin yumşaq güc potensialından daha effektiv istifadə etmək üçün hansı addımlar atılmalıdır?
- Cənab Prezident Azərbaycanın milli və dövləti maraqları baxımından bütün zəruri addımları atır.
Ayhan
15:47 24.11.2025
Oxunuş sayı: 21686