Çin avtomobillərin paralel ixracına məhdudiyyətləri sərtləşdirir
Çin avtomobillərin paralel şəkildə ixracına dair qaydaları sərtləşdirib. Ölkə hökumətinin bu qərarı avtomobil bazarında son illərdə sürətlə artan qeyri-rəsmi ixrac əməliyyatlarına nəzarəti gücləndirmək məqsədi daşıyır. Bildirilir ki, yeni qaydalar həm rəsmi istehsalçıların maraqlarının qorunması, həm də satışdan sonrakı xidmətlərin keyfiyyətinin təmin olunması üçün hazırlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.
Məlumata görə, yeni məhdudiyyətlər son vaxtlar genişlənən sxemlərlə bağlıdır. Belə ki, avtomobillər əvvəlcə yeni kimi qeydiyyata alınır, dərhal qeydiyyatdan çıxarılaraq “istifadə olunmuş” kimi xaricə göndərilir. Bu vəziyyət servis xidmətində problemlər yaradır və rəsmi istehsalçıların fəaliyyətinə mənfi təsir edir.
Sənədə əsasən, 1 yanvar 2026-cı ildən etibarən qeydiyyata alındıqdan sonra 180 gündən az vaxt keçmiş avtomobillərin ixracı yalnız istehsalçı tərəfindən verilmiş “Satışdan sonrakı xidmətin təsdiqi” sənədi ilə mümkün olacaq. Bundan əlavə, avtomobillərə dair sənədlərin və texniki göstəricilərin yoxlanılması da gücləndiriləcək.
Bu dəyişiklik nəticəsində istehsalçılar bəzi modellərin ixracını faktiki olaraq bloklamaq imkanı əldə edəcək.
Qaydaların daha çox Chery, Changan və Geely kimi rəsmi ixraca yönəlik markalara təsir edəcəyi bildirilir. Paralel ixracı qeyri-rəsmi dəstəkləyən şirkətlərin isə lazımi sənədlərə çıxış imkanı sayəsində mövqelərini qoruyacağı qeyd olunur.
Türkan Kərimli
14:40 17.11.2025
Oxunuş sayı: 1142