Müsahibə qalibi: “Yüksəliş”də uduzsan belə, qazanırsan - Müsahibə
Artıq bir neçə ildir həyata keçirilən “Yüksəliş” müsabiqəsi ölkədə böyük maraq doğuran və yaxından izlənən nüfuzlu bir layihəyə çevrilib. Proqramın əsas məqsədi istedadlı və perspektivli kadrları müəyyənləşdirərək onların bilik və bacarıqlarına uyğun olaraq daha yüksək vəzifələrə irəli çəkilməsini təmin etməkdir. Bu, dövlətin peşəkar və inkişaf yönümlü gənclərə verdiyi dəyərin real göstəricisidir. Müsabiqənin əvvəlki illər qaliblərinin bu gün müxtəlif sahələrdə yüksək məsuliyyətli vəzifələrdə çalışması “Yüksəliş”in praktiki nəticələrinin ən bariz sübutudur. Layihə yalnız idarəetmə sahəsinə yeni nəfəs gətirmir, eyni zamanda etibarlı və peşəkar kadr ehtiyatının formalaşmasına mühüm töhfə verir. Hər il onlarla bacarıqlı, motivasiyalı gəncin aşkara çıxması, onların inkişafına yeni fürsətlər açılması bu proqramın nə qədər strateji əhəmiyyət daşıdığını bir daha göstərir.
Bu dəfəki müsahibimiz IV “Yüksəliş”müsabiqəsinin qaliblərindən Kamal Hüseynlidir. Həmin müsahibəni təqdim edirik:
- “Yüksəliş” müsabiqəsində iştirak etmək qərarı sizdə hansı daxili motivasiyalardan doğdu? Özünüinkişaf arzusu, rəqabət hissi, yoxsa cəmiyyətə fayda vermək istəyi?
- Əslində “Yüksəliş” müsabiqəsinə qoşulmaq qərarım bir neçə daxili motivasiyanın birləşməsindən yarandı. İlk növbədə bu, özümü sınaqdan keçirmək, nəyə hazır olduğumu görmək və real rəqabət mühitində özümü tanımaq istəyindən irəli gəldi. Birinci iki “Yüksəliş” müsabiqəsində iştirak etmədim – sadəcə prosesi kənardan izləyib. Sonralar müsabiqənin mərhələlərini, qaydalarını, qaliblərin təcrübələrini təhlil etdikcə başa düşdüm ki, bu yarışda iştirak etmək həm böyük bir inkişaf fürsətidir, həm də öz zəif və güclü tərəflərini obyektiv şəkildə görmək imkanı yaradır. Mənim üçün əsas məqsəd yalnız qalib olmaq deyildi – özümü test etmək, digər namizədlərlə müqayisədə hansı cəhətlərdə geri və ya irəlidə olduğumu müəyyənləşdirmək idi. Müsabiqə bunu etmək üçün ideal platformadır.
- Müsabiqənin hansı mərhələsi sizə özünüzü daha yaxından tanımaq imkanı verdi?
- “Yüksəliş” bir neçə mərhələdən ibarətdir. İlk mərhələlər daha çox testlər üzərindədir: dünya bilikləri, məntiq, riyazi biliklər və idarəetmə bacarıqları. Amma məhz yarımfinal və final mərhələləri mənə özümü real vəziyyətdə daha dərindən tanımaq şansı verdi. Bu mərhələlər qrup işləri və praktiki keislərin həlli ilə müşayiət olunur. Orada həm rəqibin, həm də komanda yoldaşın olan tamamilə yad insanlarla bir neçə dəqiqəyə ünsiyyət qurmalı, birlikdə qərar verməli və nəticə ortaya qoymalısan. Bu proses mənə göstərdi ki, mən əslində yaxşı bir team player-əm. İş mühitində tanıdığın insanlarla işləmək asandır, amma Yüksəlişdə adaptasiya üçün vaxt olmur. Saniyələr içində həm komanda mühiti qurursan, həm də fərqlənməyə çalışırsan. Bu, özüm haqqında kəşf etdiyim ən dəyərli məqamlardan biri oldu.
- “Yüksəliş” təkcə yarış deyil, həm də bir öyrənmə mühiti kimi qəbul edilir. Siz bu mühitdən hansı yeni bilik və düşüncə tərzini qazandınız?
- “Yüksəliş” mənə ilk növbədə rəqabətə davamlı olmağı öyrətdi. Müsahibələr zamanı çoxları “növbəti mərhələ daha çətindir” deyərək prosesi gözündə böyüdürdü. Mən isə çalışırdım ki, hər mərhələyə streslə yox, fayda qazanmaq məqsədi ilə yanaşım. Əgər hər mərhələdən yeni bir şey öyrənməyi hədəf qoyursansa, görürsən ki, yolun özü inkişaf prosesinə çevrilir. Bu yanaşma məndə belə bir düşüncə formalaşdırdı: nəticə – keçmək və ya keçməmək deyil, o mərhələdən sonra özündə nəyi dəyişə bildiyindir. Bundan əlavə, müsabiqə mənə Azərbaycanın müxtəlif sahələrində çalışan ən parlaq gəncləri ilə tanış olmaq imkanı yaratdı. Bu, həm intellektual mühit baxımından, həm də networking baxımından böyük üstünlükdür.
- Müsabiqə müddətində sizi ən çox təəccübləndirən məqam nə oldu?
- Məni ən çox təəccübləndirən – yarımfinal və final mərhələlərinin peşəkarlıqla təşkil olunması oldu. Bakı Ekspo Mərkəzində proses çox yüksək səviyyədə qurulur, qaydalara ciddi əməl edilir, texniki və təşkilati işlər mükəmməl şəkildə icra olunur.
Digər tərəfdən, bəzi qruplarda fikir ayrılıqları səbəbindən nəticə çıxara bilmədiyimiz hallar da oldu. Halbuki əsas məqsəd nəticə vermək idi. Bu məqamlar mənim üçün xoş olmasa da, real iş mühitində də bənzər situasiyaların yaşandığını göstərdi.
- Bu təcrübə sizin liderlik, komanda işi və idarəetmə baxışınıza necə təsir etdi?
- Çox ciddi təsir etdi. Mən əvvəllər daha çox öz sahəmdə – maliyyə prizmasından məsələlərə yanaşırdım. Yüksəlişdə isə eyni qrupda həkim, hüquqşünas, mühəndis, prokuror və maliyyəçi bir araya gəlirdi. Bu, mənə göstərdi ki, komandanın effektivliyi rəngarəngliklə bağlıdır. Eyni backqrounda malik insanların yaratdığı nəticə ilə müxtəlif sahələrdən olan komandanın yaratdığı nəticə çox fərqlidir. Fərqli baxışlar, fərqli təcrübələr daha kreativ və daha dəyərli həllər ortaya çıxarır. Bu, mənim idarəetməyə baxışıma yeni yanaşma gətirdi.
- Əgər müsabiqəyə bir yenilik əlavə etmək imkanınız olsaydı, bu, nə olardı?
- İki əsas dəyişiklik təklif edərdim. Birincisi, yarımfinala qədər iştirakçı sayının artırılması. Çox dəyərli namizədlər ilk mərhələlərdə ələnir və onlara özlərini göstərə bilmək imkanı yaradılsa, müsabiqə daha ədalətli olar. İkincisi, balların mərhələlər üzrə sıfırlanmaması. Birinci turda 16 min nəfər içindən yüksək bal toplayan namizədin növbəti mərhələdə sıfırdan başlaması motivasiyanı azaldır. Məncə əvvəlki mərhələlərin nəticələri finala qədər müəyyən şəkildə qorunmalıdır.
- Müsabiqədə iştirak etməyə tərəddüd edən gənclərə nə demək istərdiniz?
- Tərəddüd etməsinlər. Çünki tərəddüd yalnız inkişafa meyli olmayan insanın davranışıdır. Bu müsabiqədə heç bir risk yoxdur – ən pis ehtimal qalib olmamaqdır. Amma istənilən halda bilik, təcrübə, yeni tanışlıqlar və özünütanıma baxımından uduzmaq mümkün deyil. Qısası uduzsan belə, nəsə qazanırsan.
- “Yüksəliş” sizin üçün bir mərhələ idi. Bəs növbəti “yüksəlişiniz” nə olacaq?
“Yüksəliş” qalibi olmaq böyük qürurdur, amma eyni zamanda böyük məsuliyyətdir. İnsanların səndən gözləntiləri artır və bu, öz üzərində daimi işləməyi tələb edir. “Yüksəliş”dən sonra həm kariyeramda, həm də təhsil istiqamətimdə ciddi artım oldu. Hazırda Bakı Metropoliteninin maliyyə direktoru vəzifəsində çalışıram və eyni zamanda İnce-Tələ-də York Universitetində doktorantura təhsili alıram. Qısa müddətdə özümə qoyduğum növbəti “yüksəliş” məqsədi – doktorantura müdafiəmi uğurla tamamlayıb yeni bir mərhələyə keçməkdir. Kariyeramda isə artan tendensiyanı davam etdirmək əsas hədəfimdir.
Elmir Heydərli
21:34 15.11.2025
Oxunuş sayı: 4057