Azərbaycan millisinin sabiq üzvü futboldan uzaqlaşdırılmasına münasibət bildirib
Azərbaycan millisinin sabiq üzvü Mert Çelik adının mərc oyunlarında hallanmasına görə futboldan uzaqlaşdırılmasına münasibət bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə klubu "Sivasspor"da çıxış edən futbolçu sosial şəbəkə hesabında yazıb.
O, Türkiyə Futbol Federasiyasının gündəmində yer alan və ona mənfi təsir göstərən məsələ ilə əlaqədar ciddi narahatlıq keçirdiyini deyib:
"Adımın və etibarımın zərər gördüyü bu mövzu səbəbindən dərin narahatlıq içindəyəm. Kiçik yaşda bir internet saytına üzv olmağın illər sonra cəzasını yaşayıram. Ailəmə, yaxınlarıma və bütün Sivas xalqına yaşatdığım bu vəziyyəti ifadə etmək çətindir. Yenə də ən yüngül cəza ilə bu prosesi geridə qoymaq mənə müəyyən mənada təsəlli verir."
Futbolçu açıqlamasında həmçinin gələcək planlarından da danışıb:
"Bu müddət ərzində gecə-gündüz demədən məşqlərimə davam edəcəyimdən heç kimin şübhəsi olmasın. Meydana qayıtdığım zaman, "Sivasspor" üçün son damla tərimə qədər mübarizə aparmağa davam edəcəyəm. Gündəmi məşğul etdiyim üçün hər kəsdən səmimi-qəlbdən üzr istəyirəm".
Qeyd edək ki, adı mərc oyunlarında hallanan 25 yaşlı oyunçu 45 gün müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılıb.
21:12 13.11.2025
Oxunuş sayı: 1162