Kitabxanaların bərpa olunması regionlarda mədəni həyatın canlanmasına xidmət edir - Parlamentari
Azərbaycanın mədəni həyatında mühüm rol oynayan kitabxanaların fəaliyyəti və onların müasir tələblərə uyğun vəziyyətə gətirilməsi istiqamətində mühüm addımlar atılır. Bu məqsədlə Mədəniyyət Nazirliyi tərəfindən ölkə üzrə kitabxanaların mövcud durumu araşdırılaraq, təmir və bərpa işlərinə ehtiyacı olan müəssisələrin siyahısı hazırlanıb.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, həmçinin Mədəniyyət komitələrinin birgə iclasında çıxış edərək bildirib ki, hazırda Nazirliyin tabeliyindəki 6 mindən çox mədəniyyət müəssisəsinin yarısından çoxunu – 3 mindən artıq kitabxana təşkil edir. Onun sözlərinə görə, bu kitabxanalar mərhələli şəkildə ziyarət olunub, texniki vəziyyəti qiymətləndirilib və onların təmiri, bərpası ilə bağlı konkret plan hazırlanıb.
Bu təşəbbüs mədəni irsin qorunması, oxu mədəniyyətinin inkişafı və regionlarda ictimai-mədəni həyatın canlanması baxımından mühüm əhəmiyyət daşıyır.
Görüləcək işlərlə bağlı Milli Məclisin deputatı Elnarə Akimova Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanaların təmir və bərpası istiqamətində hazırlanan siyahı çox mühüm və vaxtında atılmış addımdır. Kitabxanalar təkcə kitab saxlama məkanı deyil, həm də maarifləndirmə, mütaliə vərdişlərinin formalaşdırılması və milli-mədəni kimliyin qorunması baxımından əvəzsiz rola malikdir. Onların müasir tələblərə uyğun şəkildə bərpası, oxucular üçün rahat və texnoloji cəhətdən təmin edilmiş mühitin yaradılması gələcək nəsillərin intellektual inkişafına böyük töhfə verəcək. Bu addım, eyni zamanda, regionlarda mədəni həyatın canlanmasına, gənclərin kitabxanalara marağının artmasına və ümumilikdə cəmiyyətin mədəni səviyyəsinin yüksəlməsinə xidmət edəcək. Kitabxana infrastrukturunun yenilənməsi həm də rəqəmsal fondların genişləndirilməsi, elektron kitabxana xidmətlərinin təkmilləşdirilməsi və beynəlxalq informasiya mübadiləsinə inteqrasiyanı asanlaşdıracaq".
Deputat. həmçinin belə təşəbbüslərin ardıcıl davam etdirilməsi ölkəmizin mədəni siyasətində uzunmüddətli strateji nəticələr verəcəyini bildirib: "Oxuyan, düşünən və yaradan cəmiyyətin formalaşmasına xidmət edəcək".
Elmir Heydərli
16:16 13.11.2025
Oxunuş sayı: 1453