AMEA-da Prezident İlham Əliyevin çıxışı ilə bağlı yığıncaq keçirilib
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağındakı nitqində Azərbaycan tarixi ilə əlaqədar qarşıya qoyduğu tələblər və AMEA-nın vəzifələri” mövzusunda yığıncaq keçirilib
AMEA-nın Rəyasət Heyəti və İctimai Elmlər Bölməsinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağındakı nitqində Azərbaycan tarixi ilə əlaqədar qarşıya qoyduğu tələblər və AMEA-nın vəzifələri” mövzusunda yığıncaq keçirilib.
Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq ötən gün AMEA-nın Rəyasət Heyətində Prezident İlham Əliyevin Akademiyanın 80 illik yubiley tədbirindəki nitqində Azərbaycan dili ilə əlaqədar qarşıya qoyduğu tələblərin müzakirə olunduğunu, bu gün isə dövlət başçısının Azərbaycan tarixi ilə bağlı qarşıda duran vəzifələrin müzakirə edildiyini söyləyib.
Dövlətimizin başçısının nitqində “Bizim zəngin tariximiz əfsuslar olsun ki, Ermənistan tərəfindən, erməni diasporu tərəfindən uzun illər ərzində təhrif edilmişdir və bu istiqamətdə bizə qarşı aparılan təbliğat bu gün də dayanmır. Ona görə bunun qabağına biz öz həqiqətlərimizi qoymalıyıq”, - bildirdiyini deyən akademik İsa Həbibbəyli, həmçinin Azərbaycanın dövlətçilik tarixinin araşdırılaraq cəmiyyətdə, gənclər arasında təbliğinin qarşımıza vəzifə kimi qoyulduğunu vurğulayıb. Qeyd edib ki, dövlət başçısının çağırışı yalnız bir dövrü deyil, bütün Azərbaycan tarixinə yenidən qayıtmağımıza və dərindən tədqiq etməyimizə əsas və stimul verir.
Hazırda AMEA-nın Tarix və Etnologiya İnstitutunda 15 cildlik “Azərbaycan tarixi”nin müstəqilliyin çağırışları işığında müəyyən edilmiş “Azərbaycan tarixinin dövrləşdirilməsi konsepsiyası və inkişaf mərhələləri” əsasında professor Kərim Şükürovun rəhbərliyi ilə yenidən yazıldığını deyən akademik İsa Həbibbəyli artıq çoxcildliyin 1-ci nəşrinin bitmək üzrə olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan tarixinin dövrləşdirilməsi konsepsiyası AMEA-nın Rəyasət Heyətində ötən il tarixçi alimlərlə birgə müzakirə olunaraq müəyyənləşdirilib.
Tarix və Etnologiya İnstitutunda müasir dövrün reallıqlarından irəli gələrək “Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı” şöbəsinin yaradıldığını vurğulayan AMEA rəhbəri dövlətimizin tapşırığına uyğun olaraq, ermənilərin tariximizi saxtalaşdırma siyasətinə qarşı ikicildlik nəşrin hazırlandığını, 2026-cı ildə bu nəşrin dördcildliyə qədər artırılaraq çapının nəzərdə tutulduğunu bildirib.
Prezident İlham Əliyevin Ermənistan ərazisindəki Azərbaycan mənşəli toponimlərin saxtalaşdırılması ilə bağlı tapşırığına diqqət çəkən akademik İsa Həbibbəyli Göyçə gölü adının hələ “Kitabi-Dədə Qorqud” dastanında əksini tapdığını, lakin XX əsrdə ermənilər tərəfindən saxtalaşdırıldığını bildirib. Qeyd edib ki, bu gün həm də sovet ideologiyası əsasında yazılmış tariximizi müstəqilliyin çağırışları işığında yenidən yazırıq.
Dövlət başçısının tapşırıqlarından irəli gələrək Qərbi Azərbaycanla bağlı Akademiyada ciddi tədqiqatların aparıldığını deyən akademik İsa Həbibbəyli Qərbi Azərbaycan tarixi, Qərbi Azərbaycan folkloru, Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbələrinin yaradıldığını, bir sıra sanballı tədqiqat əsərlərinin ortaya qoyulduğunu, hazırda Tarix və Etnologiya İnstitutu tərəfindən Qərbi Azərbaycan Ensiklopediyasının hazırlandığını bildirib.
Akademik İsa Həbibbəyli bu gün Azərbaycan tarixçilərinin qarşısında şərəfli bir vəzifənin dayandığını söyləyərək cəmiyyətdə, gənc nəsil, eləcə də dünyada yaşayan soydaşlarımız arasında Azərbaycanın tarixi həqiqətləri ilə bağlı media, sosial şəbəkələr, konfranslar vasitəsilə maarifləndirmə işlərinin həyata keçirilməsinin vacib olduğunu vurğulayıb.
AMEA rəhbəri bildirib ki, Azərbaycan tarixi ilə bağlı tədqiqatlar və maarifləndirmə işləri aparılarkən bu gün dövlətimiz üçün aktual məsələlərdən olan süni intellekt və rəqəmsal texnologiyalardan da istifadə etməliyik.
Akademik İsa Həbibbəyli dövlət başçısının çağırışından irəli gələrək AMEA-nın İctimai Elmlər Bölməsinin tərkibində olan institutların alimləri ilə birgə geniş müzakirələrin aparılacağını, Azərbaycan tarixi və Azərbaycanın dövlətçilik tarixinə dair müstəqilliyin açdığı yeni ideyalar əsasında multidissiplinar tədqiqatlara başlanıldığını deyib.
Akademik İsa Həbibbəyli Azərbaycan alimlərinə, elminə diqqət və qayğısına, AMEA-nın 80 illik yubileyində iştirakına və dərin məzmunlu nitqinə, həmçinin bir qrup elm xadimlərini təltif etməsinə görə Azərbaycanın elmi ictimaiyyəti, özünün və AMEA-nın kollektivi adından Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib, alimlərimizin bundan sonra da dövlət başçısının ətrafında sıx birləşərək, ölkəmizin inkişafına öz töhfələrini verəcəyini söyləyib.
“Azərbaycanın dövlətçilik tarixinin araşdırılmasının bəzi məsələlərinə dair” mövzusunda çıxış edən AMEA-nın müşaviri akademik Yaqub Mahmudov isə çıxışında AMEA-ya və alimlərimizə göstərdiyi diqqətə görə ölkə Prezidentinə minnətdarlığını bildirərək dövlətimizin başçısının dərin məzmunlu nitqinin alimlərimizin gələcək fəaliyyətinə istiqamət verdiyini və yol xəritəsini müəyyənləşdirdiyini deyib. Prezident İlham Əliyevin Azərbaycanın tarixi məsələlərinə, xüsusilə Ermənistanın tariximizi saxtalaşdırma siyasətinə qarşı daim diqqət yetirdiyini bildirən akademik Yaqub Mahmudov məhz dövlət başçısının tapşırığı əsasında İrəvan xanlığının tarixinə və ermənilərin Azərbaycan torpaqlarına köçürülməsinə dair sanballı tədqiqat əsərlərinin hazırlanaraq xarici dillərə tərcümə olunduğunu və təqdimatlarının keçirildiyini diqqətə çatdırıb.
Azərbaycanın dünyanın qədim mədəniyyət məskənlərindən biri olduğunu deyən akademik Yaqub Mahmudov qeyd edib ki, Azərbaycanın dövlətçilik tarixi olduqca qədimdir və əsrlər boyu müxtəlif imperiyalar, yadelli işğalçılar Azərbaycanı işğal etsələr də, xalqımızı əridə bilməmiş, əksinə özləri əriyib yox olmuşlar və Azərbaycan dövlətçiliyi bu gün də yaşayır, davam edir. Natiq qeyd olunan zəngin dövlətçilik tariximizin dövlət başçısının tapşırığı əsasında yenidən dərindən araşdırmaya cəlb ediləcəyini bildirib, həmçinin elmi nəticələrin maarifləndirmə işləri əsasında xalqımıza, məktəblilərə, gənclərə çatdırılmasının önəmini vurğulayıb. O, bu istiqamətdə bir neçə il öncə “Azərbaycanın dövlətçilik tarixi” kitabının hazırlandığını və Pakistanda, Ukraynada təqdimatlarının keçirildiyini xatırladıb. Akademik Yaqub Mahmudov ermənilərin Qarabağdakı alban mədəniyyətini mənimsəmə, özününküləşdirmə siyasətinə qarşı da önəmli tədqiqatların ortaya qoyulmasının əhəmiyyətinə toxunub.
AMEA-nın müşaviri XX əsrdə Azərbaycan dövlətçiliyini Ulu Öndər Heydər Əliyevin yaşatdığını, Prezident İlham Əliyevin isə beynəlxalq siyasi şərait formalaşdıraraq məhz özünün Ali Baş Komandanlığında 30 illik erməni işğalına son qoyduğunu bildirib. Akademik Yaqub Mahmudov bildirib ki, bütün bu tarixi reallıq yenidən yazılacaq Azərbaycanın dövlətçilik tarixində əksini tapmalıdır.
Sonra yığıncaqda AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov “Tariximizin öyrənilməsi: hazırkı vəziyyət, müasir çağırışlar və vəzifələr” mövzusunda çıxış edib. Professor Kərim Şükürov dövlət başçısının bundan öncə 2005, 2011 və 2015-ci illərdə Azərbaycan alimləri qarşısında çıxış edərək onların gələcək fəaliyyət istiqamətlərinə dair tapşırıqlar verdiyini, AMEA-nın 80 illik yubileyindəki nitqinin isə ictimai-siyasi, elmi həyatımızın əsas hadisəsinə çevrildiyini, tarix elmi qarşısında ciddi vəzifələr qoyduğunu söyləyib. Qeyd edib ki, dövlət başçısının tapşırığından irəli gələrək və müasir texnologiyalardan istifadə etməklə Azərbaycan tarixi, eləcə də Azərbaycanın dövlətçilik tarixi yenidən dərindən araşdırılacaq, nəticələr dünya miqyasına çıxarılacaq.
Cənab Prezidentin kartoqrafiya məsələlərinə xüsusi diqqət yetirdiyini deyən alim bu gün dünyada kartoqrafiya müharibəsinin getdiyini, hazırda Tarix və Etnologiya İnstitutunda “Azərbaycan Tarixi Atlası”nın hazırlandığını bildirib. Qeyd edib ki, atlasda 50-yə yaxın xəritəyə yer verilib və tədqiqat işi ETSN-in Geodeziya və Kartoqrafiya Agentliyi ilə birgə aparılıb, ilk dəfə xəritələrin coğrafi koordinatları əksini tapıb.
Son illərdə Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrdən birinin də Qərbi Azərbaycanla bağlı olduğunu deyən professor Kərim Şükürov akademik İsa Həbibbəylinin təklifi əsasında Tarix və Etnologiya İnstitutunda Qərbi Azərbaycan şöbəsinin yaradıldığını və tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramovun həmin şöbənin müdiri təyin edildiyini söyləyib. Vurğulayıb ki, qısa müddət ərzində şöbədə bir sıra tədqiqatlar aparılıb və həmçinin cəmiyyətdə, beynəlxalq elmi müstəvidə bu istiqamətdə Azərbaycanın həqiqətlərindən çıxış edərək təbliğat işləri həyata keçirilir.
Həmçinin xalqımızın tarixi torpaqlarından deportasiyası ilə bağlı sənədlər toplusunun çapa hazırlandığını diqqətə çatdıran professor Kərim Şükürov bununla bağlı Rusiya və Gürcüstan arxivlərindən müvafiq sənədlərin əldə edilməsi üçün yazışmaların davam etdirildiyini bildirib. Bundan əlavə, ikicildlik “Zəngərur tarixi” kitabının hazırlandığını və tezliklə birinci cildinin çap ediləcəyini diqqətə çatdırıb.
Eyni zamanda yeni müəyyən edilmiş “Azərbaycan tarixinin dövrləşdirilməsi konsepsiyası və inkişaf mərhələləri” əsasında 15 cildlik “Azərbaycan tarixi”nin çapa hazırlandığını söyləyib.
Professor, həmçinin Azərbaycanın dövlətçilik tarixi, Atropatena və Qafqaz Albaniyası istiqamətində, eləcə də Şərqşünaslıq İnstitutu ilə birgə Cənubi Azərbaycana dair aparılan tədqiqatlar haqqında məlumat verib.
“Dünyada Azərbaycan tarixi qədər mürəkkəb inkişaf yolu keçmiş ikinci bir ölkə yoxdur. Azərbaycan ərazisində mövcud olmuş 20 xanlığı tədqiq etmək üçün 40-a yaxın dövlət tarixini öyrənmək lazımdır. Qədim dövrümüz də fundamental tədqiqata cəlb edilməlidir və bunun üçün mixi yazılarını bilən gənc kadrlara ehtiyac vardır. Tarix və Etnologiya İnstitutunun 2026-2030-cu illərdə fəaliyyətinə dair yeni planda prioritet istiqamətlər başlıca vəzifə olaraq müəyyənləşdirilib. Tarix və Etnologiya İnstitutu Azərbaycan tarixinin tədqiqi istiqamətində əlindən gələni edir. Cənab Prezidentin qarşımıza qoyduğu vəzifələrin, çağırışların icrası istiqamətində var gücümüzlə çalışacağıq”, - deyə professor Kərim Şükürov bildirib.
Sonra AMEA-nın vitse-prezidenti v.i.e., İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri akademik Gövhər Baxşəliyeva çıxış edərək cənab Prezidentin AMEA-nın 80 illik yubileyində iştirakının və geniş nitqinin alimlərimizə verilən böyük dəyərin ifadəsi olduğunu söyləyib. Akademik Gövhər Baxşəliyeva çıxışında Şərq xalqlarının alimlərinin Azərbaycanla bağlı apardıqları tədqiqatlar, həmin nəşrlərdəki xəritələr barədə məlumat verib.
Yığıncaqda, həmçinin AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev “Prezident İlham Əliyevin çıxışı: Arxeoloji və antropoloji tədqiqatlarda yeni yol xəritəsi”, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru, professor Eynulla Mədətli “Tariximizin öyrədilməsi və təbliği sahəsində vəzifələr və tarixçi məsuliyyəti” və AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Namiq Məmmədov “Tarix elmi və süni intellekt: yeni metodologiya və perspektivlər” mövzularında məruzə ediblər. Məruzələrdə Qarabağ və Şərqi Zəngəzurda aparılan arxeoloji tədqiqatlar, tariximizin təbliği istiqamətində görülən işlər və tarixi tədqiqatlarda süni intellekt imkanlarından istifadəyə dair məlumatlar təqdim olunub.
09:22 09.11.2025
Oxunuş sayı: 1270