Mərkəzi Elmi Kitabxanada Qələbənin 5-ci ildönümünə həsr olunmuş lektoriya keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Vətən müharibəsində tarixi Qələbənin beşinci ildönümü münasibətilə “Möhtəşəm Zəfər: Azərbaycan dövlətçiliyinin yeni yüksəliş mərhələsi” adlı lektoriya keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş nitqi ilə MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov açaraq 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə münasibətilə iştirakçıları təbrik edib. Direktor vurğulayıb ki, bu Qələbə təkcə hərbi zəfər deyil, həm də milli birliyin, xalq-dövlət həmrəyliyinin və Prezident İlham Əliyevin uzaqgörən siyasətinin təntənəsidir. Hüseyn Hüseynov çıxışında qeyd edib ki, Mərkəzi Elmi Kitabxana bu Qələbəni qorumaq, onu gələcək nəsillərə dolğun və obyektiv şəkildə çatdırmaq kimi məsuliyyət daşıyır. Kitabxana yalnız elmi biliklərin deyil, həm də milli yaddaşın qorunduğu məkan olduğunu bildirən direktor MEK-in bu istiqamətdə öz missiyasını davam etdirəcəyini vurğulayıb. Direktor, həmçinin bu il MEK tərəfindən dövlətçilik və Zəfər mövzusuna həsr edilmiş biblioqrafik göstəricilərin işıq üzü gördüyünü diqqətə çatdırıb və həmin nəşrləri tədbir iştirakçılarına təqdim edib. Daha sonra AMEA Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov mövzu ilə bağlı geniş məruzə ilə çıxış edib. O, 1993-cü ildə ölkədəki mürəkkəb siyasi vəziyyəti xatırladaraq, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının Azərbaycan dövlətçiliyinin xilasında və sonrakı Qələbənin təməlində dayandığını vurğulayıb. Məruzəçi bildirib ki, Heydər Əliyev müstəqil Azərbaycanın siyasi, iqtisadi və beynəlxalq mövqelərini gücləndirməklə, gələcək Zəfərin ideya əsaslarını formalaşdırıb. Sənan Həsənov əlavə edib ki, Ulu Öndər öz siyasi varisini yetişdirməklə Zəfərin strategiyasını möhkəmləndirib və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hər il, hər addımda bu Qələbəyə doğru inamla irəliləyib. O, Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsində Azərbaycanın bu gün regionda söz sahibi olan qüdrətli dövlətə çevrildiyini vurğulayıb. “Biz hər bir vətəndaş olaraq bu siyasəti dəstəkləməli, cənab Prezidentin ətrafında sıx birləşməliyik,” – deyə o bildirib. Çıxışının sonunda Sənan Həsənov Mərkəzi Elmi Kitabxananın gənclər üçün yaratdığı imkanlardan bəhs edərək, onları mütaliəyə və elmi fəaliyyətə daha fəal qoşulmağa çağırıb. Tədbirdə Qarabağ Müharibəsi Qəhrəmanları Fondunun rəhbəri Röksanə Səfərzadə də çıxış edərək şəhid qardaşı Babək Səmidlinin döyüş yolundan danışıb, Qələbənin qazanılmasında payı olan bütün şəhidlərin ruhunun artıq şad olduğunu qeyd edib. MEK-in Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin müdiri Günel Bağırova-Hüseynova da çıxış edərək bu gün Azərbaycanın qalib dövlət kimi dünyada sülh və ədalətin tərəfdarı olan güc mərkəzi kimi tanındığını bildirib. O, “Möhtəşəm Zəfər: Azərbaycan dövlətçiliyinin yeni yüksəliş mərhələsi” mövzusunun tarixi, siyasi və mənəvi əhəmiyyətini vurğulayaraq Mərkəzi Elmi Kitabxanada təşkil olunan lektoriyanın və kitab sərgisinin həmin dövrün elmi-intellektual salnaməsini əks etdirdiyini qeyd edib. Tədbirdə iştirak edən MEK könüllüsü də çıxış edərək lektoriya ilə bağlı təəssüratlarını bölüşüb. Lektoriya zamanı Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib, Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbəni və onun Azərbaycan dövlətçiliyinin inkişafında açdığı yeni mərhələni əks etdirən kitab sərgisinə baxış keçirilib.
18:33 06.11.2025
Oxunuş sayı: 1306