Alimlər arasında süni intellekt və texnoloji araşdırmalar istiqamətində milli və beynəlxalq təşəbbüslər olmalıdır - Akademik
                                            Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasında çıxışı ölkəmizdə elmin və təhsilin inkişafına dövlət səviyyəsində verilən strateji əhəmiyyətin bariz göstəricisidir. Dövlət başçısı bu çıxışında Ulu Öndər Heydər Əliyevin elm siyasətinin davamı olaraq son illərdə bu sahədə görülən mühüm işlərə, əldə edilən nəticələrə və qarşıda duran vəzifələrə toxunaraq, Azərbaycanın elmi potensialının dövlətin gələcək inkişafında oynadığı rolu xüsusi vurğulayıb. Prezident qeyd edib ki, son illər ərzində elmin maliyyələşdirilməsi əhəmiyyətli dərəcədə artmış, akademiyanın maddi-texniki bazası möhkəmləndirilmiş, yeni elmi müəssisələr və infrastruktur layihələri reallaşdırılmışdır. Elm Fondu, Milli Strategiya və “Elm haqqında” Qanun kimi təşəbbüslər isə elmi fəaliyyətin institusional əsaslarını formalaşdırmış, alimlərin maddi və mənəvi dəstəklənməsi istiqamətində yeni mərhələnin başlanğıcını qoymuşdur.
Prezidentin bu çıxışı həm də onu göstərir ki, Azərbaycan elmi təkcə daxili inkişafın deyil, həm də milli kimliyin və müasir dövlətçiliyin mühüm dayaqlarından biridir. Son onillikdə dünyada baş verən dəyişikliklərə, müharibələrə və geosiyasi təlatümlərə baxmayaraq, Azərbaycan elm və təhsil sahəsində sabit və məqsədyönlü siyasət aparmaqla paralel şəkildə böyük tarixi nailiyyətlərə imza atmışdır. Elm və təhsil sahəsində yaradılan imkanlar, modern infrastruktur və artan dövlət dəstəyi alimlərin qarşısında yeni vəzifələr qoyur – bu da ölkənin intellektual və texnoloji gələcəyinin formalaşdırılması, milli innovasiya mühitinin gücləndirilməsi deməkdir. Beləliklə, Prezident İlham Əliyevin AMEA-da çıxışı, əslində, Azərbaycan elm siyasətinin gələcək istiqamətlərinə dair konseptual yol xəritəsi kimi çıxış edir.
AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova Prezident İlham Əliyevin çıxışı ilə bağlı Crossmedia.az-a açıqlama verib: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda etdiyi çıxışında elmə verilən yüksək dəyər, ölkəmizin intellektual kapitala yönələn strategiyası və yeni dünya reallıqlarına uyğun texnoloji inkişaf prioritetləri sadalanmış və geniş şəkildə şərh edilmişdir. Bu çıxış elmin və alimlərin qarşısında duran konkret vəzifələrin mühüm manifesti hesab edilə bilər. Düşünürəm ki, bizim mövqeyimiz bu kontekstdə cəmiyyətdə elmin rolunun daha da gücləndirilməsi, alimlərin fəaliyyətinin milli iqtisadiyyat, sənaye və kənd təsərrüfatı sahələri ilə sıx inteqrasiyasının təmin edilməsi istiqamətində olmalıdır.
Prezident çıxışında vurğulamışdır ki, “hər bir ölkənin inkişafını təbii resurslar yox, məhz cəmiyyətin intellektual potensialı, texnoloji inkişaf, elmin inkişafı müəyyən edir”. Bu fikirlərdən çıxış edərək bəzi məqamlara diqqət yetirmək lazımdır. Azərbaycanda elmi-tədqiqat institutları iqtisadiyyat və texnologiya ilə inteqrasiya olunmuş strateji vahidlər kimi fəaliyyət göstərməlidirlər. Aydındır ki, təbii sərvətlər zamanla tükənə bilən mənbələrdir, amma intellektual potensial ona sərmayə qoyulduqca artan, genişlənən və dayanıqlı şəkildə fayda verən sərvətdir. Bu baxımdan, alimlər üçün yeni məsuliyyət formalaşır: tədqiqatlar yalnız elmi nəşrlər üçün deyil, gündəlik iqtisadi, sosial ehtiyaclara yönəldilməli, sənaye, kənd təsərrüfatı və digər istehsal proseslərini dəstəkləyən, tətbiq yönümlü olmalıdır.
Sonra cənab Prezident çıxışında elmin iqtisadiyyatla, sənaye ilə sıx bağlı olduğunu qeyd etmiş, ölkənin elm ictimaiyyətinin, alimlərin bu istiqamətdə öz səylərini göstərməli olduqlarını bildirmişdir. Bu çağırış, xüsusilə rəqəmsal texnologiyalar, süni intellekt və qeyri-neft sektorunda elmin daha fəal rol alması yönündədir. Rəhbərlik etdiyim elmi bölmənin istiqamətləri kontekstindən yanaşsaq, aşağıdakıları bildirməyi vacib sayıram. Biologiya və aqrar sahələrdə aparılan tədqiqatlar daha çox tətbiqi nəticələrə yönəlməlidir: məsələn, biotexnologiyalar, genom və postgenom tədqiqatlarının, molekulyar biologiyanın biomüxtəlifliyin xilasına və bitkilərin genetik yaxşılaşdırılmasına inteqrasiyası vacibdir. Alimlərin elmi araşdırmaları ətraf mühitin sağlamlaşdırılması, biomüxtəlifliyin mühafizəsi, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, bərpaolunan enerji sahələri kimi problemlər üzrə konkret nəticələr verməli, dövlət proqramları ilə əlaqələndirilməlidir”.
Akademik həmçinin qeyd edib ki, bu gün artıq süni intellekt, ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir: "Elmin gələcək perspektivləri baxımından bu istiqamət bir dönüş nöqtəsidir. Biologiya və aqrar elmlər üzrə alimlər üçün süni intellekt vasitələrindən istifadə – bioinformatika, omiks texnologiyaları, massiv verilənlərin analizi sürətlə aktuallaşmışdır. Beləliklə, müasir dövrdə yalnız “klassik” tədqiqatlarla kifayətlənmək olmaz, yeni texnoloji platformalarla işləmək zəruridir. Rəqəmsallaşma yalnız texniki infrastruktur deyil, həm də elmi fəaliyyətin əsas tərkib hissəsi olmalıdır: elmi məlumat bazaları, açıq verilənlər, əməkdaşlıq platformaları, beynəlxalq alim şəbəkələri bu istiqamətə yönləndirilməlidir. Prezidentin vurğuladığı kimi, “rəqəmsallaşmanı ölkəmizdə geniş miqyasda tətbiq edirik”. Alimlər arasında süni intellekt və texnoloji araşdırmalar istiqamətində həm milli, həm də beynəlxalq təşəbbüslər olmalı, dövlət isə bu sahədə lazımi şərait – maliyyə, infrastruktur, tədqiqat proqramları təqdim etməlidir.
Elmin inkişafı üzrə Milli Strategiya ilə bağlı cənab Prezidentin söylədikləri ətrafında aşağıdakı aspektlərı önə çıxarmaq istərdim. Elm-təhsil-sənaye pillələri arasında daha sıx inteqrasiya, AR Elm və Təhsil Nazirliyi, AMEA, universitetlər, tədqiqat institutları, dövlət strukturları arasında kooperasiyanın yeni, daha effektiv modelləri tapılmalıdır. Gənc tədqiqatçılara yönəlmiş strategiyalar gücləndirilməlidir: dövlət tərəfindən yaradılmış qrant mexanizmləri (məsələn, Elmin İnkişafı Fondu) və institusional dəstək daha effektiv olmalıdır. Elmin nüfuzu və sosial statusu yüksəldilməlidir: çıxışlarda da qeyd olunduğu kimi, müstəqillik illərində alimlərin mövqeyi zəifləyib, lakin elmə diqqət artır. Elmin idarə strukturları üçün bu, elmi ictimaiyyətin fəallığını artırmaq, gənc alimlərin cəlb edilməsini təmin etmək, vahid elmi məkana çevrilmək baxımından önəmlidir.
Prezident İlham Əliyevin çıxışında ifadə etdiyi, elmə verilən dövlət dəstəyi, süni intellektin və rəqəmsallaşmanın inkişaf prioriteti, elmin iqtisadiyyat və sənaye ilə bağlantısı ilə bağlı müddəalar Azərbaycan elmi ictimaiyyəti üçün aydın strateji yol xəritəsidir.
Elm ölkənin gələcək rəqabət qabiliyyətini, dayanıqlı inkişafını və intellektual suverenliyini təmin edən açardır. Elmi ictimaiyyət bu açarı reallaşdırmağa hazır olmalıdır. Bu nöqteyi-nəzərdən, qarşıdakı illər elm, texnologiyalar və innovasiyaların Azərbaycan üçün yeni uğurlar dövrü olmalıdır”.
Akademik sonda fürsətdən istifadə edərək Prezident İlham Əliyevi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanı, elmi ictimaiyyətimi və bütün xalqı Böyük Zəfərin 5 illiyi münasibəti ilə ürəkdən təbrik edib.
Ayhan
13:38 04.11.2025
Oxunuş sayı: 2395