ABŞ Qəzza üçün beynəlxalq təhlükəsizlik qüvvələri yaradılmasını təklif edib
ABŞ BMT Təhlükəsizlik Şurasına Qəzza sektorunda fəaliyyət göstərəcək “Beynəlxalq Təhlükəsizlik Qüvvələri”nin yaradılmasına dair qətnamə layihəsi təqdim edib. Sənəd ölkələrə geniş mandat verərək qüvvələrin 2027-ci ilin sonuna qədər və lazım olsa, uzadılmaqla burada təhlükəsizliyi təmin etməsini nəzərdə tutur.
Crossmedia.az “Axios”a istinadən xəbər verir.
Layihəyə görə, yaradılacaq beynəlxalq kontingentin əsas vəzifələri bunlardır: İsrail və Misirlə sərhədlərin qorunması, mülki əhalinin və humanitar dəhlizlərin təhlükəsizliyinin təmin edilməsi, yeni Fələstin polisinin hazırlanması və təlimi, HƏMAS-ın silahsızlandırılması, habelə HƏMAS-ın hərbi infrastrukturlarının məhv edilməsi və silahların ələ keçirilməsidir.
Sənəddə həmçinin beynəlxalq qüvvələrin humanitar yardımın çatdırılmasına nəzarət və yardımçı rol oynaması vurğulanır. Layihə ABŞ və digər iştirakçı ölkələrə Qəzza daxilində və sərhədlərdə geniş nüfuz və idarəetmə səlahiyyətləri verir.
Qətnamə layihəsinin BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılması və üzv ölkələrin mövqelərinin formalaşması gözlənilir. Hazırda layihə ilə bağlı rəsmi qərar verilən deyil və müzakirələr davam edir.
Axios-un məlumatına görə, sənəd haqqında müzakirələrdə iştirak edəcək ölkələrin və BMT strukturlarının mövqeləri həlledici rol oynayacaq.
Günel Verdiyeva
11:10 04.11.2025
Oxunuş sayı: 5676