AİB Bakı Metropoliteninin karbonsuzlaşdırılması ilə bağlı layihəyə texniki yardımın ayrılmasını təsdiqləyib
Asiya İnkişaf Bankı (AİB) Bakı Metropolitenində enerji səmərəliliyinin artırılması və təmiz texnologiyaların tətbiqi üzrə layihənin həyata keçirilməsi üçün 700 min dollar həcmində texniki yardımın ayrılmasını təsdiqləyib.
Crossmedia.az bu barədə AİB-ə istinadla xəbər verir.
“Decarbonizing Baku Metro for a Smart and Sustainable Urban Transit Future” adlı layihə paxtaxt metropolitenində karbon izinin azaldılmasına, enerjidən istifadənin optimallaşdırılmasına və istismar xərclərinin azaldılmasına hədəflənib.
Texniki yardım çərçivəsində infrastrukturun müasirləşdirilməsi imkanlarının qiymətləndirilməsi həyata keçiriləcək. Bu, günəş panelləri və enerji yığımı sistemləri (BESS) kimi bərpa olunan enerji mənbələrinin inteqrasiyasını da əhatə edəcək. Həmçinin enerji istehlakının intellektual idarəetmə sistemlərinin, proqnozlaşdırılmış xidmətin və böyük məlumat bazasına əsaslanan həllərin tətbiqi planlaşdırılır.
Qeyd edək ki, Bakı Metropoliteni paytaxtın ictimai nəqliyyatının əsas hissəsini təşkil edir və gündə təxminən 630 min sərnişin daşıyır. Hökumətin 2035-ci ilə qədər ümumi uzunluğu 120 km olacaq beş xəttdən ibarət metro şəbəkəsini genişləndirmək planları fonunda dayanıqlı enerji həllərinə tələbat artır.
Metropolitenin karbonsuzlaşdırılması təkcə emissiyaların ixtisarına və Azərbaycanın istixana qazlarının azaldılması üzrə milli öhdəliklərinin yerinə yetirilməsinə dəstək verməyəcək, həm də idarəetmənin səmərəliliyini artıracaq və istismar xərclərini azaldacaq.
Asiya İnkişaf Bankı (AİB) qeyd edir ki, bu layihə bankın Bakı Metropoliteni ilə daha geniş əməkdaşlığının mühüm hissəsinə çevriləcək və infrastrukturun ekoloji dayanıqlılıq üzrə beynəlxalq standartlara uyğunlaşdırılmasına töhfə verəcək.
10:10 27.10.2025
Oxunuş sayı: 1012