Macarıstan Azərbaycanın Avropa məkanındakı ən etibarlı tərəfdaşlarındandır- Deputat
Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbana ölkəsinin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb. Dövlət başçısı məktubunda bildirib ki, Azərbaycanla Macarıstan arasında əməkdaşlıq gündən-günə dərinləşir və xüsusilə enerji sahəsində tərəfdaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Azərbaycan və Macarıstan arasında münasibətlərin bu səviyyədə inkişaf etməsi iki ölkə arasında etimad və dostluğun göstəricisidir. Xüsusilə enerji sahəsində əməkdaşlığın genişlənməsi hər iki ölkənin strateji maraqlarına xidmət edir. Bu əməkdaşlıq gələcəkdə siyasi və iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə təkan verəcək.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Pərvanə Vəliyeva Crossmedia.az-a açıqlama verib:
"Azərbaycan və Macarıstan arasında imzalanan çoxsaylı sənədlər iki ölkə arasında əməkdaşlığın dərin və çoxşaxəli xarakter daşıdığını göstərir. O qeyd edib ki, bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək qarşılıqlı etimada əsaslanır. Azərbaycan ilə Macarıstan arasında ikitərəfli münasibətlərin müqavilə-hüquq bazası olduqca zəngin və çoxşaxəlidir. İndiyədək iki ölkə arasında 50-dən artıq rəsmi sənəd imzalanmışdır ki, bu da əlaqələrin müxtəlif sahələrdə, siyasi, iqtisadi, humanitar və mədəni müstəvilərdə möhkəmlənməsinə təkan verir.
Əməkdaşlıq haqqında ilk protokol 1997-ci ildə Azərbaycan və Macarıstanın Xarici İşlər Nazirlikləri arasında imzalanıb. Bu sənəd diplomatik əlaqələrin əsasını qoyan ilkin hüquqi aktlardan biridir. 1999-cu ildə diplomatik və xidməti pasport sahibləri üçün vizasız rejimin tətbiqi barədə saziş, vətəndaşların qarşılıqlı səfərlərini asanlaşdırmaq baxımından əhəmiyyətli addım olmuşdur. 2007-2008-ci illərdə iqtisadi və investisiya əlaqələrinin inkişafı məqsədilə bir sıra önəmli sənədlər — sərmayələrin qarşılıqlı qorunması, ikiqat vergitutmanın aradan qaldırılması və iqtisadi əməkdaşlıq haqqında sazişlər imzalanıb.
2014-cü ildə Budapeştdə imzalanan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə, əlaqələrin yeni mərhələyə keçdiyini nümayiş etdirmişdir. Bu sənəd hər iki ölkənin qarşılıqlı maraqlara əsaslanan uzunmüddətli əməkdaşlığa sadiqliyini ifadə edir. 2023-cü ilin yanvarında isə münasibətlər daha da dərinləşdirilərək Genişləndirilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə qəbul olunub. Bu, Azərbaycanın Avropa İttifaqı məkanında ən etibarlı tərəfdaşlarından biri olan Macarıstanla münasibətlərinin strateji xarakter aldığını təsdiqləyir. İki ölkə arasında imzalanan sənədlər eyni zamanda beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq regional və qlobal əməkdaşlığa da töhfə verir.
Azərbaycan və Macarıstan arasında enerji sahəsində əməkdaşlıq yeni mərhələyə qədəm qoyub".
Deputat həmçinin bildirib ki, Macarıstan şirkətləri Azərbaycanın əsas neft-qaz layihələrində – “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında pay sahibidir: "2025-ci ilin əvvəlində quruda yerləşən yeni neft yataqlarında Macarıstan şirkətinin fəaliyyətə başlaması nəzərdə tutulur. Azərbaycan artıq Macarıstana qaz ixracına başlayıb və bu ölkənin enerji tələbatını qarşılamaq imkanına malikdir. Azərbaycan hazırda 14 ölkəyə qaz ixrac edir.
Macarıstanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının ikinci qeyri-rəsmi Zirvə görüşü Budapeştdə keçirilib. Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsinin təşəbbüskarı Azərbaycan olmuşdur və bu ənənəni Macarıstan davam etdirib. Bu, bir daha onu göstərir ki, Macarıstan öz tarixi köklərinə çox bağlıdır. Qeyri-rəsmi Zirvə görüşü çərçivəsində Budapeşt Bəyannaməsi qəbul edilib və TDT liderləri əməkdaşlıq əlaqələrini bununla daha da gücləndiriblər".
Ülvi Zahidov
22:33 23.10.2025
Oxunuş sayı: 1564