Sabiq XİN başçısından Ermənistanla bağlı anons: Bəzi məsələlərin həlli gündəmdədir
Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib ki, Vaşinqton bəyannaməsi və əldə edilmiş razılaşmalar konkret nəticələr verir.
Onun sözlərinə görə, Azərbaycanın öz ərazisindən Ermənistana yüklərin tranziti ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırması qərarı Ermənistanın blokadadan çıxması deməkdir.
"İqtisadiyyatımızın strukturunda tezliklə köklü dəyişikliklər baş verəcək. Artıq iki gündür ki, Azərbaycanın Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətləri aradan qaldırması haqqında bəyanatı müzakirə olunur. Bu, çox vacib qərardır və onu göstərir ki, Vaşinqton Bəyannaməsi və əldə olunmuş razılaşmalar sadəcə bəyannamələr deyil. Bu, konkret nəticələr gətirən bəyannamələrdir", - o qeyd edib.
Avqustun səkkizində ABŞ-də əldə olunan razılaşmaların regional təsirləri barədə Crossmedia.az-a danışan keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov qeyd edib ki, artıq sülh şəraiti bərqərar olunub: “Bu baxımdan bəzi məsələlərin həlli də gündəmdədir. Bu problemlər Ermənistanın bəzi qanunlarında dəyişikliklərin edilməməsi ilə əlaqədardır. Digər tərəfdən, qarşılıqlı inam yaradan addımlar da atılıb. Bu da yeni şəraitin formalaşmasına səbəb olub. Bunların hamısı kommunikasiya sahəsində qarşılıqlı etibarı gücləndirən amillərdir. Bunlar sülhü əks etdirən istiqamətlərdir. Bəli, hələ də problemlər qalır, amma gələcəklə bağlı ümidlər də var”.

Fatimə Eynullazadə
22:24 23.10.2025
Oxunuş sayı: 3696