Ola bilsin, minalı ərazilərin xəritəsi heç Ermənistanda da yoxdur- Aqil Abbas
Ermənistanın Azərbaycana mina xəritələrini təqdim etməsini davamlı şəkildə uzatması işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsini ciddi şəkildə çətinləşdirir. Bu, təkcə texniki bir məsələ deyil, həm də humanitar, sosial və iqtisadi baxımdan böyük problem yaradır. Azad olunmuş torpaqlarda həyatın bərpası, infrastrukturun qurulması, insanların doğma yurdlarına təhlükəsiz qayıdışı mina təhlükəsi səbəbindən ləngiyir. Məsələnin daha da narahatedici tərəfi isə ondan ibarətdir ki, zaman keçdikcə həmin minaların mövqeləri dəyişir. Yağıntılar, torpaq sürüşməsi, eroziya kimi təbii proseslər nəticəsində xəritələrdəki məlumatlar etibarlılığını itirir. Beləliklə, hər il keçdikcə xəritələrin dəyəri azalır və minaların tapılıb zərərsizləşdirilməsi daha da çətinləşir. Azərbaycan bu məsələnin həlli üçün hansı beynəlxalq mexanizmlərdən istifadə edə bilər?
Bu barədə Milli Məclisin deputatı Aqil Abbas Crossmedia.az-a danışıb. O bildirib ki, Ermənistan minaların xəritəsini mütləq şəkildə Azərbaycana təqdim etməlidir: ‘’Amma açığı, mən özüm də bilmirəm, ümumiyyətlə, Ermənistanda o xəritələr var, ya yoxdur. Çünki onlar işğal dövründə minaları sistemli şəkildə deyil, hara gəldi, nizamsız şəkildə səpiblər. Qarabağı tərk edəndə də heç bir xəritə tərtib etmədən, düşünülməmiş formada, küçələrə, meşələrə, yaşayış ərazilərinə – demək olar ki, hər yerə minalar basdırıblar. Bu səbəbdən də, indi həmin xəritələrin onların əlində olub-olmadığını demək çətindir. Ola bilər ki, müəyyən xəritələr mövcuddur və onlar həmin xəritələri Azərbaycana təqdim etdiklərini bildiriblər, amma görünən odur ki, bu xəritələr ya natamam, ya da saxtalaşdırılmış formadadır’’.
Deputat vurğulayıb ki, Azərbaycan bu məsələnin həlli üçün müxtəlif addımlar atır, beynəlxalq səviyyədə də məsələnin qaldırılması istiqamətində işlər görür: ‘’Lakin, konkret olaraq hansı tədbirlər planının həyata keçirildiyini mən də dəqiq bilmirəm. Ermənistanda, doğrudan da, həmin real mina xəritələri qalıbsa, onların gizlədilməsi, yaxud saxtalaşdırılması beynəlxalq hüquqa ziddir. Bu vəziyyətdə beynəlxalq təşkilatlar və vasitəçilər də məsuliyyət daşıyır və onların bu prosesə müdaxilə edib real xəritələrin təhvil verilməsini təmin etməsi vacibdir’’.
Sevinc Yarməmmədova
22:18 23.10.2025
Oxunuş sayı: 3931