Psixoloq: Tükənmişlik sindromu sadəcə yorğunluq deyil

Müasir
dövrün psixoloji problemlərindən biri
“tükənmişlik sindromu” xüsusilə gənclər arasında sürətlə yayılmağa
başlayıb.
Bu
sindrom artıq yalnız iş həyatında olan insanlara deyil, tələbələrə, gənc mütəxəssislərə
və sosial mediada aktiv olan gənclərə də təsir göstərir. Gənclər özlərini
daim nəyəsə çatmalı, uğurlu görünməli və başqaları ilə müqayisədə geridə
qalmamalı kimi hiss edirlər. Ancaq bu görünməz yarış uzunmüddətli psixoloji gərginlik
yaradır və nəticədə insan daxildən “yanır”.
Mütəxəssislər
bildirirlər ki, tükənmişlik sadəcə yorğunluq və istirahət ehtiyacı deyil emosional, zehni və
fiziki enerjinin tam tükənməsi vəziyyətidir. Bu zaman insan öz gündəlik
fəaliyyətindən zövq ala bilmir, motivasiyasını və məqsəd hissini itirir.
Uzman
psixoloq-psixoterapevt Səbinə Bayramova Crossmedia.az-a müsahibəsində
bu halın həm dünyada, həm də Azərbaycanda ciddi sosial-psixoloji problemə
çevrildiyini bildirib.
Psixoloqun
sözlərinə görə, tükənmişlik
sindromu
ilk dəfə 1974-cü ildə amerikalı psixoloq Herbert Freudenberger tərəfindən tədqiq
olunub. O, bu termini sosial yardım sahəsində çalışan insanların emosional və
fiziki tükənməsini ifadə etmək üçün işlədib. Daha sonra Christina Maslach bu
anlayışı elmi səviyyədə inkişaf etdirərək “Maslach Tükənmişlik Ölçüsü” adlı qiymətləndirmə alətini
hazırlayıb.
S. Bayramova vurğulayıb ki, tükənmişlik sindromu sadəcə yorğunluq deyil, emosional, zehni və
fiziki enerjinin dərin tükənməsi ilə müşayiət olunan bir vəziyyətdir:
“Gənclər bu halı adətən
motivasiyanın azalması, özünə inamsızlıq, sosial təcrid və gələcəyə ümidsizlik
kimi yaşayırlar. Xüsusilə sosial medianın yaratdığı müqayisə mədəniyyəti və ailə
təzyiqləri gənclərin psixoloji yükünü artırır.”
Psixoloq
qeyd edir ki, bu vəziyyətin yaranmasına bir neçə amil təsir edir: yüksək
performans gözləntiləri, sosial mediada “uğurlu obrazlara” baxaraq özünü dəyərləndirmə, iqtisadi qeyri-sabitlik
və gələcək qorxusu, emosional dəstək sistemlərinin zəifliyi.
Əgər
tükənmişlik vaxtında tanınmazsa, bu, həm psixoloji, həm fiziki, həm də sosial rifaha ciddi zərbə vurur.
Uzunmüddətli nəticələr depressiya, təşviş, xroniki yorğunluq və sosial təcrid
kimi problemlərlə özünü göstərə bilər.
Müsahibədə
psixoloq beynəlxalq təcrübələrə də toxunub. Onun sözlərinə görə, Qərb ölkələrində (ABŞ, Almaniya, İsveçrə)
gənclər tükənmişliyi daha çox akademik və peşəkar təzyiqlərlə əlaqələndirirlər.
American
Psychological Association-ın 2023-cü ildə apardığı araşdırmaya əsasən, ABŞ-da
universitet tələbələrinin 70%-dən çoxu akademik stress səbəbilə emosional tükənmə
yaşayır.
Əvəzində
Şərq
ölkələrində
(Yaponiya, Cənubi Koreya, Çin) bu hal daha çox kollektiv mədəniyyətin və ailə
gözləntilərinin təzyiqi ilə bağlıdır. “Karoshi” (işdən ölmə) və “hikkikomori”
(sosial təcrid) kimi fenomenlər tükənmişliyin ekstremal formaları sayılır.
S.Bayramovanın
sözlərinə görə, Azərbaycanda da gənclər arasında tükənmişlik halları artır.
Buna əsas
səbəblər kimi ailə
və cəmiyyətin yüksək gözləntiləri, təhsil sistemində rəqabət, işsizlik, sosial medianın təzyiqi və gələcəyə dair qeyri-müəyyənlik göstərilir.
“Abituriyentlər və yeni məzunlar
arasında motivasiya itkisi və özünə inamın azalması artıq çox yayılıb. Gənclər "uğurlu olmaq" təzyiqi altında öz emosional sərhədlərini tanımırlar,” – deyə
psixoloq bildirib.
Bəs bu problemin
çıxış yolu var mı?
Uzman
psixoloq hesab edir ki, çıxış yolu var — lakin bunun üçün həm fərdi, həm ailə,
həm də cəmiyyət səviyyəsində dəyişiklik olmalıdır:
“Ən vacibi – gənclər öz
emosional ehtiyaclarını tanımalı, iş-həyat balansını qorumalı, lazım gəldikdə
psixoloji yardım almağa çəkinməməlidirlər.Tükənmişliklə mübarizə gənclərin bu
günü üçün deyil, sabahı üçün də bir investisiyadır. Sağlam psixoloji mühit
sağlam cəmiyyətin təməlidir".
Fatimə Hacıəliyeva
16:30 23.10.2025
Oxunuş sayı: 1875