Komitə sədri: Birinci Türkoloji Qurultayın 100 illik yubileyi ilə bağlı sərəncamdan danışdı: Bu addım nəticəsində...

Birinci Türkoloji Qurultayın
100 illik yubileyi keçiriləcək. Prezident İlham Əliyev bu barədə Sərəncam
imzalayıb.
Sərəncam Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq,
Azərbaycanın və bütövlükdə türk dünyasının XX əsr elmi-mədəni həyatının parlaq
səhifəsini təşkil etdiyini nəzərə alınaraq imzalanıb.
Sərəncamda qeyd olunub ki,
2026-cı ilin fevral ayında Bakı şəhərində Birinci Türkoloji Qurultayın təşkilinin
100 ili tamam olur:
Birinci Türkoloji Qurultay ortaq zəngin keçmişə və
qədim irsə malik türk xalqlarının mədəni inteqrasiyasında mərhələ yaratmış
müstəsna əhəmiyyətli hadisələrdəndir. Beynəlxalq miqyaslı bu unikal elmi
forumda türkologiyanın ən aktual məsələləri geniş və sistemli müzakirə
obyektinə çevrilmiş, türk dünyasının dili, tarixi, etnoqrafiyası, ədəbiyyatı və
mədəniyyətinin gələcəyi ilə bağlı vacib qərarlar qəbul edilmiş, latın qrafikası
əsasında vahid ümumtürk əlifbasına keçilməsi xüsusi diqqət mərkəzində
saxlanılmışdır.
Sözügedən sərəncamın əhəmiyyəti Crossmedia.az-a danışan Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar komitəsinin sədri Fazil Mustafa bildirib ki, Türkoloji Qurultayın 100 illiyinin qeyd olunması bir vəfa borcudur və bu qərarın Bakıda həyata keçirilməsi hadisənin tarixi və mənəvi dəyərini daha da artırır: “Türkoloji Qurultay ciddi qərarların müzakirə və qəbul olunduğu bir proses olub. Orada Azərbaycanın görkəmli ziyalıları ilə yanaşı, Türk dünyasının önəmli şəxsiyyətləri o cümlədən Türkiyədən gəlmiş dahi mütəfəkkir Əli bəy Hüseynzadə və digər dəyərli şəxslər iştirak ediblər. Bu baxımdan tədbirin tarixi əhəmiyyəti böyükdür.”
F.Mustafa vurğulayıb ki, bu təşəbbüs tarixi yaddaşı dirçəltmək, həmçinin türk dünyası arasında elmi-mədəni birliyi gücləndirmək məqsədi daşıyır: “Bu addımın həm mənəvi, həm də elmi nəticələri olacaq. Artıq bu istiqamətdə ciddi hazırlıqlar görülür və atılan addımlar Azərbaycanın elmi ictimaiyyəti tərəfindən dəstəklənir.”
Fatimə Hacıəliyeva
13:34 23.10.2025
Oxunuş sayı: 1490