Azərbaycan Ordusu davamlı olaraq öz gücünü artırır - Ekspert

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri və Birləşmiş Ərəb Əmirliklərinin Prezident Qvardiyasının Xüsusi Əməliyyat Komandanlığı bölmələrinin iştirakı ilə “Sarsılmaz Tərəfdaşlıq-2025” birgə təlimi start götürüb. Təlimin məqsədi hər iki ölkənin XTQ heyətləri arasında əməkdaşlığın genişləndirilməsi, döyüş hazırlığının və praktiki vərdişlərin təkmilləşdirilməsidir.
Bu cür birgə təlimlər iki ölkə arasında hərbi əməkdaşlığın və qarşılıqlı inamın güclənməsinə xidmət edir. Təlimin real döyüş şəraitinə uyğun keçirilməsi, hərbi qulluqçuların peşəkarlığını və koordinasiya qabiliyyətini daha da artıracaq. Belə addımlar regionda sülhün və təhlükəsizliyin möhkəmlənməsi baxımından da önəmlidir.
Qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti barədə hərbi ekspert Emin Həsənli Crossmedia.az- açıqlama verib.
O bildirib ki, Azərbaycan Ordusunun güclənməsi və xüsusi təyinatlı qüvvələrin inkişafı ölkəmizin müdafiə qabiliyyətini daha da artırır: "Qardaş ölkələrlə keçirilən birgə təlimlər gələcəkdə vahid koordinasiyanın və birgə fəaliyyətin möhkəmlənməsinə xidmət edir. Azərbaycan Ordusu davamlı olaraq öz gücünü artırır. Ordumuzda xüsusi təyinatlı qüvvələrin rolu və əhəmiyyəti olduqca yüksəkdir. 44 günlük müharibə zamanı keçirilən antiterror tədbirləri də bunu bir daha göstərdi. Hesab edirəm ki, bu, çox önəmlidir və belə hərbi əməkdaşlıq gələcək baxımından da xüsusi əhəmiyyət daşıyır. Gələcəkdə qardaş ölkələrlə birgə təlimlərin keçirilməsi, qarşılıqlı fəaliyyətin gücləndirilməsi və hər hansı təcavüzün qarşısının alınması baxımından bu əməkdaşlıq olduqca vacibdir. Dünya ordularında xüsusi təyinatlıların rolu çox böyükdür, Azərbaycan Ordusunda da bu sahə sürətlə inkişaf edir. Ordumuzun öz gücünü və təcrübəsini digər qardaş ölkələrlə paylaşması, bu istiqamətdə təcrübə mübadiləsinin aparılması, gələcəkdə yaranacaq istənilən vəziyyətdə birgə fəaliyyət üçün vahid koordinasiyanın təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Vahid ordu istiqamətində görülən fəaliyyətlər həddindən artıq önəmlidir".
Ülvi Zahidov
12:39 23.10.2025
Oxunuş sayı: 1204