Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsindən 5 il ötür - Deputat

Bu gün Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsindən 5 il ötür. 2020-ci il oktyabrın 21-i Zəngilan rayonunun Ağbənd qəsəbəsi işğaldan azad edilib və həmin gün Azərbaycan Ordusu Azərbaycan bayrağını qəsəbədə sancaraq sərhədin tam nəzarətə alındığını rəsmi olaraq elan edib.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sərhədin tam nəzarətə götürülməsi ölkəmizin ərazi bütövlüyünün bərpasında mühüm mərhələdir. Bu, həm də regionda sabitliyin və təhlükəsizliyin güclənməsinə xidmət edən strateji uğurdur. Ordumuzun qısa müddətdə göstərdiyi şücaət xalqımızın birliyinin nümunəsidir.
Bu barədə Milli Məclisin deputatı Pərvanə Vəliyeva Crossmedia.az-a açıqlama verib.
O bildirib ki, bu əməliyyatlar işğalçıların fəaliyyətini dayandırmaqla ölkənin sərhəd təhlükəsizliyini gücləndirdi: "İşğal dövründə ölkəmizin bəzi sərhədləri nəzarətsiz qalmışdı. Bundan istifadə edən hərbi-xunta rejiminin rəhbərləri nəzarətsiz zonalardan narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər transmilli cinayətlərin həyata keçirilməsində istifadə edirdi. Nəhayət, uzun illərdən sonra Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri ərazilərimizi işğaldan azad edərək, terrorçuları əks-hücum əməliyyatları ilə məhv etdi, kukla rejim özünü buraxdı və cinayətkar dəstə həbs edildi".
"Ölkəmiz Azərbaycan-İran sərhədlərini tam nəzarətə götürməklə həm sərhədlərimizin o hissəsindəki işğal faktorunu aradan qaldırdı, eyni zamanda transmilli cinayətkarlığın qarşısını aldı. Bu həm də cinayət yolu ilə küllü miqdarda vəsaitin hərbi xunta rejiminin əlinə keçməsinə son qoyulması əməliyyatı idi. Çünki qeyri-qanuni yollarla əldə edilən bu vəsaitlər sonradan Azərbaycan xalqına qarşı istifadə olunur, həmçinin, işğal rejiminin davam etməsi üçün onları həvəsləndirirdi" , - Parlamentari əlavə edib.
Ülvi Zahidov
12:51 22.10.2025
Oxunuş sayı: 982