Azərbaycan və Özbəkistan hər zaman bir-birinin yanında dayanmağa hazırdır- RƏY

Özbəkistanın Səmərqənd vilayətində
təşkil olunan "Birlik-2025" birgə regional təlimi çərçivəsində dəyirmi
masa və "Əməkdaşlıq memorandumu"nun imzalanmasına həsr olunan tədbir keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən
məlumat verilib.
Bildirilib ki, tədbirdə Azərbaycan
Milli Müdafiə Universitetinin rektorunun elm və təhsil üzrə müavini
general-mayor Arif Həsənovun və Özbəkistan Milli Təhlükəsizlik və Müdafiə
Universiteti rəisinin müavini – Hərbi Elmi Tədqiqat İnstitutunun rəisi
polkovnik Akmoljon Qodirovun rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak
ediblər.
Keçirilən dəyirmi masa zamanı
ölkələr arasında hərbi təhsil və elmi fəaliyyət sahələrində əməkdaşlığın genişləndirilməsi,
birgə layihələrin həyata keçirilməsi və gələcək perspektivlər müzakirə olunub.
Regionda sülhün və təhlükəsizliyin təmin olunmasında elmi biliklərin və müasir
hərbi təhsilin rolu, bu istiqamətdə qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti
vurğulanıb.
Azərbaycan nümayəndə heyəti
Milli Müdafiə Universitetində tətbiq olunan təhsil sistemi və aparılan
islahatlar barədə ətraflı məlumat verib, həmçinin brifinq təqdim olunub.
Təlim çərçivəsində Azərbaycan
Milli Müdafiə Universiteti və Özbəkistan Hərbi Təhlükəsizlik və Müdafiə
Universiteti arasında "Əməkdaşlıq memorandumu" imzalanıb.
Məsələ ilə bağlı hərbi ekspert Azad İsazadə Crossmedia.az-a açıqlamasında bildirib ki, Özbəkistan son 10 il ərzində regionun ən çox inkişaf edən ölkələrindən biridir: “Özbəkistan istər iqtisadi, istərsə də demokratik baxımdan mülayim və məqsədyönlü siyasət aparan dövlətdir. Onun Türk Dövlətləri Təşkilatında (TDT) böyük rolu və təsiri var. Azərbaycan Özbəkistan əlaqələri çoxşaxəlidir enerji, iqtisadi və xüsusilə Qarabağda aparılan bərpa-tikinti layihələrində Özbəkistanın fəallığı bunu bir daha göstərir".
Ekspert, həmçinin qeyd edib ki, hər iki ölkə mürəkkəb və təhlükəli regionda yerləşdiyi üçün bu əməkdaşlıq təbii zərurət kimi meydana çıxır: “Bu gün qonşularımız İran və Rusiyada qeyri-sabit vəziyyət hökm sürür. Özbəkistan isə Əfqanıstanla sərhəddə yerləşir və orada da vaxtaşırı təhlükələr yaranır. Buna görə də Azərbaycanla Özbəkistan arasında hərbi əməkdaşlıq iki dövlətin təhlükəsizliyinin təminatı baxımından əhəmiyyətli addımdır".
A.İsazədənin
fikrincə, bu əməkdaşlıq təkcə iki ölkə arasında deyil, TDT çərçivəsində də yeni imkanlar açır:
“Hər bir ölkə regionda təhlükəsizliyini qorumaq üçün etibarlı müttəfiq axtarır. Azərbaycan və Özbəkistan hər zaman bir-birinin yanında dayanmağa hazırdır. Bu proses gələcəkdə TDT daxilində hərbi blokun formalaşması üçün ilkin addım sayıla bilər".
Fatimə Hacıəliyeva
11:43 22.10.2025
Oxunuş sayı: 809