"Intel"in yeni nəsil "Battlemage" qrafik kartları dekabrda gəlir?

"Intel"in uzun zamandır gözlənilən yeni nəsil qrafik kartı ailəsi olan "Battlemage" üçün dekabr ayında təqdimat keçiriləcəyi ilə bağlı iddialar güclənir. Avadanlıq dünyasının məşhur məlumat sızdıranlarından Tomas Qawronski, Yaponiya mərkəzli "Gazlog" bloqunda "Battlemage" SoC-nin təqdimat görüntüsünü yayımlayıb. Lakin görüntünün dəqiqliyi hələ təsdiqlənməyib. Bununla belə, əvvəlki sızmalarla birlikdə götürüldükdə bu iddiaların reallığa uyğun olması ehtimalı yüksəkdir.
Son günlərdə başqa bir mənbə də "Intel"in yeni qrafik kartları ilə bağlı oxşar açıqlama verərək, kartların dekabr ayında təqdim olunacağını bildirib. "Battlemage" və ya "Xe2" arxitekturası ilk dəfə "Intel"in "Lunar Lake" (Core Ultra 200V) prosessorları ilə səhnəyə çıxmışdı. Lakin "Arc Alchemist" seriyasından bəri "Intel"in qrafik bölməsi strategiyaları bir sirr pərdəsi altında davam edir. Bu vəziyyət bəzi ekspertlər tərəfindən "Arc" bölməsinin bağlanma ehtimalına işarə kimi qiymətləndirilmişdi.
"Intel"in qrafik bölməsindəki son addımları şirkətin bu sahədəki iddialarını açıq şəkildə ortaya qoyur. Son müqayisə testlərinin nəticələrinə əsasən, "Intel" artıq "AMD"nin "RDNA 3.5" arxitekturasına çatıb. Əgər "Battlemage", "RDNA 4"dən əvvəl bazara çıxarsa, bu, "Intel" üçün əhəmiyyətli bir üstünlük ola bilər. Lakin "RDNA 4"ün şüa izləmə (ray tracing) və aparat əsaslı miqyaslama kimi yeniliklərlə gəlməsi gözlənilir ki, bu da rəqabəti "AMD"nin xeyrinə daha da artıracaq.
Sızdırılan məlumatlara görə, "Intel"in "Battlemage" seriyasında üç fərqli GPU modeli olacaq: "Arc BMG-31", "Arc BMG-20" və "Arc BMG-G10". Ailənin ən yüksək modeli olan "BMG-31"in 32 Xe nüvəyə sahib olacağı bildirilir. Performans baxımından dəqiq bir şey demək çətindir, lakin "Intel"in bu nəsildə də əsas axına fokuslanacağı vurğulanır. Bundan əlavə, əgər "Intel" bazarda qalıcı olmaq istəyirsə, xüsusilə sürücü performansı ilə bağlı əhəmiyyətli addımlar atmalıdır. Bu arada, "AMD" və "Nvidia"nın yeni nəsil kartlarını 2025-ci ilin yanvar ayında keçiriləcək "CES" sərgisində təqdim etməsi gözlənilir.
Emil Nağızadə
19:20 18.11.2024
Oxunuş sayı: 351