Türkiyənin Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzinin nümayəndələri DİM-də olublar

Türkiyənin Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzinin (ÖSYM) nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Dövlət İmtahan Mərkəzində (DİM) olub. Oktyabrın 16-da DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə, sədrin müavini Namiq Babayev və müvafiq struktur bölmələrinin rəhbərləri ilə ÖSYM nümayəndə heyətinin üzvləri Seçil Alaca və Ahmet Naim Çiçekler arasında görüş keçirilib.
DİM-dən Crossmedia.az-a bildirilib ki, görüşdə beynəlxalq səviyyədə akkreditasiya olunan standartlaşdırılmış imtahanların keçirilməsi, qurumlar arasında təcrübə mübadiləsinin genişləndirilməsi, qarşılıqlı səfərlərin təşkili və digər məsələlər müzakirə edilib.
Qonaqlar, həmçinin DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzeylə tanış olublar.
Xatırladaq ki, ÖSYM Türkiyədə universitetlərə, dövlət qulluğuna və s. genişmiqyaslı imtahanların təşkilinə məsul olan orqandır. Qurum 1974-cü ildə Universitetlərarası Şura tərəfindən “Universitetlərarası Tələbə Seçmə və Yerləşdirmə Mərkəzi (ÜSYM)” adı ilə yaradılıb. 2011-ci ildə isə adı Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzi olaraq dəyişdirilib. ÖSYM il ərzində 10 milyondan çox insan üçün müxtəlif növ imtahan keçirir.
19:06 16.10.2025
Oxunuş sayı: 884