Bu addım təhsil siyasətində strateji dönüşün göstəricisidir - Ekspert

Son illərdə ölkəmizdə peşə təhsilinin inkişafı istiqamətində mühüm addımlar atılır. Bu sahəyə göstərilən dövlət qayğısı, həyata keçirilən islahatlar və əmək bazarının tələblərinə uyğun kadr hazırlığının gücləndirilməsi peşə təhsilinin nüfuzunu getdikcə artırır. Növbəti tədris ilindən peşə təhsili müəssisələrində təhsil alan tələbələrin sayının 50 min nəfərə çatdırılması planlaşdırılır.
Elm və təhsil nazirinin müavini İdris İsayevin sözlərinə görə, bu artım əsasən dövlət sifarişli yerlərin hesabına təmin olunacaq. Qeyd edilən hədəf peşə təhsilinin ölkə iqtisadiyyatının real tələblərinə uyğun modernləşdirilməsi və gənclərin praktik bilik və bacarıqlara yiyələnməsi istiqamətində mühüm mərhələ kimi qiymətləndirilir.
Hazırda peşə məktəblərinə qəbul olunan 27 min tələbənin 84 faizi dövlət sifarişi əsasında təhsil alır ki, bu da dövlətin gənclərin ixtisaslı kadr kimi formalaşmasına göstərdiyi diqqətin bariz nümunəsidir. Gələn il bu göstəricinin ikiqat artırılması planı isə peşə təhsilinin cəmiyyətdəki rolunun və əhəmiyyətinin daha da artacağından xəbər verir.
Mövzu ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədov öz fikirlərini Crossmedia.az-la bölüşüb:
"İlk növbədə qeyd edim ki, Peşə təhsilinə qəbul sayının 50 minə çatdırılması planı təhsil siyasətində strateji dönüşün göstəricisidir. Bu, ölkənin əmək bazarının tələblərinə uyğun insan kapitalı formalaşdırmaq və uzun illər boyu davam edən ali təhsil yönümlü disbalansı aradan qaldırmaq məqsədi daşıyır. Statistik göstəricilər aydın şəkildə göstərir ki, hazırda peşə məktəblərində 27 min tələbə təhsil alır və onların 84 faizi dövlət sifarişi üzrədir. Bu, dövlətin sosial məsuliyyət daşıdığı, amma eyni zamanda iqtisadi rasional qərar verdiyi sahədir. Əgər növbəti il bu say 50 minə yüksəlsə, bu, iki dəfə artım deməkdir və təhsil sisteminin yeni mərhələyə keçidini təsdiqləyəcək.
“Azərbaycan Respublikasında peşə təhsili haqqında” Qanunun 5-ci maddəsində göstərilir ki, peşə təhsili sistemi əmək bazarının real tələbləri nəzərə alınmaqla formalaşmalı və iqtisadiyyatın prioritet sahələrinə uyğun kadr hazırlığını təmin etməlidir. Bu baxımdan, nazirliyin qəbul etdiyi hədəf həm qanuni, həm də iqtisadi əsaslandırmaya malikdir. Əmək bazarının strukturu göstərir ki, ölkədə texniki və texnoloji peşə sahiblərinə olan tələbat 40 faizdən çoxdur, lakin bu sahədə ixtisaslı işçi təminatı 25 faizi keçmir. Bu fərq yalnız peşə təhsili sisteminin genişlənməsi ilə azaldıla bilər.
Müqayisə üçün, Finlandiyada peşə təhsilində oxuyanların payı 45 faiz, Almaniyada 52 faiz, Cənubi Koreyada 38 faizdir. Azərbaycanda bu göstəricinin 50 min nəfər səviyyəsinə çatdırılması təxminən 30 faizlik pay deməkdir ki, bu da inkişaf etmiş ölkələrin modelinə yaxınlaşma istiqamətində ciddi addımdır. Bu, həm də “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində qeyd olunan “rəqabətədavamlı insan kapitalı” hədəfi ilə birbaşa uzlaşır".
Onun sözlərinə görə, qərar iqtisadi baxımdan da məqsədyönlüdür: "Nazir müavininin qeyd etdiyi kimi, peşə təhsilində bir tələbəyə illik xərclər orta hesabla 600–700 manat təşkil edir. Halbuki ali təhsil sistemində bu rəqəm bəzi ixtisaslarda 2 700 manata qədər yüksəlir. Beləliklə, dövlət üçün bir ali təhsil tələbəsinə xərclənən vəsaitlə 4 peşə təhsili tələbəsi hazırlanır. Bu, həm iqtisadi səmərəlilik, həm də resursların daha ədalətli bölüşdürülməsi deməkdir. Peşə təhsilinə yönəlmiş investisiyalar həm də qısa dövrdə nəticə verir, çünki bu təhsil pilləsinin məzunları dərhal istehsalat və xidmət sahələrində işə başlaya bilirlər.
Sosial baxımdan bu addım gənclər arasında işsizlik səviyyəsini azaltmağa kömək edəcək. Dövlət Statistika Komitəsinin 2024-cü il məlumatına görə, gənclər arasında işsizlik 10,7 faizdir və bu göstərici əsasən ixtisası olmayan və ya praktik bacarıqlardan məhrum gənclər arasında yüksəkdir. Peşə təhsilinin genişlənməsi bu problemi qismən aradan qaldıracaq. Bununla yanaşı, bu sistemin genişlənməsi regionlarda təhsil və məşğulluq imkanlarının artmasına, miqrasiya axınının azalmasına da şərait yaradacaq.
Dünya təcrübəsində peşə təhsili sisteminin keyfiyyətli işləməsi üçün sənaye müəssisələri ilə əməkdaşlıq əsas şərt sayılır. Almaniyanın “Dual System” modeli bu baxımdan nümunəvidir: tələbələr vaxtlarının yarısını müəssisədə, yarısını isə məktəbdə keçirirlər. Azərbaycanda da bu istiqamətdə pilot layihələr artıq həyata keçirilir və Elm və Təhsil Nazirliyinin bu prosesi dövlət sifarişi əsasında genişləndirməsi müsbət addımdır.
Bununla belə, mənfi tərəflərdən biri odur ki, peşə təhsilinə maraq hələ də cəmiyyətin gözündə aşağı qiymətləndirilir. Sosial stereotiplər və valideynlərin ali təhsil yönümlü düşüncəsi hələ də güclüdür. Ona görə də yalnız qəbul sayını artırmaqla deyil, bu sahənin imicini dəyişməklə də məşğul olmaq lazımdır. Tədris proqramlarının müasir texnologiyalarla inteqrasiyası, əmək bazarı ilə sıx əlaqələndirmə və məzunların yüksək maaşlı işlərdə yerləşdirilməsi bu sistemin cazibəsini artıracaq".
Ekspert, həmçinin Elm və Təhsil Nazirliyinin bu siyasətini ölkənin iqtisadi və sosial reallıqlarına cavab verən rasional və uzaqgörən qərar olduğunu qeyd edib:
"Dövlət sifarişi ilə maliyyələşən, əmək bazarına yönəlmiş peşə təhsili modeli həm iqtisadi səmərəlilik, həm sosial ədalət, həm də milli insan kapitalının inkişafı baxımından mühüm islahat istiqamətidir. Bu addım təhsil sistemində tədricən elmi-akademik yönümlü kütləvilikdən praktik bilik və bacarıq əsaslı keyfiyyət modelinə keçidi təmin edəcək".
Elmir Heydərli
20:57 15.10.2025
Oxunuş sayı: 847