“Şükriyyə” tamaşası Gürcüstanda uğurla nümayiş olunub






Oktyabrın 14-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının “Şükriyyə” tamaşası Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Gürcüstanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə Şota Rustaveli adına Gürcüstan Milli Teatrında böyük uğurla nümayiş olunub.
Tamaşanı Gürcüstan mədəniyyət nazirinin müavini, Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndələri, eləcə də teatr ictimaiyyətinin tanınmış simaları izləyiblər. Nümayiş alqışlarla qarşılanıb.
Tədbir çərçivəsində Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov rəhbərlik etdiyi kollektiv adından Ş. Rustaveli adına Milli Teatra xalça hədiyyə edib. Tamaşadan sonra teatrın bədii rəhbəri, dünya şöhrətli rejissor Robert Sturua kollektivlə görüşərək uğurlu çıxış münasibətilə təbriklərini çatdırıb.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov isə Azərbaycan Dövlət mükafatı laureatı, “Ad günü” filmindən tamaşaçılara yaxşı tanış olan David Uplisaşviliyə “Teatr xadimi” medalını təqdim edib. Eyni zamanda, tədbir çərçivəsində Azərbaycan teatr tarixini əks etdirən sərgi teatrın foyesində nümayiş olunub.
Qeyd edək ki, “Şükriyyə” tamaşası Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə Gürcüstanın Şota Rustaveli adına Milli Teatrı arasında bu ilin 22 fevralında imzalanmış beynəlxalq əməkdaşlıq haqqında Memorandum çərçivəsində təqdim edilib.
Yazıçı Cavid Zeynallının eyniadlı pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.
Tamaşada Əməkdar artist Münəvvər Əliyeva (Şükriyyə), Xalq artistləri Nurəddin Mehdixanlı (Fyodor Alekseyeviç) və Əli Nur (Süleyman bəy), Əməkdar artistlər Mehriban Xanlarova (Zöhrə), Vəfa Rzayeva (Mariya), Şəlalə Şahvələdqızı (Qadın müstəntiq), aktyorlar və aktrisalar Afət Məmmədova, Rada Nəsibova, Ləman İmanova, Dilarə Nəzərova, Rüstəm Rüstəmov, Aylin Həşimova, Lalə Süleymanova, Nəzrin Abdullayeva, Elsevər Rəhimov və Tural İbrahimov çıxış ediblər.
Səhnə tərtibatçısı Samirə Həsənova, geyim üzrə rəssam Aygün Mahmudova, işıq rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti isə Nərmin Həsənovadır.
Tamaşa Azərbaycanın istiqlal şairi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin keşməkeşli taleyindən, onun Stalin repressiyaları dövründə Qazaxıstanın Akmolinsk vilayətində çəkdiyi 8 illik sürgün həyatından bəhs edir. Əsərdə eyni zamanda Gürcüstan da daxil olmaqla müxtəlif ölkələrdən sürgün edilən qadınların taleyi, insanın mənəvi təmizliyi və ləyaqət hissini çətin sınaqlar qarşısında qorumaq bacarığı səhnə dili ilə tamaşaçılara çatdırılır.
Xatırladaq ki, iki teatr arasında imzalanmış Memorandumu Akademik Milli Dram Teatrının direktoru İlham Əsgərov və Ş. Rustaveli adına Milli Teatrın direktoru Giorgi Tevzadze imzalayıblar. Sənədə əsasən, tərəflər arasında qarşılıqlı ustad dərsləri, rejissor görüşləri, birgə tamaşalar və mədəni layihələrin həyata keçirilməsi nəzərdə tutulub.
Memorandumdan irəli gələn əməkdaşlıq istiqamətində ilk addım bu ilin mart ayında Robert Sturuanın Akademik Milli Dram Teatrında keçirdiyi ustad dərsi ilə atılıb.
Ayan Sədi
14:21 15.10.2025
Oxunuş sayı: 912