Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə silsilə ustad dərslərinə start verilib




















Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə 8–18 oktyabr tarixlərində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyindəki musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün silsilə ustad dərsləri keçirilir.
Crossmedia.az xəbər verir ki, dahi bəstəkar, musiqişünas, təhsil təşkilatçısı və pedaqoq Üzeyir Hacıbəylinin (1885–1948) 140 illik yubileyinə həsr olunan ustad dərsləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı - Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə gerçəkləşir.
Oktyabrın 8-də paytaxtda fəaliyyət göstərən Kövkəb Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbində tar ixtisası üzrə ilk ustad dərsi keçirilib. Görkəmli tarzən, pedaqoq, Xalq artisti, professor Vamiq Məmmədəliyevin rəhbərliyi ilə baş tutan dərsdə müəllim və şagirdlər iştirak ediblər.
Tədbirdə MEMİM-in direktor vəzifəsini icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının sədri Elkiyar Ziyadov çıxış edərək layihənin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, layihənin əsas məqsədi musiqi və incəsənət məktəblərində tədris prosesini ixtisas proqramlarının tələblərinə uyğunlaşdırmaq, müəllimlərin peşəkarlıq səviyyəsini artırmaq və şagirdlərin bilik və bacarıqlarını zənginləşdirməkdir.
Ustad dərsləri tar, kamança, saz, balaban, qanun, xanəndəlik, fortepiano, violin, klarnet, violonçel, vokal və rəqs olmaqla 12 ixtisası əhatə edir.
Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi ölkəmizdə geniş qeyd edilir. Onun Azərbaycan mədəniyyətinin inkişafına verdiyi misilsiz töhfələr minnətdarlıqla xatırlanır. Dahi bəstəkarın əsasını qoyduğu tədris ənənələri bu gün də uğurla davam etdirilir.
Daha sonra Xalq artisti Vamiq Məmmədəliyev tar aləti və onun ifaçılıq xüsusiyyətlərindən danışıb, şagirdlərin ifasını dinləyərək onlara tövsiyələr verib və sualları cavablandırıb.
Həmin gün Bakı şəhər Şövkət Ələkbərova adına 20 nömrəli onbirillik musiqi məktəbində isə qanun ixtisası üzrə ustad dərsi təşkil olunub. MEMİM-in Strateji təhlil və təlimlərin təşkili şöbəsinin müdiri, Əməkdar mədəniyyət işçisi Lalə Kərimova layihə barədə məlumat verib, Üzeyir Hacıbəylinin mədəniyyət tariximizdəki əvəzsiz rolunu vurğulayıb.
Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Təranə Əliyevanın iştirakı ilə keçirilən dərsdə şagirdlərin ifası dinlənilib, qanun alətinin spesifik xüsusiyyətləri və ifaçılıq texnikası barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, Bakı, Xırdalan və Sumqayıt şəhərlərində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərində keçirilən ustad dərsləri respublikanın tanınmış musiqiçiləri, professor və müəllimləri, eləcə də təcrübəli mütəxəssislər tərəfindən aparılır.
12:48 10.10.2025
Oxunuş sayı: 2399