Akademik Mustafa Topçubaşovun anadan olmasının 130 illiyi qeyd edilib

Oktyabrın 8-də AMEA-nın Rəyasət Heyətində Azərbaycan Milli Elmlər Akademiyası və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə görkəmli alim və cərrah, ictimai-siyasi xadim, tibb elmləri doktoru akademik Mustafa Topçubaşovun anadan olmasının 130 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib.
Bu barədə Crossmedia.az-a AMEA-dan məlumat verilib.
Əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabanda Mustafa Topçubaşovun məzarını ziyarət edib, xatirəsini ehtiramla yad ediblər.
Daha sonra AMEA-nın Rəyasət Heyətinin binasında akademik Mustafa Topçubaşovun həyat və fəaliyyətini əks etdirən rəsm əsərlərindən ibarət sərgi ilə tanışlıq olub.
Tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin “Akademik Mustafa Topçubaşovun 130 illiyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələrək AMEA və Səhiyyə Nazirliyinin birgə tədbirlər həyata keçirdiyini söyləyib. Həmçinin qeyd edib ki, AMEA tərəfindən akademik Mustafa Topçubaşovun biblioqrafiyası yenidən nəşr olunub.
AMEA rəhbəri bildirib ki, praktiki cərrahlıq elmi məktəbinin yaradıcısı kimi alimin nailiyyətləri ona Azərbaycanda, həm keçmiş SSRİ-də, həm də dünya səviyyəsində böyük şöhrət qazandırıb.
Akademik Mustafa Topçubaşovun elmi-təşkilati fəaliyyətindən danışan akademik İsa Həbibbəyli bildirib ki, o, 1945-ci ildə AMEA-nın təsisçilərindən biri olub və akademik seçilib, Biologiya Elmləri Bölməsinin akademik-katibi, Azərbaycan SSR EA-nın vitse-prezidenti vəzifələrində çalışıb. Həmçinin 50 ilə yaxın müddətdə Azərbaycan Tibb Universitetinin Cərrahiyyə kafedrasının müdiri olub.
Alimin Azərbaycan SSR Ali Sovetinin sədri və üzvü kimi ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etdiyini deyən akademik İsa Həbibbəyli qeyd edib ki, o, həmçinin Respublika Sülhü Müdafiə Komitəsinin sədri olub.
AMEA rəhbəri görkəmli alimin yubileyinin qeyd olunmasının həm də akademiyanın 80 illiyi çərçivəsində keçirilən silsilə tədbirlərə töhfə olduğunu deyib.
Sonra Mustafa Topçubaşovun həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbirdə səhiyyə naziri Teymur Musayev qeyd edib ki, akademik Mustafa Topçubaşov təkcə öz dövrünün deyil, Azərbaycan səhiyyə və tibb elminin tarixində adı əbədi həkk olunmuş alimdir. Uzun müddət cərrahi ağrısızlaşdırma problemi üzərində apardığı elmi axtarışlar Mustafa Topçubaşova 1938-ci ildə cərrahlıq praktikasına yeni, nisbətən təhlükəsiz keyləşdirmə metodunu - inyeksion efir-yağ narkozunu daxil etməyə imkan verib.
“1945-ci ildə SSRİ Xalq Səhiyyə Komissarlığının Elmi-Tibbi Şurasının Farmakologiya Komitəsinin iclasında efir-yağ qarışığının “Analgezin” adı altında istehsal edilməsinə icazə verilib. Bu metodun kəşfi və tətbiqi ilə əlaqədar olaraq A.Vişnevski adına mükafata və diploma layiq görülüb. Hərbi-səhra cərrahlığının aktual problemlərindən olan insan bədəninə daxil olmuş metal yad cismin lokalizasiyası və xaric edilməsi problemi üzərində çalışan alimin konstruksiya etdiyi stereoskop aparatı portativliyinə və yad cismin lokalizasiyasını dəqiq təyinetmə imkanına görə müvəffəqiyyətlə tətbiq edilib”, - deyə nazir diqqətə çatdırıb.
Teymur Musayev vurğulayıb ki, onun tibb elmində irəli sürdüyü yeniliklərdən biri də borulu sümüklərin sınıqlarının təxirəsalınmaz osteosintezi üsuludur. Eyni zamanda, Topçubaşov dalaq, qaraciyər, böyrək, böyrəküstü vəz kimi həyati orqanlara abdomino-diafraqmal və bel-diafraqmal yollarla müdaxilənin müəllifi olaraq, urologiya, travmatologiya, neyrocərrahiyyə, abdominal və torakal cərrahiyyə sahələrində mühüm yeniliklərə imza atıb.
Mustafa Topçubaşovun genişmiqyaslı elmi-pedaqoji fəaliyyətlə də məşğul olduğunu və yüksəkixtisaslı həkim kadrların hazırlanmasında böyük xidmətlər göstərdiyini deyən nazir onun layihəsi üzrə kafedrada tələbələrə cərrahi müdaxilənin bütün gedişatını izləməyə imkan verən operasiyon - auditoriyanın təşkil edildiyini vurğulayıb. Bildirib ki, onun qələmə aldığı beşcildlik “Xüsusi cərrahlıq” dərsliyi faktiki materiallar, elmi əsaslandırmalar və əhatəli təsvirləri ilə elmi ictimaiyyətin diqqətini cəlb edib.
Milli Məclisin Səhiyyə Komitəsinin sədri akademik Əhliman Əmiraslanov qeyd edib ki, Mustafa Topçubaşov Kiyev Universitetinin Tibb fakültəsində təhsil almış ilk azərbaycanlı alim, ilk milli cərrah, BDU-nun Tibb fakültəsində cərrahiyyəni tədris edən və kafedra müdiri olan ilk azərbaycanlı şəxsdir: “Topçubaşov müharibə dövründə ilk dəfə ixtisaslı hospital təşkil etmiş, soydaşlarımızı xilas etmişdir”.
Akademik Əhliman Əmiraslanov bildirib ki, Topçubaşov böyük elmi məktəb yaradıb və onun yetirmələri bu gün də Azərbaycan cərrahiyyəsinə öz töhfələrini verirlər.
Daha sonra AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova “Akademik Mustafa Topçubaşovun elmi və elmi-təşkilati fəaliyyəti haqqında” məruzə ilə çıxış edib. Alimin milli səhiyyə sisteminin qurulmasındakı tarixi xidmətlərinə toxunan akademik İradə Hüseynova bildirib ki, o, 1926-cı ildə Almaniyaya təcrübəyə göndərilib, ölkəmizə qayıtdıqdan sonra Bakıda ilk elmi-metodik mərkəz yaradıb. Akademik İradə Hüseynova, həmçinin alimin İkinci Dünya müharibəsi və ondan sonrakı illərdə, eləcə də Azərbaycan Elmlər Akademiyasında, elmi-pedaqoji və kadr hazırlığında və ictimai-siyasi fəaliyyətində tarixi xidmətlərindən danışıb.
Tədbirdə Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəyli, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və ATU-nun akademik M.Topçubaşov adına III Cərrahi xəstəliklər kafedrasının doktorantı Hilalə Abbasova çıxış edərək görkəmli alim və həkimin Azərbaycan tibb elminə, səhiyyəsinə, yüksəkixtisaslı kadr hazırlığı işinə verdiyi töhfələrdən danışıblar.
Sonda Topçubaşovlar ailəsi adından oğlu, Mərkəzi Klinikanın baş direktorunun müavini Əməkdar həkim Ceyhun Topçubaşov çıxış edərək atasının xatirəsinə göstərilən ehtirama görə təşəkkürünü bildirib.
18:50 08.10.2025
Oxunuş sayı: 891