Kişilərin də ürəyi var: “Tənhalığın siqaret qədər sağlamlığa zərərlidir”

Bu gün cəmiyyətdə "kişi olmaq" anlayışı hər kəs tərəfindən güclü olmaq, heç vaxt yorulmamaq, bütün məsuliyyəti öz üzərinə götürmək, problemləri təkbaşına daşımaq kimi qəbul edilir. Elə bütün yorğunluğun, stressin və bir çox xəstəliklərin kökü də məhz buradan başlayır.
Yanlış qəbul edilən anlayışlar, hətta bir çox hallarda vaxtından tez ölümlərə səbəb olur.
Statistikaya görə, Azərbaycan ürək-damar xəstəliklərindən ölüm göstəricisinə görə dünyada ikinci yerdədir. Bu rəqəmin ən böyük hissəsini isə kişilər təşkil edir. Bu yanlış formalaşmış "kişi hər şeyi daşımalıdır" düşüncəsinin nəticəsidir, yoxsa başqa tibbi səbəblər də var?
Mövzu ilə bağlı Psixoloq, Psixlogiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov Crossmedia.az-açıqlamasında deyib:
"Ürək-damar xəstəlikləri təkcə fizioloji deyil, həm də psixoloji mənşəli pozuntularla sıx bağlıdır. Müasir tədqiqatlar da göstərir ki, stress, emosional gərginlik, tənhalıq və mənfi duyğuların uzunmüddətli yığılması orqanizmdə xroniki psixofizioloji gərginlik yaradır. Bu gərginlik vegetativ sinir sistemi və hormon balansına təsir edərək ürək ritmini, təzyiqi və damar elastikliyini pozur.
Azərbaycan kimi emosional, ailə mərkəzli və bəzən duyğuların gizlədildiyi cəmiyyətlərdə bu vəziyyət daha da kəskin müşahidə olunur. İnsanlar çox vaxt dərdini paylaşmır, “güclü görünmək” ehtiyacı ilə hisslərini bastırır. Halbuki, bu bastırılmış emosiyalar, xüsusilə kədər, qəzəb və qorxu bədənin daxilində “səssiz stress” yaradır. Bu da illərlə davam etdikdə hipertoniyadan tutmuş, infarkt və insult kimi ölümcül nəticələrə qədər gedib çıxır. Psixoloji səbəblərin bir neçəsini qeyd etmək istərdim. Şübhəsiz ki, birinci yerdə xroniki stress və emosional sıxıntıdı. Bədən bu vəziyyəti uzunmüddətli dözə bilmir. Duyğuların ifadə olunmaması bu prosesdə mühüm rol oynayır. Qəzəbini, kədərini, narazılığını ifadə etməyən insan emosional yükü daxildə saxlayır. Bu, kortizol və adrenalin kimi stress hormonlarının səviyyəsini artırır, nəticədə ürəyə yük salır. Sosial təcrid və tənhalıq bu prosesə təsir göstərir. Yaxın münasibətlərin, dost dəstəyinin olmaması insan orqanizmini “emosional soyuqluq” vəziyyətinə salır. Elmi araşdırmalarda tənhalığın siqaret qədər sağlamlığa zərərli olduğu sübut olunub. Perfeksionizm və özünə qarşı sərt münasibəti də qeyd edə bilərik. “Mükəmməl olmalıyam”, “zəif görünməməliyəm” kimi düşüncə tərzləri də emosional təzyiqi artırır və ürək-damar sisteminə mənfi təsir göstərir. Mühüm olanlardan biri də duyğusal savadsızlıqdır (emosional intellektin zəifliyi). İnsan öz hisslərini tanımır və tənzimləyə bilmir. Nəticədə, narahatlıq, aqressiya və məyusluq somatik yəni bədənə keçmiş formada, məsələn, ürək ağrısı və təzyiq kimi özünü göstərir”.
O, söyləyib ki, dərdini bölüşməmək, problemi gizlətmək ürək xəstəlikləri üçün ciddi risk faktorudur: “İnsan duyğusal yükü paylaşmadıqca, onun orqanizmində “emosional blok” yaranır. Beyin bu gərginliyi azaltmaq üçün bədənə siqnallar göndərir bu da bəzən döyüntü artması, sinə ağrısı və nəfəs darlığı kimi “psixosomatik” reaksiyalarla özünü göstərir. El arasında deyilən “dərdini içində saxlama, ürəyinə zərər edər” ifadəsi elmi baxımdan da doğrudur. Emosional boşalma mexanizmi olmadıqda, bədən psixoloji ağrını fiziki formada “danışır”. Uzunmüddətli dövrdə bu vəziyyət damarların gərginliyini, təzyiqi və ürək əzələsinin yüklənməsini artırır. Ona görə də ürək sağlamlığının qorunması təkcə düzgün qidalanma və fiziki aktivliklə məhdudlaşmamalıdır. Hər bir insanın emosional gigiyenasına da diqqət etməsi vacibdir. Duyğularını tanımaq və paylaşmaq, stressi idarə etmək bacarıqlarını öyrənmək, yaxın münasibətlər qurmaq və emosional dəstək almaq, psixoloqa və ya terapevtə müraciət etməyi təbii qəbul etmək lazımdır. Ürək yalnız bioloji orqan deyil o, həm də duyğuların, münasibətlərin və həyat tərzinin aynasıdır. İnsan xoşbəxtliyini, sevgisini və ağrısını bu orqanla “yaşayır”. Ona görə də ürəyin qayğısına qalmaq, əslində, ruhun qayğısına qalmaq deməkdir”.
Gülbəniz Bayramova
21:43 07.10.2025
Oxunuş sayı: 827