Şimali Kiprdə bir neçə gün: Pezident məni yanına çağırıb dedi ki…- REPORTAJ

...Təyyarənin təkərlərinin yerə dəyməsi ilə salonda alqış səslərinin eşidilməsi bir olur. Antalya Beynəlxalq Hava Limanına çatırıq. Cəld ayağa qalxır, çantamı çiynimə taxır və qapıya doğru yönəlirəm. Mümkün qədər tez təyyarədən çıxmağa çalışıram. Çünki yolum Şimali Kiprədir. Birbaşa reys olmadığına görə, Antalya aeroportundan tranzit kimi istifadə edirəm.
Bilirəm ki, vaxtım azdır. Ona görə də tələsirəm. Aeroport işçilərindən soruşa- soruşa, izdihamı yara – yara tranzit qapısına çatıram. Xoşbəxtlikdən çatıram. Hələ 5- 10 dəqiqə oturub dincəlməyə vaxtım da olur.
Səfərim Şimali Kiprin paytaxtı Lefkoşayadır. Buradakı Dünya Barış Universitesinin (Yeni adı ilə Altınbaş Universitesi) siyasi elmlər və beynəlxalq münasibətlər üzrə doktorantura pilləsinə qəbul olmuşam. İngilis dilində, hibrit formada təhsil alacam. Qeydiyyat üçün gedirəm Lefkoşaya.
Təyyarəyə minir, yerimi tuturam. Ada haqqında bildiklərimi yadıma salmağa çalışıram. Şimali Kipr Türk Respublikası beynəlxalq aləmdə yalnız Türkiyə tərəfindən tanınır. Digər dövlətlər isə onu Kipr Respublikasının bir hissəsi olaraq qəbul edir. Şimali Kipr şimal-şərqdə Karpaz yarımadasından Gözəlyurd körfəzinə, qərbdə Qoruçam burnundan Ərənköyə (anklav) qədər uzanır. Cənubda isə Birləşmiş Millətlər Təşkilatının nəzarəti altındakı təhlükəsizlik xətti Şimali Kiprlə adanın digər hissəsi arasında uzanır. Paytaxtı və ən böyük şəhəri Şimali Nikosiya, ümumi sahəsi 3,355 kvadrat kilometr, əhalisinin sayı 300 min nəfərdən çoxdur. ŞKTR Kipr adasının 36,4%-ni tutur.
Kipr adasında ilk insan məskunlaşmasının e.ə 10.000-ci illərdə başladığı təxmin edilir. Adanın cənub sahilində Aetokremnos, qərb sahilində isə Akamas bölgələrində aparılan arxeoloji qazıntılar zamanı burada yaşayan ovçu icmalarından ibarət ilk insanların neolit dövründə məskunlaşdığı məlum olmuşdur. Mədəni inkişaf və ticarət səbəbilə çiçəklənən iqtisadiyyat bir tərəfdən Kipr üçün sərfəli olsa da, adanın kifayət qədər müdafiəsiz olması, sərvətindən istifadə etmək istəyən güclü qonşuları cəlb etmişdir. Ada Roma, Bizans və Osmanlı İmperiyasının tabeliyi altında qalmış, dəniz quldurlarının hücumlarına məruz qalmışdır. 1970-ci illərin əvvəllərində türklərə qarşı irqçiliyin genişlənməsi və Yunanıstanın işğalçılıq planları Türkiyənin ordusunu bu ərazilərə yeritməyə və müstəqil bir respublika elan etməsinə səbəb olmuşdur, lakin Şimali Kipr Türk Respublikasının qurulması, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası da daxil olmaqla Kipr Respublikası, Yunanıstan və bir çox başqa dövlətlərin mənfi reaksiyalarına səbəb olmuşdur. Kipr münaqişəsinə həll yolu tapmaq cəhdlərinin bir çoxu uğursuzluqla nəticələnmişdir. Hazırda Şimali Kiprdə Türkiyə Silahlı Qüvvələrinə məxsus əsgərlərinin yerləşdirilməsi bu münaqişə həlli yolunu daha da ləngidir. Mövcudluğu Şimali Kipr hökuməti tərəfindən dəstəklənsə də, Kipr Respublikası da daxil olmaqla bütövlükdə Avropa Birliyi və beynəlxalq ictimaiyyət tərəfindən işğal olaraq qiymətləndirilir və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının bir neçə qətnaməsində bu işğalçılıq pislənilir. Şimali Kipr beynəlxalq cəmiyyət tərəfindən rəsmən tanınmadığı üçün iqtisadiyyat, nəqliyyat və idman kimi bir çox aparıcı sahələrdə embarqolar tətbiq olunur.
Şimali Kipr müxtəlif sivilizasiyaları özündə cəmləşdirən mədəni irsə məxsus, xidmət sektorunun üstünlük təşkil etdiyi iqtisadiyyata malik yarı prezident demokratik respublikasıdır. İqtisadiyyat 2000 və 2010-cu illərdə sürətlə böyüməyə başlamış, adambaşına düşən ÜDM gəliri üç dəfədən çox artmışdır. Tətbiq olunan embarqolarla əlaqədər olaraq iqtisadiyyat baxımından Türkiyədən asılı hala gəlmişdir. Rəsmi dil türk dilidir, lakin müxtəlif bölgələrdə fərqli yerli ləhcələrdən də istifadə olunur. Əhalinin böyük əksəriyyəti sünni müsəlmanlardan ibarətdir. Şimali Kipr dünyəvi dövlətdir və bütün din nümayəndəçilərinə azadlıq təqdim olunur. Şimali Kipr İqtisadi Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatının müşahidəçi üzvü, Avropa Şurası Parlament Assambleyasının isə tam hüquqlu üzvlərindən biridir.
Bildiklərimi xatırlaya – xatırlaya bir də baxıram ki, artıq təyyarənin bir neçə dəqiqəyə yerə enəcəyi elan olunur. Uçuş təxminən 40 dəqiqə çəkir. Ercan hava limanında pasportuma möhür vurulduqdan çölə çıxıram. Hava kifayət qədər istidir. İlk diqqətimi çəkən yolun sağ tərəfli olması və maşınların sükanının sağda olmasıdır. Bir çox Avropa ölkəsində də belədir.
Məni qarşılayan maşınla Lefkoşanın mərkəzinə doğru gedirəm. Qədim binalar çoxdur. Şəhər sakitdir. Hər üç insandan biri isə qaradərilidir. Onların heç də hamısı Afrika ölkələrndən gələnlər və burada ucuz işçi qüvvəsi kimi çalışanlar deyil. Aralarında Böyük Britaniyadan olanlar da var. Bunun səbəbi isə aydındır: Kipr uzun müddət Britaniyanın koloniyası olub.
Bir neçə gün qalmaq üçün ev axtarıram. İki evə baxsam da, bəyənmirəm. Nəhayət, ürəyimcə olan bir pansiyon tapıram. Qayıdış bileti almamışam, nə zaman qayıdacağımı dəqiq bilmirəm. Ona görə də günlük pul verəcəyimi deyirəm. Razılaşırlar.
Otaq səliqəlidir. İki yataq, bir televizor, masa və stullar var. Telefonumu internet şəbəkəsinə qoşuram. Artıq elə vəziyyət yaranıb ki, internet hər birimizin ilk axtardıqlarımızdandır. Xeyli mesaj gəlib. Soruşanlara çatdığımı, yerləşdiyimi deyirəm. Digər mesajlara da cavab verirəm. Düşünürəm ki, bir az dincəldikdən sonra universitetə gedim.
Telefonumu şarja taxır, bir az yuxulayıram. Təxminən yarım saat sonra pansiyondan çıxır və qeydiyyat üçün universitetə gedirəm. Ali məktəbi tanımıram. Ona görə də soruşa- soruşa gedirəm. Təxminən 10-12 dəqiqəyə universitetə çatıram. Doktorantı olduğum və çalışdığım Bakı Dövlət Universitetindən xeyli kiçikdir. Universitetin girəcəyində- bufetə bənzəyən bir yerdə bir neçə gənc çay içir. İçəridə xeyli növbə var. Odur ki, gözləməli oluram. Arada mən də çölə çıxıb gəlir, çay içirəm.
Təqribən iki saatdan sonra, nəhayət, növbə mənə çatır. Sənədlərimi universitetin mütəxəssisi Fəridə xanıma təqdim edirəm. Danışığından hiss olunur ki, əslən Kiprdəndir. Lazımi qeydiyyatları apardıqdan sonra “Sabah imtahana gəlin” deyir.
Acdığımı hiss edirəm. Amma harada yemək yeməli olduğumu, daha doğrusu, harada münasibət qiymətə və daha doyumlu, dadlı yemək yeyə biləcəyimi bilmirəm. Odur ki, yerli sakinlərdən soruşuram. Buralarda ev yeməkləri bişirilən yerin olduğunu deyir və yolu izah edirlər. Elə də uzaqda deyildi.
Xudmani bir yerdir. Masa arxasına keçir, düyü, qovurma ət sifariş edirəm. Yeyir, pulu ödəyir və pansiyona gedirəm. Bu günlük daha işim yoxdur.
Yatağa uzanır, telefonumda son xəbərləri oxuyuram. Xəbər saytları yazırlar ki, Rusiya Uktaynada növbəti genişmiqyaslı dron hücumu həyata keçirib.
Təxminən on ilə yaxındır ki, jurnalistikadayam. Artıq xəbər qanıma hopub…
Öz- özümə Şərqi Avropadakı savaşın nə zaman bitəcəyini düşünürəm. Təəssüf ki, yaxın vaxtda bitənə oxşamır…
...Səhər özümlə Bakıdan gətirdiyim şirniyyatlarla çay içirəm. Və imtahan üçün universitetin yolunu tuturam. İndiyə qədər verdiyim imtahanların sayını – hesabını itirmişəm. Amma yenə də özümü həyəcanlı hesab edirəm. Necə deyərlər, sanki bildiklərimi də unutmuşam.
Fikrimi yayındırmağa və özümə hər şeyin yaxşı olacağını təlqin etməyə çalışıram.
Dünənki kimi yenə də universitetdə tələbə çoxdur. Bizi komputer otağına aparırlar. Otaqdan bir çox tələbə artıq yerini tutub. Qaradərili, əslən Britaniyadan orta yaşlı xanım müəllim qarşıma suallar olan vərəq və cavab kitabçası qoyur. İmtahanın qaydasını bilmədiyimə görə özümlə qələm götürməmişdim.
Koordinatora ingilis dilində deyirəm:
- Qələmim yoxdur.
Məni əməlli- başlı danlayır, “Necə imtana gəlmisən ki, qələmin yoxdur?!” deyir. Nə cavab verəcəyimi bilmirəm.
Əlimi təsadüfən şalvarıma sürtəndə bir də baxıram ki, cibimdən qələm var. Çıxarır, müəllimə heç nə demədən yazmağa başlayıram. Qələmin haçansa işimə bu qədər çox yarayacağını təsəvvür etməzdim. Görünür, kiçik detallarda da möcüzələr tapmaq olarmış. Görəsən, qələm olmasa idi, imtahanın nəticəsi necə olacaq?..
90 sualdır, 90 dəqiqə də vaxt. Yavaş-yavaş, tələsmədən sualları edirəm. Elə də çətin deyil.
Koordinator diqqətlə auditoriyanı izləyir. Hərdən bizə “köçürməyin, qabağınıza baxın” deyir. Son yarım saata yaxın müddətdə kodlaşdırmanı edir və otaqdan çıxıram. Auditoriyanı ən sonda tərk edənlərdən biri oluram. Müəllim təqdiredici və təəccüblü baxışlarla mənə baxır. Sanki demək istəyir ki, qələmi haradan tapdın?
Asta addımlarla pilləkənlarla aşağı düşür və universitetdən çıxıram. Hava qismən sərindir. Odur ki, şəhəri gəzməyə qərar verirəm. Ətrafda bir neçə məktəb, Türkiyənin Şimali Kiprdəki nümayəndəliyinin binası var.
Şimali Kiprin Milli Məclis binasının yanından keçirəm. Dəbdəbəli deyil, sadə binadır. Maraqlıdır, görəsən, sessiyalar nə zamandan başlayacaq? Ada- dövlətdə düşündüyüm şey bax e…
Ətrafda məktəblilər gözümə dəyir. Danışa – danışa məktəbə gedir, məktəbdən qayıdırlar. Xoşbəxt görünürlər…
…Otağıma qalxır, bir az televizora baxır, bir az da telefonda xəbərləri oxuyuram.
Axşama yaxın çıxıb gəzirəm. Yemək yemək üçün yaxınlıqdakı bir neçə restorana baxıram. Demək olar, ancaq dönər növləridir. Odur ki, dönər yeməli oluram.
Səhəri gün qəbul sənədimi almaq üçün ali məktəbə gedirəm- artıq tanıdığım yollarla. Düzü, çox gözləməli oluram. Sözün əsl mənasında səbrim sınanır. Ya sistem işləmir, ya printer, ya da sənədlər səhv çıxır və hansısa düzəlişə ehtiyac olur. Yalan olmasın, bəlkə, bir beş saat gözləyirəm. Sonra ikinci mərtəbəyə- rektor müavini Antoni Eniayejinin otağına qalxıram. Ortayaşlı, qaradərili müəllimdir. Həm də əsas fənn müəllimlərimdən biri olacaq. Əl uzadır, salamlaşırıq. Ad- soyadımı, tələbə nömrəmi soruşur. Sonra komputerində imtahan nəticəmə baxır. Bəlkə, bir on dəqiqəə. Mən də onu müşahidə edir, nə isə soruşmağa çəkinirəm. Diqqətlə təhlil edir. Sonra keçəcəyim fənlərin siyahısını verir və “Good luck”(Red: “Uğurlar”) deyir.
Belə çıxır ki, artıq sabah Bakıya qayıda bilirəm. Bircə qalır sənədimin müvafiq formada təsdiqi.
Səhəri gün əvvəlcə Xarici İşlər Nazirliyinə gedirəm. Yolu tanımıram. Odur ki, soruşuram. Çox uzaqda- şəhərin başqa rayonunda olduğunu deyirlər. Taksi qiymətini soruşuram. Məlum olur ki, burada taksi çox bahadır. Şükür Bakıya…
Odur ki, dabana güc verirəm. Haradasa bir saat gəzirəm. Özü də istinin altında. Burada işimi həll edib Təhsil Nazirliyinə yollanıram. Oradan da Türkiyənin Şimali Kiprdəki səfirliyinə. Yəni xeyli gəzirəm. Sonuncu dəfə nə zaman bu qədər çox yeridiyimi xatırlamıram.
...Axşama yaxın işimi bitirir və gecə üçün bilet alıram. Lakin daha qaldığım pansiona qayıtmaq istəmirəm. Ona görə də şəhərdə gəzirəm. Bir də baxıram ki, Şəhidlər abidəsinin önündə bir qrup hərbçi və insan toplaşıb. Tədbir keçirilir. Yolu keçir, kafedə oturmaq istəyirəm. Ölkə prezidenti Ersin Tatarın bir qrup qazi ilə oturub söhbət etdiyini görürəm.
E.Tatarı qiyabi tanıyıram. Dəfələrlə çıxışlarını yazmışam. Azərbaycanda çox olub, ölkəmizi çox sevir. Kafedə onlardan başqa kimsə yoxdur. Əslində bu, normaldır. Tərəddüdlə içəri daxil olur, masalardan birinin arxasında oturur, ətrafı müşəhidə edirəm. 5- 10 dəqiqəyə ayağa qalxır özümü çay sifariş edirəm. Xanım ofisiant deyir:
- Siz əyləşin. Cumhurbaşqanımın kofelərini verirəm, gətirəcəm.
Əslində bu hal məni təəccübləndirir. Başqa yerlərdə prezidenti daha ciddi qoruyur, bu qədər yaxınlığına kimsəni buraxmırlar.
Çayımı içdikdən sonra toparlanlb bayaqdan bəri baxışlarını üzərimdə hiss etdiyim mühafizə əməkdaşına yaxınlaşıram. Özümü təqdim edir, prezidentdən müsahibə almaq istədiyimi bildirirəm. Dövlət başçısının müşavirini yanıma göndərəcəyini deyir və dediyi kimi də edir. Orta yaşlı xanım mənə yaxınlaşır, özünü təqdim edir:
- Buyurun, mən Zuhal Çakmak...
Mən də özümü təqdim edir, xahişimi söyləyirəm. Qadın dövlət başçısına yaxınlaşır, qulağına nə isə deyir.
Bundan sonra E.Tatar məni yanına çağırır:
- Gəl, qardaş, gəl. Mən Azərbaycanda çox olmuşam, azərbaycanlıları çox sevirəm.
Müsahibə almaq istədiyimi deyirəm. Daha neçə gün Lefkoşada olduğumu soruşurlar. Cavab verirəm ki, bu gecə qayıdacam. Prezident təəssüf edərək indi vaxtının olmadığını deyir. Lakin xatirə fotosu çəkirik. Z.Çakmak nömrəsini verir və deyir ki, gələn dəfə qayıdanda onlarla əlaqə saxlayım.
Cəmi bir neçə günlük gəldiyindən, özü də ilk dəfə burada olduğun ölkədə prezidentlə təsadüfən görüşmək, onunla xatirə fotosu çəkmək əsl şansdır…
…Ercan hava limanındayam. Buradan Aerporta, oradan da Bakıya gedəcəm. Mesajlaşdığım bir nəfər yazır:
- Gəl, gözləyirəm…
Harada, dünyanın hansı ucunda olmasından asılı olmayaraq həyatında səni gözləyən birinin olması çox gözəldir…
Kənan Novruzov
12:43 01.10.2025
Oxunuş sayı: 1378