İran Zaqros dağlarında yerləşən müəmmalı yeraltı obyektin tikintisini gücləndirib

ABŞ və İsrailin iyun ayında İranın nüvə infrastrukturuna endirdiyi zərbələrdən sonra İran Zaqros dağlarında yerləşən müəmmalı yeraltı obyektin tikintisini gücləndirib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Vaşinqton Post" qəzeti peyk görüntüləri və ekspert qiymətləndirmələrinə istinadən məlumat yayıb.
Söhbət "Kuh-e Kolang Gaz La" kompleksi, digər adı ilə "Kirka dağı" adlanan obyektindən gedir. Bu yer, Nətənz şəhərindəki nüvə mərkəzindən təxminən 1,5 km aralıda yerləşir. Burada 2020-ci ildən etibarən tunellərin qazılması aparılır, lakin bu tunellərin dəqiq təyinatı hələ də məlum deyil. MAQATE-nin (Beynəlxalq Atom Enerjisi Agentliyi) baş direktoru Rafael Qrossi bildirib ki, Tehran bu obyektlə bağlı izahat verməkdən imtina edib.
Analitiklərin fikrincə, zalların dərinliyi 80–100 metr arasında ola bilər ki, bu da əvvəllər ABŞ-ın bunkerə qarşı bombalarla hədəf aldığı Fordo obyektindən daha dərin deməkdir. Dağın yamacında təxminən 1,6 kv. km sahəsi olan yerüstü platforma və iki tunel girişi görünür.
Ən son peyk görüntüləri ərazinin perimetrinin möhkəmləndirildiyini, tunellərin genişləndirildiyini və ağır texnikadan istifadə olunduğunu göstərir. Başlanğıcda İran bu ərazidə sentrifuqaların yığılması üçün istehsal güclərinin yerləşdiriləcəyini bildirmişdi. Lakin tikintinin miqyası və xüsusiyyətləri ekspertlərə burada gizli uran zənginləşdirməsi və ya artıq zənginləşdirilmiş ehtiyatların saxlanması ehtimalını düşündürür.
MAQATE-nin məlumatına görə, iyun zərbələrinə qədər İranın 60%-ə qədər zənginləşdirilmiş 400 kiloqramdan çox uranı var idi. Onların hazırda harada saxlandığı məlum deyil.
Səbiyyə Zayirova
13:15 27.09.2025
Oxunuş sayı: 2932