Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 10%-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 10.3% artaraq 2,4 milyard ABŞ dolları təşkil edib.
Crossmedia.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın sentyabr sayına dair ilkin rəqəmləri təqdim edib.
İcmala əsasən, 2025-ci ilin yanvar-avqust aylarında yeyinti məhsulları üzrə ixrac 22,9% artaraq 774,2 milyon ABŞ dollarına bərabər olub.
Cari ilin səkkiz ayında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 58,2%, meyvə-tərəvəz 32,2%, kimya sənayesi məhsulları 24,3%, pambıq iplik 16,3%, çay 2,1%, qara metallar və onlardan hazırlanan məmulatlar 0,2% artıb.
2025-ci ilin yanvar-avqust aylarında aqrar məhsullar üzrə ixrac 28,2% artaraq 614,4 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac isə 4,7% artaraq 209,5 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 21,3% artaraq 823,9 milyon ABŞ dolları təşkil edib.
11:59 12.09.2025
Oxunuş sayı: 855