Azərbaycan universitetlərində donor dəstəyi hansı vəziyyətdədir? – AÇIQLAMA

Məlum olduğu kimi bir çox dünya ölkələrində həmin ölkənin iş adamları tərəfindən təhsil alan gənclərə və ümumən ölkənin təhsilinə vəsaitlər ödənilir. Bu cür dəstək həm ölkənin inkişafında, həm də gənclərin maariflənməsində böyük rol oynayır. Ölkəmizdə isə əvvəllər ziyalılarımız və iş adamlarımız təhsilə müəyyən yatırımlar ediblər. Bu gün isə bunun tam əksini müşahidə edirik. Demək olar ki, iş adamları tərəfindən dəstək sıfır səviyyəsindədir. Bəs bu hal nədən qaynaqlanır, niyə ölkəmizdə iş adamları təhsilə pul xərcləmir?
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov ölkəmizdə bu cür vəziyyətin cəmiyyətin təhsilə olan münasibətinin göstəricisi olduğunu bildirib: “Azərbaycanda ali təhsil sisteminin maliyyələşməsi illərdir yalnız dövlət büdcəsinin üzərinə qoyulub. Əslində, inkişaf etmiş ölkələrin təcrübəsində universitetlərin dayanıqlı və güclü maliyyə modelinin əsasında donor dəstəyi, iş adamlarının ianələri, məzunların dəstəkləri dayanır. ABŞ-da Harvard, Yale, MIT kimi universitetlərin illik büdcəsinin 40–50 faizi məhz ianələrdən formalaşır. Türkiyədə Koç, Sabancı, Bilkent kimi universitetlər birbaşa iş adamlarının şəxsi ianələri ilə yaradılıb və bu gün dünya reytinqlərində yer alır. Almaniyada və Skandinaviya ölkələrində dövlət maliyyələşməsi ilə yanaşı, özəl sektor universitetlərlə əməkdaşlıq edir, laboratoriyalar yaradır, araşdırmalara dəstək olur. Azərbaycanda isə vəziyyət tam fərqlidir – hələ də bir iş adamı bir universitetə 5 manat belə ianə etməyib. Bu fakt cəmiyyətin təhsilə olan münasibətinin göstəricisi olmaqla yanaşı, dövlətin və universitetlərin yaratmadığı mexanizmlərin nəticəsidir.
Rəsmi statistikaya görə, 2024-cü ildə ali təhsilin maliyyələşməsinə dövlət büdcəsindən 2,3 milyard manat ayrılıb. Bu vəsait əsasən infrastruktur xərclərinə, müəllim maaşlarına və qismən təhsil proqramlarına yönəlib. Amma universitetlərin inkişaf fondları boş qalıb. “Təhsil haqqında” Qanunun 32-ci maddəsində göstərilir ki, ali təhsil müəssisələrinin maliyyə mənbələri sırasında ianələr və sponsor dəstəyi də nəzərdə tutulur.
Son illərdə bəzi universitetlərdə inkişaf fondlarının yaradılması barədə qərarların verilməsini qeyd edə bilərik. Amma bu təşəbbüslər formal xarakter daşıyır, faktiki nəticə isə yoxdur. Mənfi tərəfi isə daha dərindir”.
Ekspert həmçinin dünya təcrübəsi ilə müqayisədə Azərbaycan universitetlərinin maliyyə baxımından ən zəif mövqedə olduğunu qeyd edib.
“Dünya təcrübəsi ilə müqayisədə Azərbaycan universitetləri maliyyə baxımından ən zəif mövqedədir. ABŞ universitetlərinin donor fondları 40–50 milyard dollar həcmindədir, hətta Türkiyədəki özəl universitetlər ildə yüz milyonlarla lirə ianə toplayırlar. Azərbaycanda isə universitetlər öz məzunları ilə əlaqəni belə qura bilmirlər. Əgər Harvardın ən kiçik auditoriyasının belə adı ianə edən məzunun adı ilə bağlıdırsa, bizdə universitetlərin auditoriyaları illərlə baxımsız qalır, çünki heç kimə təşviq verilmir. Əgər universitetlər real inkişaf fondları yaratsa, vergi güzəştləri tətbiq edilsə, iş adamlarının da təhsilə dəstək göstərməsi qaçılmaz olar. Əks halda, bu vəziyyət uzun illər dəyişməyəcək və Azərbaycan universitetləri büdcədən asılı, zəif maliyyəli, dünya reytinqlərində isə arxa sıralarda qalmağa davam edəcək” – deyə ekspert bildirib.
Elmir Heydərli
17:37 25.08.2025
Oxunuş sayı: 893