Musa Yaqub – ürəklərin şairi

“Poeziya” sözü qədim yunan dilində “yaratma”, “yaradılış”, “həyata gətirmə” deməkdir. Amma əslində poeziya yalnız bir söz və ya anlayış deyil – o, şairin nəfəsi, qəlbinin ritmi, gözlərinin gördüyü, ürəyinin sezdiyi həqiqətdir. Şairin varlığı yazdığı sətirlərlə bütövləşir, ömrü misralara, misraları isə ömrə çevrilir. Azərbaycan poeziyası bu cür incilərlə zəngindir. Hər şair sözün sehrindən öz payını götürüb, amma hər birinin səsinə hopan duyğular, qəlbindən süzülən işıqlar fərqlidir. Onların arasında eləsi var ki, oxucunun qəlbinə sükutla yaxınlaşır, kəndin axar çayları kimi sakit, amma dərindən gəlir. O çay Musa Yaqubdur.
Musa Yaqub poeziyası təmiz su kimi şəffaf, kənd küləyi kimi saf, dağ havası kimi azaddır. O, ömrünü şeirə çevirmiş, sevgisini, kədərini, həsrətini sözlərlə işıqlandırmış bir sənətkar idi. Onun şeirlərində sevgi də, ayrılıq da, təbiət də bir-birinə qarışır; hər şey bir bütöv aləmə çevrilir. Hətta şairin qələmindən çıxan ayrılıq da gözəldir.
İnsan həyatında bir neçə dəfə münasibət yaşaya bilər. Lakin hər bir insanın həqiqətən ürəyinə hopan tək bir nəfər olur. O bir nəfər insanı tamamlayan digər yarısıdır. Ona olan hisslər duyğular tək sevgi ilə məhdudlaşmır. Bunu çox insan yaşaya bilər amma tam hiss etdiyi kimi hər adam qələmə ala bilərmi? Musa Yaqub bu hisslərini sözə çevirirdi. Onun həyatında da belə bir sevgi vardı – qəlbinin dərinliyində iz buraxan Gülşən adlı qadın. Musa Yaqub heç vaxt şəxsi duyğularını gurultuyla dilə gətirmirdi, amma yazdığı misralarda həmin məhəbbətin izlərini açıq-aydın görmək olur:
Gözümün qarşısında sevgilimin sürəti var
Xəyali görüşün də dünya qədər qiyməti var.
...Demə, axı, Musa ki ilqar nədir bilməz hələ,
Sadiq olsa, Leyliyə Məcnunun da hörməti var.
Bu misralar göstərir ki, şairin qəlbi nə qədər incə, nə qədər həssas olub. O, sevgiyə sadiqliyi müqəddəs bir əhd kimi görür, məhəbbətə xəyanəti isə insanlıqdan uzaq sayır.
Musa Yaqub ayrılığı da başqa cür qələmə alırdı. Onun şeirlərində ayrılıq nifrət və qəzəb deyil, daha çox sükut, təmkin və ürəyin incə sızıltısıdır. O, sevdiyinə hələ də saf və təmiz qalan hisslərini gizlətmir, ayrılıq anında belə sevginin müqəddəsliyini qoruyurdu:
Özünlə dustaq et, bir ev dustağı,
Buraxıb sən məni salma məhbəsə...
Bu misralar göstərir ki, şair üçün sevgisiz həyat azadlıq deyil, əksinə, məhbəsdir. O, özünü çaya, sevgilisini isə coşqun şəlaləyə bənzədir. Şəlalə çaya qarışanda onun gücünü artırdığı kimi, sevgilisi də onun həyatına məna qatır.
Musa Yaqubun yaradıcılığını fərqləndirən əsas cəhətlərdən biri də onun təbiətə olan vurğunluğudur. Onun şeirlərində dağlar nəfəs alır, çaylar danışır, ağaclar köks ötürür və bütün təbiət sevgi adlı hissdən yoğrulur. Təbiət sanki şairin duyğularının dili olur:
Uğursuz yolu da uğurlandıran,
Qranit qayanı cığırlandıran,
Atəşində əhəng daşı yandıran –
Ölürəm bir dəli sevgidən ötrü.
Burada sevgini izah etmək üçün təbiətin gücündən istifadə olunur. O, eşqi od qədər yandırıcı, su qədər sakitləşdirici, torpaq qədər doğma təsvir edir.
Musa Yaqubun özü də təbiətin bir parçası idi. Onun haqqında maraqlı bir fakt var: yaşı çoxalsa da, saçında ağ tük görünmürdü. Bunun səbəbini soruşanda o, gülümsəyərək deyirdi: “Camaat başı ilə düşünür, yazır, mən ürəyimlə.” Bu sözlər sadəcə zarafat deyil, şairin poeziya fəlsəfəsinin açarıdır. Musa Yaqub ürəyi ilə həm düşünür, həm də görürdü. Təbiətin gizli gözəlliyini, insanla kainatın vəhdətini o, ürəyi ilə hiss edir, qələmi ilə də sözə çevirirdi.
Onun poeziyası həm saf məhəbbətin, həm də doğma torpağın poeziyasıdır. Musa Yaqub Azərbaycan ədəbiyyatında sevgini bu qədər təmiz, təbiəti bu qədər canlı, həyatı isə bu qədər səmimi göstərən nadir şairlərdən biridir. O, oxucusunun qəlbinə yol tapmağı bacardı – çünki yazdığı hər misrada süni söz yox, ürəkdən gələn həqiqət vardı.
Musa Yaqub – bu ad Azərbaycan poeziya səmasında həmişə parlayacaq. Çünki o, yalnız şair deyil, həm də xalqın yaddaşında yaşayan bir ürək, bir nəfəs, bir səsdir.
Ayhan
14:06 19.08.2025
Oxunuş sayı: 807