Ermənistan ordusunun Zəngilana hücumları nəticəsində doğmaları öldürülmüş şəxslər məhkəmədə ifadə verib





Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası avqustun 15-də davam etdirilib.
Crossmedia.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər
Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə
(ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin
hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin
olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş
şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət
ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş
şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri
və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını
və vəzifələrini izah edib.
Zərərçəkmiş şəxs Lalə İsmayılova Ermənistan silahlı qüvvələrinin
hücumları nəticəsində Zəngilan rayonunun Yuxarı Yeməzli kəndindən məcburi
köçkün düşdüyünü bildirib. Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını
cavablandıran L.İsmayılova polis əməkdaşı olan qardaşı İsmayıl Barat oğlu
İsmayılovun 1993-cü il oktyabrın 25-də digər 6 polislə birlikdə Cəbrayıl
rayonunun Dərzili kəndində Ermənistan silahlı qüvvələri tərəfindən qətlə
yetirildiyini deyib. Onların nəşləri indiyədək tapılmayıb.
Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını
cavablandıran zərərçəkmiş Bikəxanım Quliyeva ifadəsində bildirib ki, yaşadığı
Orta Yeməzli kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal
edilən zaman dördotaqlı evi yandırılıb. B.Quliyeva deyib ki, özündən əvvəl ifadə
verən L.İsmayılovanın qardaşı ilə birlikdə qətlə yetirilən polislərdən biri –
İlham İmamqulu oğlu Quliyev – onun qardaşıdır.
B.Quliyeva müdafiə tərəfinin suallarına cavabında kəndə
hücum zamanı atəşlərin Ermənistanın Qafan rayonu istiqamətindən açıldığını
bildirib.
İdris Mirzalıyev ifadəsində Zəngilan rayonundan məcburi
köçkün düşdüyünü bildirib. Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə
idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş şəxs
deyib ki, Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınmasında
iştirak edib, döyüşlər zamanı Zəngilanda və Tərtərdə yaralanıb.
Xavər Şükürova ifadəsində 1993-cü ilin oktyabr ayında Zəngilan
rayonunun Havalı kəndinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi
nəticəsində məcburi köçkün düşdüyünü deyib.
Məleykə Hüseynova Ermənistan silahlı qüvvələrinin hücumları
səbəbindən yaşadığı Zəngilan rayonunun Şərikan kəndini 1992-ci il dekabrın
10-da tərk etdiklərini, kəndin işğal olunduğunu deyib. Onlar Zəngilanın digər ərazisində
məskunlaşıblar. 1993-cü ilin oktyabrında rayon işğal edilərkən Araz çayından
keçərək xilas olublar. Qardaşı isə Ermənistan ordusuna qarşı döyüşlər zamanı
itkin düşüb.
Ülkər İsgəndərova ifadəsində 1993-cü il oktyabrın 29-da Zəngilan
rayonundan məcburi köçkün düşdüyünü bildirib.
Ramal Məmmədov ifadəsində 2020-ci ildə 44 günlük Vətən
müharibəsi zamanı Murovdağda Ermənistan silahlı qüvvələrinin açdığı artilleriya
atəşi nəticəsində yaralandığını deyib.
Tamilə Süleymanova ifadəsində 1993-cü il oktyabrın 30-da Zəngilan
rayonunun Vejnəli kəndinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal
olunması səbəbindən yaşadığı evi tərk etmək məcburiyyətində qaldığını bildirib.
O deyib ki, Araz çayından keçərək xilas olublar.
Nazilə Hüseynova ifadəsində 1993-cü il avqustun 23-də Ermənistan
silahlı qüvvələrinin hücumu nəticəsində Füzuli rayonunun Qaraxanbəyli kəndindən
məcburi köçkün düşdüyünü deyib.
Vəfalı Qədirov ifadəsində hərbi xidmətdə olarkən, 2017-ci il
fevralın 2-də Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində güllə
yarası aldığını söyləyib. Həmin xəsarətlə bağlı səhhətində indi də problemlər
qalır.
Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin
suallarını cavablandıran zərərçəkmiş Ələmdar Mədətov 7 nəfər ailə üzvü ilə
birlikdə 1993-cü ildə yaşadığı Zəngilan rayonundan məcburi köçkün düşdüyünü
bildirib.
Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran Kəmalə
Yusifova ifadəsində ailə üzvləri ilə birlikdə 1993-cü ildə Zəngilan rayonunun Məmmədbəyli
kəndindən məcburi köçkün düşdüyünü deyib. Zəngilan rayonu işğaldan azad
edildikdən sonra oğlu hərbi xidmət zamanı Ermənistan silahlı qüvvələri tərəfindən
basdırılmış minanın partlaması nəticəsində ağır yaralanıb, ayağı amputasiya
olub.
Ceyhun Quliyev ifadəsində 1993-cü ildə Zəngilandan məcburi
köçkün düşdüyünü deyib. O, təqsirləndirilən şəxs David Babayanın suallarına
cavabında deyib ki, Ermənistan silahlı qüvvələri digər istiqamətlərdə yolu
bağladıqlarına görə Araz çayından keçməklə xilas olublar.
İbadət Süleymanov ifadəsində Ermənistan silahlı qüvvələrinin
hücumları səbəbindən 9 nəfərlik ailə üzvləri ilə birlikdə 1993-cü il oktyabrın
30-da Zəngilan rayonundan məcburi köçkün düşdüyünü söyləyib.
İsgəndər İsgəndərov ifadəsində 1993-cü ilin oktyabrında Zəngilan
rayonunun Şəfibəyli kəndindən məcburi köçkün düşdüyünü söyləyib.
Zülfü Həsənəliyev ifadəsində Zəngilan rayonundan məcburi
köçkün düşdüyünü, rayonun müdafiəsi uğrunda döyüşlərdə iştirak etdiyini deyib.
O, işğal zamanı Ermənistan silahlı qüvvələrinin mülki şəxslərə, o cümlədən
qadınlara və qocalara qarşı amansız davrandığını bildirib.
Nəbi Nağıyev ifadəsində Zəngilan rayonunun Bartaz kəndindən
məcburi köçkün düşdüyünü deyib. O, qardaşının şəhid olduğunu da söyləyib.
Xanoğlan Süleymanov ifadəsində Zəngilan rayonundan məcburi
köçkün düşdüyünü, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində
qardaşının azyaşlı övladı Sadiq Süleymanovun (1992-ci il avqustun 22-də) və
qardaşı Baloğlan Süleymanovun (1993-cü il oktyabrın 25-də) qətlə yetirildiyini
bildirib.
Eldar Novruzov 1992-ci ilin sentyabr ayında Zəngilan
rayonunun Malatkeşin kəndində yaşadığı evə Ermənistan silahlı qüvvələrinin
atdığı mərminin düşdüyünü bildirib. Sonradan kənd işğal edilib.
Vidadi Orucov ifadəsində Zəngilan rayonunun Məmmədbəyli kəndindən
məcburi köçkün düşdüyünü söyləyib. İşğal zamanı evləri talan olunub, kənd qəbiristanlığı
tamamilə məhv edilib, yerində heç nə qalmayıb.
Rasim Camalov, Raci İsmayılov, Barat Xanlarov, Əşrəf İbadov
ifadələrində Ermənistan silahlı qüvvələrinə qarşı döyüşlərdə iştirak etdiklərini
söyləyiblər. Onlar həm də Zəngilandan məcburi köçkün düşmüş şəxslərdir.
Abış Məhərrəmov, Mahir Xəlilov və Habil Nuriyev ifadələrində
Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində yaşadıqları evləri tərk
etmək məcburiyyətində qaldıqlarını, Araz çayından keçərək xilas olduqlarını
bildiriblər.
Rövşən Abdullayev bildirib ki, 1993-cü ildə Ermənistan
silahlı qüvvələri tərəfindən əsir götürülüb. Əsirlikdə 35 ay saxlanılıb. Zərərçəkmiş
şəxs deyib ki, əsirlik zamanı özü və digər azərbaycanlılar işgəncələrə məruz
qalıb, o cümlədən bədənlərinə elektrik cərəyanı verilib. Qanunsuz olaraq məcburi
şəkildə işlədiliblər. Əsirlik zamanı 2 il 8 ay Şuşada saxlanılıb. 1996-cı il
mayın 10-da Azərbaycan tərəfə qaytarılıb.
Elbrus Hacıyev, Elbrus Abbasov və Adil Quluyev ifadələrində
Ermənistan silahlı qüvvələrinin Laçın rayonunu işğal edən zaman – 1992-ci ilin
mayında yaşadıqları evi tərk etmək məcburiyyətində qaldıqlarını deyiblər.
A.Quluyev ərazilərin qorunması uğrunda gedən döyüşlərdə iştirak etdiyini də
bildirib.
Soltan Məmmədov ifadəsində 1993-cü ilin avqust ayında Ermənistan
silahlı qüvvələrinin hücumları nəticəsində yaşadığı Füzuli rayonunun Qərvənd kəndindən
məcburi köçkün düşdüyünü söyləyib. Bildirib ki, hücumlar zamanı doğmaları şəhid
olub.
Vaqif Hüseynov Füzuli rayonunun Merdinli kəndindən məcburi
köçkün düşdüyünü deyib.
Anar Məmmədov ifadəsində hərbi xidmət zamanı, 2015-ci il
sentyabrın 1-də Ermənistan silahlı qüvvələrinin basdırdığı minanın partlaması nəticəsində
xəsarət aldığını, nəticədə sol qolunu itirdiyini bildirib.
Səməd Əhmədov Ermənistan silahlı qüvvələrinə qarşı döyüşlər
zamanı Füzuli rayonunda xəsarət aldığını deyib.
Zərərçəkmişlər, həmçinin təqsirləndirilən şəxslərin, o cümlədən
Davit İşxanyanın, təqsirləndirilənlərin müdafiəçilərinin və özlərinin nümayəndələrinin
suallarını da cavablandırıblar.
Məhkəmə prosesi avqustun 18-də davam etdiriləcək.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət
qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin
bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş
və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada
idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində
daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz
etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj
Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel
Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran
Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi,
bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən
cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş
çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs
ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan
Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David
Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili
İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen
Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik
Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102
(beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə),
103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini
deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları
zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə),
113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma),
116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118
(hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214
(terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat)
yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı,
partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama,
daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər),
277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278
(hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya
quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan
silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham
olunurlar.
19:56 15.08.2025
Oxunuş sayı: 1222