ABŞ İrana hərbi müdaxilə üçün Azərbaycandan istifadə etmək istəyir?
Müharibələrin qızğın gedişatında regionla bağlı müxtəlif iddialar gündəmə gəlir. Belə iddialardan birinə görə, ABŞ İrana qarşı quru əməliyyatına başlamaq üçün İranla həmsərhəd ölkələrin ərazisindən istifadə etməyə ehtiyac duya bilər. Bu kontekstdə Türkiyə və Azərbaycanın adı da çəkilir. İddialara görə, mümkün quru əməliyyatı üçün həmin ölkələrin ərazilərindən istifadə variantı nəzərdən keçirilə bilər. Bəzi ekspertlər hesab edir ki, regionda baş verən son hadisələr və raket hücumları ilə bağlı yayılan məlumatlar məhz bu cür ssenarilərin gündəmə gəlməsi ilə əlaqələndirilə bilər. Onların fikrincə, Cənubi Qafqazın böyük güclərin geosiyasi qarşıdurma meydanına çevrilməsi ehtimalı da istisna edilmir.

Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən hərbi ekspert İbrahim Rüstəmli bildirib ki, ABŞ-nin İrana quru əməliyyatını həyata keçirmək məqsədilə ya Azərbaycanın, ya da Türkiyə Cümhuriyyətinin ərazisindən istifadə etməsi məsələsi perspektivsiz bir söhbətdir və daha çox şayiələrə söykənə bilər: " Azərbaycan İranla kifayət qədər ciddi münasibətlər qurub. İran Prezidentinin Azərbaycana səfəri, Azərbaycanın müharibə və son günlərdə baş verən hadisələrlə bağlı İrana humanitar yardım göndərməsi, İran vətəndaşlarının digər ölkələrdən tranzit yolu ilə gətirilməsi bunu göstərir. Bütün bu məsələlərdə Azərbaycanın davranışı təkcə sözlə yox, həm də əməldə İranın yanında olmasının göstəricisidir. Burada əsas məsələ ondan ibarətdir ki, İkinci dünya müharibəsində bəzi dövlətlər neytral mövqe saxlamışdılar və ya müharibədə daha çox neytral mövqe tutmağa cəhd göstərmişdilər. Bu ölkələr İkinci dünya müharibəsinin xarabalığı altında qalmadılar. Bildiyimiz kimi, bu müharibədə milyonlarla insan həlak olub. Bəzi mənbələrdə çox, bəzi mənbələrdə isə bir qədər az rəqəm göstərilir, amma hər halda 60–70 milyon insanın həlak olması çox ciddi faktordur. Bu müharibə bütün dünyanı bürümüşdü və yandırıb-yaxmışdı".
Ekspert hesab edir ki, Azərbaycan heç bir ölkənin ərazisinə qarşı iddia ilə çıxış etmir: "Azərbaycan istər Cənubi Qafqazda, istərsə də dünyada balanslaşdırılmış siyasət həyata keçirir. Bu səbəbdən bir Azərbaycan vətəndaşı olaraq və uzun müddət orduda xidmət etmiş bir zabit kimi tam məsuliyyətimlə deyirəm ki, Azərbaycan heç bir halda ABŞ-yə öz ərazisindən İrana qarşı quru qoşunları ilə əməliyyat həyata keçirməyə icazə verməz. Eləcə də Türkiyə. İran məsələsi çox ciddi məsələdir. Bəzi adamlar İranın vurulması faktoruna sevinirlər, amma elə deyil. Müharibə regiona ən yaxın olan ərazidə baş verə bilər – həm coğrafi baxımdan, həm də mənəvi baxımdan bizə çox yaxındır. Bizim bir-birimizlə mənəvi, vicdani bağlılığımız var. Yəni eyni dinə söykənirik. Kim bu dinə necə xidmət edir, özü bilir. Amma əsl müsəlmanlar bir-biri ilə qardaş kimi bağlıdır. Bu mənada İranın vurulması faktoru məni çox narahat edir və mən qətiyyən bu hərbi kampaniyanın əleyhinəyəm. Azərbaycan dövləti öz ərazisindən tranzit kimi istifadə olunmasına qətiyyən yol verməyəcək. Çünki Azərbaycan birincisi İranla münasibətlərində balanslaşdırılmış siyasət həyata keçirir. İkincisi, Azərbaycan müharibə dəhşətinin, müharibə dağıntılarının nə olduğunu yaxşı bilən bir dövlətdir. Xalqımız müharibə dövründə çox ağır əzablar yaşayıb, böyük itkilərə məruz qalıb".
İ.Rüstəmov qeyd edib ki, Azərbaycan dövlətinin siyasətində digər dövlətlərin ərazi bütövlüyünə və siyasi baxışlarına hörmətlə yanaşma var: " Azərbaycan heç bir ölkə ilə münaqişə yaşamaq fikrində deyil. Naxçıvanda dron hadisəsi baş verdikdən sonra Azərbaycan Prezidentinin reaksiyası çox sərt oldu, belə də olmalı idi. Çünki Azərbaycan ərazisinə hərbi təcavüz idi. Belə hadisədən sonra Azərbaycan öz ərazisini ABŞ-nin quru qoşunlarının ixtiyarına verə bilməz. Azərbaycan coğrafi baxımdan balaca bir ölkədir və İranla demək olar ki, sərhəd baxımından çox yaxın məsafədəyik. Azərbaycan dövləti də belə bir faktorun reallaşmasına imkan verməyəcək".
Fatimə
16:09 18.03.2026
Oxunuş sayı: 97