Xalq öz prezidentini qorumalıdır - ŞƏRH
Azərbaycan xalqının ən müqəddəs dəyərlərinə, milli birliyinə, dövlətçiliyinə və qazanılmış qələbələrinə qarşı açıq-aşkar alçaq hücum aparanlar – Prezident ailəsinə qarşı yalan, saxta görüntülər, böhtan və zəhərli informasiya axını yaradan bu çirkin qrup – əslində yalnız şəxsi nifrət və xarici maraqların əlində alət olan informasiya terrorçularıdır.
Onlar heç bir vicdan, heç bir mənəvi sərhəd tanımadan cəmiyyətin əxlaqını zəhərləməyə, gənc nəslin şüurunu qaraltmağa, xalqın sülh və rifah içində yaşamaq hüququna xəyanət etməyə çalışırlar. Bu əməllər sadəcə təhqir deyil, sistemli şəkildə Azərbaycan dövlətçiliyinin təməlinə, Heydər Əliyev siyasətinin davamçılığına və xalqın legitim hakimiyyətinə qarşı yönəlmiş informasiya müharibəsinin tərkib hissəsidir.
Hüquqi baxımdan bu cür hərəkətlər Azərbaycan Respublikasının Konstitusiyasının 47-ci (şərəf və ləyaqətin müdafiəsi), 48-ci (fikir və söz azadlığı hüququnun hüdudları) maddələri ilə yanaşı, Cinayət Məcəlləsinin 147-ci (böhtan), 148-ci (təhqir), 156-cı (dövlət sirrinin açılması), 274-cü (dövlətə xəyanət) və 283-cü (ictimai əxlaqa zidd hərəkətlər) maddələri ilə birbaşa cinayət tərkibi təşkil edir. Bundan əlavə, “İnformasiya, informasiyalaşdırma və müdafiə haqqında” Qanun və “Kiber təhlükəsizlik haqqında” Qanun çərçivəsində belə saxta məlumatların yayılması dövlət təhlükəsizliyinə qarşı yönəlmiş ağır cinayət kimi qiymətləndirilir. Dövlət Təhlükəsizlik Xidmətinin ifşa etdiyi telefon danışıqları, ünvanlar və sübutlar artıq hüquqi əsas yaradır ki, bu şəxslər həm cinayət məsuliyyətinə, həm də mülki qaydada böyük kompensasiya tələblərinə cəlb olunsunlar.
Bu hadisə bir daha göstərir ki, milli dəyərlərimizi, Prezident ailəsini və dövlətçiliyimizi qorumaq hər bir vətəndaşın müqəddəs borcudur. Hüquqi müstəvidə tam məsuliyyətə cəlb etmək, informasiya terrorçularına qarşı sərt və qətiyyətli addımlar atmaq isə dövlətin və xüsusi xidmət orqanlarımızın ən vacib vəzifəsidir. Çünki yalnız beləliklə Azərbaycan xalqı sülh, rifah və qələbə yolunda inamla irəliləyə bilər. Milli birliyimizi qorumaq – bu, sadəcə vəzifə deyil, hər birimizin şərəf və vicdan məsələsidir!

Mövzu ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu Crossmedia.az-a açıqlama verib: "Bir xalqın dəyərlərinə qarşı şər atmaq, böhtan yaymaq həm müqəddəs məsuliyyət yaradır, həm də ictimai məsuliyyət doğurur. Əslində, bu cür addımlar cəmiyyətin dəyərlərini dəyərsizləşdirməyə, ictimai əxlaqına zərbə vurmağa hesablanıb. Azərbaycan Prezidentinin ailəsinə qarşı yalan xəbərlər, saxta məlumatlar və görüntülər vasitəsilə informasiya müharibəsi aparmağa çalışan bir qrupun dövlət təhlükəsizlik xidməti tərəfindən ifşa edilməsi mənə elə gəlir ki, həm ümumi ictimai maraqlarımız kontekstində, həm də mənəvi və dövlətçilik dəyərlərimiz baxımından olduqca mühüm bir addımdır. Onsuz da Azərbaycan ictimai ideyası kifayət qədər intellektual əsaslar üzərində formalaşıb və nəyin nə olduğunu ayırd edə bilir. Ancaq çox təəssüf ki, informasiya manipulyatorlarının bəzən toruna düşən, olmayan şeyi həqiqət kimi qəbul edən bir təbəqə də formalaşır. Ona görə də, məncə, biz baş vermiş hadisədən bir neçə nəticə çıxarmalıyıq. Bunlardan birincisi odur ki, Azərbaycana tarixi qələbə bəxş etmiş, Azərbaycan xalqına qalibiyyət yaşatmış, sülh və rifah gətirmiş prezident və onun ailəsi bu vaxta qədər olduğu kimi, bundan sonra da Azərbaycan ictimaiyyəti və xalqı tərəfindən daha çox qorunmalıdır. İkincisi, bizim dəyərlərimizi əlimizdən almaq istəyən informasiya terrorçuları hüquqi müstəvidə mütləq məsuliyyətə cəlb edilməlidirlər. Dövlət təhlükəsizlik xidmətinin yaydığı telefon danışıqlarında verilən mesajlar, göstərilən ünvanlar tək-tək araşdırılmalı, ifşa edilməli və məsuliyyətə cəlb olunmalıdır".
Deputat əlavə edib ki, bu gün Azərbaycan ictimaiyyətini narahat edən bir sual var: bizim dövlətçiliyimizə, müstəqil dövlətimizə qəsd etmək istəyən, xalqın legitim hakimiyyətinə qarşı çevriliş etmək istəyən “dırnaq arası o başda oturan” kimdir? Bu sual hər bir azərbaycanlını narahat edir: "Nəticə etibarilə, biz bu gün məhz Azərbaycan Prezidentinin, onun ailəsinin, böyük mənada Heydər Əliyevdən gələn o böyük ailənin dövlətçiliyə sədaqəti və Azərbaycan xalqına xidməti sayəsində sülh və rifah içərisində yaşayırıq. Qalib xalq kimi yaşayırıq və torpaqlarımızı işğaldan azad etmişik. Ona görə də bu dəyərlər Azərbaycanın ali və milli dəyərləridir və onları qorumaq hər birimizin borcudur. Bu istiqamətdə fəaliyyət göstərmək isə, əlbəttə ki, xüsusi xidmət orqanlarımızın vəzifəsidir ki, bundan sonra da sülh və rifah içərisində yaşaya bilək".
Ayhan
16:41 18.03.2026
Oxunuş sayı: 60