Avropa üçün təhdid: Rusiya üstünlük əldə etdikcə sülh şərtləri daha çətinləşəcək

Ukraynanın müdafiə naziri Denis Şmıqal ABŞ-nin bu ölkədəki müvəqqəti işlər vəkili Culi Devis, hərbi attaşe Bred Nikolson və Vaşinqtondan gələn hərbçilərdən ibarət nümayəndə heyəti ilə görüşüb. Danışıqlarda pilotsuz uçuş aparatlarının birgə istehsalı da daxil olmaqla, hər iki ölkənin hərbi sahədə əldə etdikləri razılaşmaların icrası ətrafında vəziyyət nəzərdən keçirilib.
Nazir, həmçinin söyləyib ki, Rusiya ilə münaqişədə uzunmüddətli sülhə güc yolu ilə nail olunması Ukraynanın priorietidir.
Bu, D.Şmıqalın Ukraynanın müdafiə naziri ilk açıqlamalarındandır. Onun dediklərindən belə çıxır ki, hərbi yol Ukrayna üçün diplomatiyadan heç də az əhəmiyyətli deyil. Aydındır məsələdir ki, Kiyevin işğal altındakı torpaqları qısa müddətə hərbi yolla azad etməsi çətindir. Bəs Ukrayna daha uzunmüddətli müharibəyə hazırdımı?
Şmıqalın fikirlərini Crossmedia.az-a şərh edən hərbi ekspert Şair Ramaldanov bildirib ki, sülh danışıqlarına mane olan bir sıra amillər mövcuddur. Onun sözlərinə görə, tərəflər arasında kompromis əldə olunması üçün müəyyən şərtlər hələlik uyğun gəlmir: "Ukrayna rəhbərliyinin atdığı addımların ölkə daxilindəki qərarlardan əlavə, xarici təsirlərlə də bağlıdır. Ukraynanın bu mövqeyi, bir tərəfdən öz suverenliyi və ərazi bütövlüyü uğrunda qətiyyətli mübarizə mesajı versə də, digər tərəfdən, münaqişənin regional çərçivədən çıxaraq qlobal güclərarası toqquşmaya çevrildiyini də bir daha təsdiqləyir. Belə bir şəraitdə sülh danışıqlarının yalnız Kiyev və Moskva arasında deyil, Vaşinqton, Brüssel, London və digər paytaxtların razılığı ilə mümkün olacağı ortaya çıxır. Ukraynanın sülhə yönəlməməsi, onun daxili iradəsindən daha çox, xarici təsirlərlə bağlıdır. Kiyev bəzən öz maraqlarından çox, arxasında duran beynəlxalq güclərin mövqeyini ifadə edir. Bu isə danışıqlar masasında kompromisə əsaslanan sülh modelinin formalaşmasını çətinləşdirir. Ukraynanı yönləndirən, silahlandıran, ona təsir edən güclər var və onlar sülh masasına oturmağa əngəldir. Ukrayna bir çox hallarda qərarı özü deyil, ona sifariş verənlərin istəyi ilə qəbul edir”.
O bildirib ki, hazırda Rusiya sülh danışıqlarına yalnız çox sərt və birtərəfli şərtlərlə getməyə hazır olduğunu göstərir: "Bu şərtlər arasında işğal olunmuş ərazilərin Rusiyaya məxsus ərazi kimi tanınması, Ukraynanın neytrallığı və digər siyasi təminatlar yer alır. Rusiya döyüş meydanında üstünlük əldə etdikcə, bu şərtlər daha da sərtləşəcək. Münaqişənin bu səviyyədə davam etməsi nəinki Ukraynanın, ümumilikdə Avropanın da sabitliyini təhdid edir. Bu müharibə yalnız fiziki qarşıdurma deyil, həm də geosiyasi strategiyaların toqquşmasıdır. Vəziyyətin belə davam etməsi isə danışıqlar masasına yalnız hərbi və siyasi reallıqlar tam dəyişdikdən sonra qayıdılacağını göstərir. Ukrayna və Rusiya arasında sülhün bərpası, görünür ki, hələlik uzaq perspektiv olaraq qalır.
Zəhra Ağayeva
16:44 28.07.2025
Oxunuş sayı: 1113