Tramp Rusiya- Ukrayna müharibəsinə son qoymayacaq?: Nümayəndəsinin sözündən belə çıxır ki...

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Ağ Ev rəhbəri Donald Trampın prezidentlik müddəti başa çatana qədər Ukraynadakı münaqişənin həllinə və Yaxın Şərqdə sülhün bərqərar olacağına ümid etdiyini bildirib.
"Bu baş verməlidir. Prezident haqlıdır: bu müharibə başlamamalı idi. Düşünürəm ki, biz onun sonuna nail ola bilərik və ümid edirəm ki, bu, vacib an olacaq. Əgər biz Rusiya və Ukraynanın problemlərini həll etsək və sülh müqaviləsi bağlasaq, çünki bu, baş verməlidir, “İbrahim razılaşması”nın genişləndirsək, Qəzzada davamlı sülhə nail olsaq, Yaxın Şərqdə uzunmüddətli sülh bərqərar etsək, məncə, əsas nailiyyətlər bunlar olacaq".
Maraqlıdır Donal Tramp prezidentlik dövrü başa çatana qədər xüsusi nümayəndələnin qeyd etdiyi məsələləri həll etməyi, sülhə sonlandırmağı bacara biləcəkmi?
Onu da nəzərə almaq lazımdır ki, Tramp hələ hakimiyyətə gəlməzdən müharibəni bir neçə günə bitirə biləcəyini demişdi. Hətta hakimiyyətinin ilk vaxtlarında da müəyyən "son tarixlər" səsləndirmişdi. Lakin bütün cəhdlərinə baxmayaraq, Vaşinqton hələ də məqsədinə çata bilməyib. Elə isə Uitkofun bu bəyanatı nəyə hesablanıb- Daha çox vaxt qazanmağa, yoxsa nikbinliyi qorumağa?
Bu barədə Crossmedia.az-a açıqlama verən siyasi şərhçi Vüsalə Gülmalıyeva münaqişələrin həllində dialoqun əsas açar rol olduğunu qeyd edib: "Uitkoffun ümid ifadə edən bəyanatı əslində geosiyasi proseslərdə sülhün nə qədər mürəkkəb və zamanla bağlı olduğunu bir daha göstərir. ABŞ Prezidentinin xüsusi nümayəndəsi kimi onun rolu rəsmi diplomatik mesajları ötürmək olsa da, real nəticələrə nail olmaq təkcə istəklə yox, çoxşaxəli dialoq və qarşılıqlı anlaşma mexanizmləri ilə mümkündür. Trampın prezidentlik dövrü ərzində Ukrayna münaqişəsi və Yaxın Şərqdə sülh məsələlərinin tam həll olunacağına dair real ümidlərə ehtiyatla yanaşmaq lazımdır. Çünki bu münaqişələr təkcə lokal yox, qlobal güclərin maraqları ilə üst-üstə düşən mürəkkəb proseslərdir. Lakin qeyd etmek istərdim ki, sülh təkcə siyasi razılaşma deyil, dərin fəlsəfi və sosial bir anlayışdır. Münaqişələrin həllində dialoq əsas açar rolunu oynayır. Bu dialoq birtərəfli yox, çoxtərəfli və açıq əsasda qurulmalıdır. Habermasın kommunikativ fəaliyyət nəzəriyyəsi çərçivəsində də göstərildiyi kimi, qarşılıqlı anlaşmaya əsaslanan ünsiyyət münaqişənin transrasional həllinə yol aça bilər”.
Siyasi şərhçi Yaxın Şərqdə məsələnin həllinin qəliz olduğunu qeyd edib: “Ukrayna məsələsində həm region ölkələrinin, həm də qlobal güclərin maraqlarını balanslaşdıran neytral platformalarda dialoq başlasa və davamlı xarakter alsa, Tramp administrasiyası dövründə müəyyən pozitiv dinamikanın başlanması mümkündür. Yaxın Şərq isə daha mürəkkəbdir – burada sülhün bərqərar olması yalnız siyasi deyil, mədəniyyətlərarası və dinlərarası dialoqun da dərinləşdirilməsini tələb edir. Sonda qeyd etmək istərdim ki, sülh bir nəticə yox, prosesi düzgün qurulmuş dialoq və konsensusun təbii nəticəsidir. Əgər bu mexanizmlər işə salınarsa, Tramp administrasiyası dövründə münaqişələrin müəyyən dərəcədə yumşalması mümkündür. Amma tam həll və sülhə nail olmaq üçün zaman, qarşılıqlı etimad və ardıcıl addımlar lazımdır”.
Elmir Heydərli
16:02 28.07.2025
Oxunuş sayı: 4943