Azərbaycan mediası yeni reallıqlarda: Prezidentdən strateji mesajlar

Cənab prezident İlham Əliyevin 3-cü Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər, Azərbaycan mediasının son illərdə keçdiyi inkişaf yolunun və qarşısında duran strateji vəzifələrin yüksək səviyyədə qiymətləndirilməsi kimi şərh oluna bilər. Onun çıxışı bir neçə mühüm məqamı əhatə edir və ilk növbədə ölkənin informasiya təhlükəsizliyi, beynəlxalq media mübarizəsi və milli maraqların müdafiəsi kontekstində dəyərləndirilməlidir.
Cənab prezident qeyd edir ki, bu gün Azərbaycan mediası artıq yalnız yerli informasiya mənbəyi kimi deyil, beynəlxalq informasiya məkanında da tanınan və təhlil edilən bir aktordur. Bu, həm media orqanlarının fəaliyyətinin, həm də jurnalistlərin peşəkar hazırlığının artmasından xəbər verir. Mediada yayımlanan məqalələrin və təhlillərin digər ölkələrdə oxunması və təhlil olunması, Azərbaycanın informasiya siyasətinin effektivliyinin göstəricisidir.
Prezident çıxışında vurğulayır ki, Azərbaycan mediası yalnız passiv müdafiəçi mövqeyində qalmır, eyni zamanda ehtiyac olduqda informasiya hücumlarına cavab verir, hətta hücuma keçir. Bu, informasiya müharibəsinin reallıqlarını nəzərə alaraq olduqca mühüm yanaşmadır. Dövlət maraqlarının qorunması media üçün yalnız vəzifə deyil, həm də milli məsuliyyətdir. Bu baxımdan Azərbaycan mediasının artan funksional rolu və fəal mövqeyi dövlətin ümumi təhlükəsizlik strategiyası ilə uzlaşır. Və təbii ki, peșəkar jurnalistlər olaraq bizim üzərimizə olduqca böyük vəzifə və məsuliyyət düșür.
Prezident xüsusi olaraq vurğulayır ki, medianın gücü onun əməkdaşlarındadır. Bu, jurnalistlərin peşəkarlığına, məsuliyyətinə və təşəbbüskarlığına ali səviyyədə verilən verilən yüksək qiymətdir. Bu məqamda jurnalistlərin yalnız xəbərləri ötürən deyil, həm də ictimai rəy formalaşdıran, beynəlxalq platformalarda dövlətin mövqeyini əsaslandıran mütəxəssislər kimi yetişməsi təşviq olunur.
Prezidentin toxunduğu başqa bir əhəmiyyətli məsələ isə Qərb ictimai rəyinə təsir imkanlarıdır. Bu Azərbaycanın "soft power" – yəni yumşaq güc vasitələri ilə beynəlxalq aləmdə öz maraqlarını müdafiə etməsinin vacibliyinə işarədir. Bildiyimiz kimi media bu prosesdə ən mühüm və efektiv alətdir. Jurnalistlərin beynəlxalq əməkdaşlıqları, xarici dilli kontent istehsalı və strateji kommunikasiya bacarıqları bu baxımdan böyük önəm kəsb edir.
Cənab Prezident bildirir ki, informasiya müharibəsində Azərbaycanın media imkanları artmaqdadır. Lakin bu sahədə görüləsi işlər hələ də qalır. Bu, bir çağırış kimi də qəbul edilməlidir: Azərbaycanın informasiya təhlükəsizliyi üçün media qurulușlarımızın daha da gücləndirilməsi, təlim və texnoloji imkanlarının artırılması, dezinformasiyaya qarşı cavab mexanizmlərinin təkmilləşdirilməsi olduqca əhəmiyyətlidir.
Prezidentin çıxışı Azərbaycan mediasına olan etimadın, eyni zamanda ondan gözləntilərin ifadəsidir. Bu çıxış bir təşəkkür olduğu qədər də, gələcəyə yönəlik strateji hədəflərin göstəricisidir. Media artıq yalnız informasiya daşıyıcısı deyil, milli maraqların müdafiəçisi, beynəlxalq platformalarda Azərbaycanın haqq səsinin carçısıdır. Birmənalı șəkildə vurğulanmalıdır ki, Prezidentin bu mövzuda verdiyi mesajlar həm jurnalistlər, həm də media siyasətini formalaşdıran qurumlar üçün mühüm yol xəritəsidir.
Vüqar Zifəroğlu
BDU Jurnalistika fakültəsinin dekanı,
Azərbaycan Mətbuat Ṣurasının sədr müavini
12:43 20.07.2025
Oxunuş sayı: 1209
