Trampdan Kanadaya sərt iqtisadi zərbə: Avqustun 1-dən 35% tarif qüvvəyə minir

ABŞ Prezidenti Donald Tramp Kanadadan idxal olunan mallara 35 faiz gömrük rüsumu tətbiq ediləcəyini açıqlayıb.
Yeni tarif 1 avqust 2025-ci ildən qüvvəyə minəcək və mövcud sahəvi tariflərdən ayrı hesab olunacaq.
Tramp bu qərarını özünün “Truth Social” platformasında yayımladığı rəsmi məktubda belə əsaslandırıb:
“Bu məktubu göndərmək mənim üçün böyük şərəfdir. Bu, ABŞ ilə Kanada arasındakı ticarət münasibətlərinin nə qədər güclü və əhəmiyyətli olduğunu göstərir. Hərçənd, Kanada maliyyə sanksiyaları ilə bizə cavab verməklə əməkdaşlıq əvəzinə qarşıdurma yolu seçdi.”
Prezident iddia edir ki, ABŞ-da fentanil böhranının səbəblərindən biri də Kanadanın bu narkotik vasitənin qarşısını ala bilməməsidir. Bunun fonunda Kanada tərəfinin öz rüsumlarını artırması isə Vaşinqtonda məyusluqla qarşılanıb.
Tramp vurğulayıb ki, 35 faizlik yeni tarif:
-
Mövcud sektor tariflərindən fərqli olacaq;
-
Kanadadan başqa ölkələr üzərindən göndərilən mallar (transşipinq yolu ilə) da daha yüksək rüsumlara məruz qalacaq;
-
Əgər Kanada ABŞ-da istehsal qurarsa, bu tariflərdən azad olacaq və bütün icazə prosesləri “bir neçə həftə içində” tamamlanacaq.
ABŞ Prezidenti xəbərdarlıq edib:
“Əgər Kanada əlavə rüsum tətbiq edərsə, həmin faiz bizim 35 faiz tarifimizin üstünə əlavə olunacaq.”
Bu açıqlama ilə Tramp yenidən ticarət tariflərini diplomatik təzyiq aləti kimi istifadə etdiyini nümayiş etdirib. Ekspertlərə görə, bu qərar təkcə Kanada iqtisadiyyatına deyil, ABŞ-da qiymət artımı və istehsal zəncirinə də ciddi təsir göstərə bilər.
Kanada hökuməti isə hələ ki, bu bəyanaata rəsmi cavab verməyib. Baş nazir Mark Karney daha əvvəl bildirmişdi ki, iki ölkə arasında ticarət sazişi üzrə danışıqlar üçün 21 iyul son tarixdir. Trampın son addımı isə bu danışıqların kritik məqama çatdığını göstərir.
12:00 11.07.2025
Oxunuş sayı: 743