ABŞ-də keçmiş CIA və FBI direktorlarına qarşı “böhtan” araşdırması başladılıb

ABŞ-də keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Brennan və keçmiş Federal Təhqiqat Bürosunun (FBI) direktoru Ceyms Komi barəsində vəzifədən sui-istifadə ittihamı ilə istintaq başladılıb.
Crossmedia.az xəbər verir ki, “Fox News”- un ABŞ Ədliyyə Nazirliyindəki mənbələrə istinadən verdiyi məlumata görə, hazırkı CIA direktoru Con Ratklif keçmiş direktor Brennanın vəzifəsindən sui-istifadə etdiyinə dair sübutları FBI-ya təqdim edib. Məlumata əsasən, bundan sonra FBI Brennan barəsində rəsmi araşdırmaya başlayıb.
Araşdırma həmçinin keçmiş FBI direktoru Komini də əhatə edir. Mənbələr bildirir ki, istintaqın əsas səbəbi 2016-cı il prezident seçkilərində Rusiyanın Donald Trampın xeyrinə təsir göstərdiyi iddiaları ilə bağlı aparılan araşdırmalar və hər iki direktorun Konqresə yalan ifadə verməsi ehtimalıdır.
FBI bu çərçivədə Brennan ilə Komi arasındakı əlaqələri “böhtan” kimi qiymətləndirir.
Digər tərəfdən, CIA 3 iyulda yaydığı açıqlamada 2016-cı ildə Rusiyanın Trampın xeyrinə seçkilərə müdaxiləsi ilə bağlı hazırlanan kəşfiyyat hesabatının “tələskənliklə” tamamlandığını bəyan edib.
Qeyd edək ki, 2017-ci ildə bu iddialarla bağlı xüsusi prokuror Robert Müller tərəfindən araşdırma aparılmış, təxminən 2,5 il davam edən istintaq nəticəsində Trampı ittiham edə biləcək konkret sübuta rast gəlinmədiyi üçün dosya bağlanmışdı.
Mədinə Cəlilova
22:47 09.07.2025
Oxunuş sayı: 733