Trampdan Maskın yeni partiya planına sərt reaksiya: “Ağlını itirib”

ABŞ-də texnologiya nəhəngi İlon Mask ilə sabiq prezident Donald Trump arasında münasibətlər yeni siyasi mərhələyə qədəm qoyub. Vaxtilə Trampın ən güclü dəstəkçilərindən olan Mask, indi açıq şəkildə onun siyasətini tənqid edir və "Amerika Partiyası" adlı yeni siyasi qurum yaratmağa çalışır. Bu prosesi "ABŞ-nin siyasi səhnəsində daxili parçalanmanın və güc uğrunda mübarizənin yeni təzahürü" kimi qiymətləndirilir. Onun sözlərinə görə, "İlon Maskın son açıqlamaları göstərir ki, o, artıq mövcud sistemin içindən deyil, kənarından oyun qurmağa çalışır ".
Politoloq Sultan Zahidov Crossmedia.az-a açıqlamasında bildirib ki, İlon Mask ABŞ-də demokratiyanın faktiki olaraq mövcud olmadığını, vətəndaşların fikirlərinin nəzərə alınmadığını və idarəetmə sisteminin səmərəsiz olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu gün ABŞ-də mövcud siyasi atmosfer əvvəlki illərlə müqayisədə xeyli fərqlidir.
Zahidov qeyd edib ki, 2016-cı ildə keçirilən prezident seçkilərində İlon Mask Donald Trampın ən böyük dəstəkçilərindən biri olub. Milyarder şəxsi vəsaitindən 250 milyon dollar ayıraraq Trampın kampaniyasına maliyyə dəstəyi göstərib. Daha sonra isə Musk hökumətdə “Hökumət Effektivliyi Departamenti”nə rəhbərlik edib. Bu qurumun əsas vəzifəsi dövlət xərclərini azaltmaq və idarəetmədə səmərəliliyi artırmaq idi.
Lakin zaman keçdikcə tərəflər arasında ciddi fikir ayrılıqları yaranıb. Politoloqun sözlərinə görə, 2024-cü ilin may ayından etibarən bu narazılıqlar daha açıq şəkildə üzə çıxıb. İlon Mask Donald Trampın yeni vergi siyasətini kəskin şəkildə tənqid edib. Həmçinin yaşıl keçid və elektrik avtomobillərə verilən dövlət subsidiyalarının azaldılması məsələsi Musk üçün narahatedici məqam olub.
Sultan Zahidov vurğulayıb ki, Maskın yeni yaratdığı “Amerika Partiyası” əslində Donald Trampdan siyasi olaraq ayrılmanın rəsmi formasıdır. Lakin onun fikrincə, bu partiyanın yaxın gələcəkdə ABŞ-nin siyasi sisteminə ciddi təsir göstərəcəyini düşünmək hələlik tezdir:“ABŞ-də uzun illərdir oturuşmuş iki partiyalı sistem mövcuddur – Demokratlar və Respublikaçılar. Libertarianlar və digər alternativ partiyalar seçkilərdə iştirak etsələr də, sosial dəstək və seçici bazası baxımından heç biri əsas siyasi gücə çevrilə bilməyib".
Politoloq əlavə edib ki, yeni yaradılan partiyanın müəyyən təbəqələr tərəfindən dəstəklənməsi mümkündür, lakin bu dəstəyin ənənəvi siyasi partiyaları təhdid edəcək gücə çatması real görünmür.
Sonda Sultan Zahidov bildirib ki, baş verən bu proseslər Donald Trampın seçki strategiyasına da təsirsiz ötüşməyəcək: “Tramp uzun müddət İlon Maskı dəstəkləyib, hətta ona öz administrasiyasında mühüm vəzifə də verib. İndi isə onların arasında yaranan fikir ayrılığı göstərir ki, ya Tramp düzgün siyasi istiqamət seçmir, ya da komandasında yer alan şəxsləri düzgün müəyyənləşdirə bilmir. Onun administrasiyasında tez-tez dəyişikliklərin baş verməsi isə qərarsızlığın və qeyri-sabitliyin əlamətidir.
Bənövşə Zahidli
18:05 08.07.2025
Oxunuş sayı: 827