"Zəngəzur dəhlizi Rusiya, Ermənistan və hətta Gürcüstan üçün də çox faydalıdır" - Deputat

Qafqazın geosiyasi və iqtisadi gələcəyini formalaşdıracaq ən mühüm layihələrdən biri kimi dəyərləndirilən Zəngəzur dəhlizi təkcə Azərbaycanın deyil, bütövlükdə regionun oyun qaydalarını dəyişmək potensialına malikdir. Bu dəhlizin açılması Türkiyədən başlayaraq, Azərbaycan, Orta Asiya ölkələri və hətta Avropa üçün yeni nəqliyyat, logistika və enerji bağlantıları deməkdir. Lakin bugünkü mürəkkəb siyasi vəziyyətdə Zəngəzur dəhlizinin nə qədər real olduğu, bu layihənin hansı dövlətlərə nə vəd etdiyi və onun qarşısındakı əsas maneələr məsələsi hələ də aktual müzakirə mövzusudur.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa Crossmedia.az-a açıqlama verib: "Zəngəzur dəhlizi ilə bağlı məsələ əslində bütün region dövlətləri üçün zəruri bir məsələdir. Hətta buna qarşı çıxan İran üçün də ən faydalı marşurutlardan biridir. Çünki kommunikasiya olmadan başqa yaxın qonşu və Avropa ölkələri ilə əlaqə qurmaq mümkün deyil. Bu barışın gəlməsi üçün də vacibdir. Çünki bunu həyata keçirmədən hər hansı şəkildə sülhü də bərpa etmək mümkün olmayacaq. Ona görə bir çox komponentlər var ki, buna əks arqumentlər qoymaq mümkün deyil. Bu dəhliz həmçinin Rusiya, Ermənistan və hətta Gürcüstan üçün də çox faydalıdır. Türkiyə və İran kimi bölgə dövlətlərinin də arasında ticarət əlaqələrinin genişlənməsinə kömək göstərəcəkdir. Ona görə də bu məsələnin mahiyyətini Azərbaycan bütün region ölkələrinə çatdırmaq istəyir. Süni bəhanələr uydurmayanlar isə bunu qəbul edir".
Ayhan
17:25 08.07.2025
Oxunuş sayı: 1362