"Yaşıl enerji zonası" Azərbaycanın enerji təhlükəsizliyi və ekoloji baxımdan dayanıqlı inkişaf siyasətində mühüm yer tutur" - Deputat

Azərbaycan beynəlxalq aləmdə getdikcə artan nüfuzu və güclənən mövqeyi ilə regional əməkdaşlıqda fəal rol oynayır. Xüsusilə, işğaldan azad olunmuş ərazilərdə keçirilən yüksək səviyyəli tədbirlər ölkəmizin həm siyasi, həm də iqtisadi baxımdan necə strateji gücə çevrildiyini nümayiş etdirir. Bu tədbirlər vasitəsilə Azərbaycan bir tərəfdən beynəlxalq birliklə sıx əlaqələrini möhkəmləndirir, digər tərəfdən isə azad edilmiş torpaqların bərpa və inkişaf proseslərini dünyaya təqdim edir. Son illərdə bu bölgələrdə təşkil olunan çoxsaylı sammit və forumlar həm regional əməkdaşlığın, həm də ölkəmizin milli maraqlarının təmin olunmasının parlaq nümunəsidir. Qarabağda keçirilən son nəhəng tədbir olan İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə görüşü də bu fəsildəndir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Elman Nəsirov Crossmedia.az-a açıqlama verib: “İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) sayca 17-ci Zirvə Görüşünün Xankəndi şəhərində keçirilməsi çox böyük rəmzi məna daşıyır. Azərbaycan bu mühüm beynəlxalq təşkilatın tədbirinə artıq ikinci dəfə ev sahibliyi edir. Bu, ölkəmizin artan beynəlxalq nüfuzunun və regional liderliyinin daha bir göstəricisidir. İşğaldan azad olunmuş torpaqlarımızda belə yüksək səviyyəli tədbirlərin təşkili, həm də dünya ictimaiyyətinə ünvanlanan sülh və əməkdaşlıq çağırışıdır. Azərbaycan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirir. Bu ərazilər qısa müddət ərzində mühüm beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilməkdədir. 2023-cü ildə ECO-nun Nazirlər Toplantısı Şuşa şəhərində baş tutdu. Eyni zamanda, həmin ilin iyul ayında Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammiti də məhz Şuşada keçirildi. 2024-cü ilin may ayında isə Laçında Türkiyə Prezidenti, Pakistanın Baş naziri və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə üçtərəfli görüş keçirildi”.
Deputat həmçinin qeyd edib: “30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız artıq dirçəlir və sürətlə inkişaf edir. Regionda müasir infrastruktur qurulur, nəqliyyat qovşaqları yaradılır, hava limanları tikilir və bu ərazilər beynəlxalq tədbirlərin keçirilməsi üçün əlverişli məkana çevrilir. Təkcə bu zirvə çərçivəsində deyil, eyni zamanda ECO-nun digər vacib tədbirləri də keçirildi. Belə ki, Ağdamda Gənclər Forumu, Laçında Qadınlar Forumu və Şuşada Biznes Forumu təşkil olundu. Bütün bunlar onu göstərir ki, ECO-nun on üzv dövlətinin nümayəndələrinin məhz Ağdam, Laçın və Şuşa kimi şəhərlərdə bir araya gəlməsi Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam və qəti şəkildə təmin olunduğunu bir daha sübut edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xankəndidə keçirilən zirvə görüşündə çıxışı zamanı bu tədbirin mühüm simvolik və siyasi əhəmiyyət daşıdığını xüsusi olaraq vurğuladı. O qeyd etdi ki, Azərbaycan bu gün öz gücü, siyasi iradəsi və iqtisadi potensialı ilə regionda lider mövqedədir”.
Elman Nəsirov son olaraq bildirib: “Prezident həmçinin qeyd etdi ki, işğaldan azad olunmuş ərazilər "yaşıl enerji zonası" elan edilib və bu ərazilərin bərpaolunan enerji potensialı 10 qiqavat həcmində qiymətləndirilir. Bu, Azərbaycanın enerji təhlükəsizliyi və ekoloji baxımdan dayanıqlı inkişaf siyasətində mühüm yer tutur. Hazırda Azərbaycan 12 ölkəyə, o cümlədən 10 Avropa ölkəsinə təbii qaz ixrac edir. Bu isə Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi mövqeyini daha da gücləndirir. Ölkəmizin inkişaf edən infrastruktur potensialı, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr, Azərbaycanın gələcək üçün qurduğu strateji baxışın bariz nümunəsidir”.
Ayhan
15:13 08.07.2025
Oxunuş sayı: 1013