Azərbaycanda tələbələrin 51,2 faizi qızlardır

Azərbaycanda ali təhsil alan tələbələrin 51.2 faizini qızlar təşkil edir. Bu barədə Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov məlumat verib. O, bu fikirləri Laçında keçirilən ECO Qadınlar Forumu çərçivəsində baş tutan “İqlimə dayanıqlılıq üçün İnsan İnkişafında Qadınların Rolu” adlı panel sessiyada çıxışı zamanı səsləndirib.
Crossmedia.az bildirir ki, Elnur Nəsibov çıxışında qadınların təhsildə iştirakının cəmiyyətin inkişafı baxımından əhəmiyyətinə toxunaraq qeyd edib: “Təhsilli qadın – təhsilli ailə, təhsilli ailə isə təhsilli cəmiyyət deməkdir.” Fondun rəhbəri əlavə edib ki, gənc qızların təhsilinə dəstək məqsədilə Təhsilin İnkişafı Fondu tərəfindən 1.2 milyon manat vəsait ayrılıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirilən bu layihə çərçivəsində son iki ildə 350 gənc qız ali təhsil almaq imkanı qazanıb. Nəsibov bu uğuru dövlət və özəl sektor əməkdaşlığının nəticəsi kimi qiymətləndirib.
Hazırda Azərbaycanda ümumtəhsil müəssisələrində 1.6 milyon şagird təhsil alır və onların 62 faizi qızlardır. Peşə təhsilində isə bu göstərici daha aşağıdır – qızların iştirakı 36 faiz təşkil edir. Nazirlik bu rəqəmi yaxın illərdə 40 faizə çatdırmağı qarşıya məqsəd qoyub.
Elnur Nəsibov çıxışında qeyd edib ki, qadınların təhsilə cəlb olunmasında əsas maneələrdən biri maliyyə problemləridir: “Ailələr maliyyə imkanlarını daha çox oğlan övladlarının təhsilinə yönəldirlər. Bu isə qızların təhsildən yayınmasına səbəb olur”. Bu problemi aradan qaldırmaq məqsədilə ölkədə Təhsil Kredit Fondu yaradılıb və bu günə qədər 26 mindən artıq qız həmin fond vasitəsilə təhsil krediti əldə edib. (report)
11:16 02.07.2025
Oxunuş sayı: 664