“Açıq söz” türk kimliyini oyatdı

"Açıq söz" qəzetinin ilk sayı 1915-ci il oktyabrın 2-də "İqdam" mətbəəsində çap edilib. Qəzet "İqbal" qəzetinin (1912-1915) davamı olub, "Müsavat" partiyasının rəsmi orqanına çevrilib. "Açıq söz" xalqı milli varlığını və hüququnu qorumaq, milli azadlığa və müstəqilliyə nail olmaq üçün bir fikir və əməl ətrafında birləşməyə, məfkurə birliyinə çağırırdı. Öz ideya-siyasi istiqaməti ilə bütöv bir dövr, məxsusi olaraq da Cümhuriyyət dövrü mətbuatına təsir edən "Açıq söz" qəzeti istiqlal amallı mətbu orqanların yaranmasına təkan oldu. Bu mətbu orqan ilk dəfə olaraq milli kimliyimizi "müsəlman" və "tatar" sözlərindən "xilas" edərək "türk" sözü ilə dəyişdirdi. Qəzetin ilk sayı Məhəmməd Əli Rəsulzadənin müdirliyi və M.Ə.Rəsulzadənin baş mühərrirliyi ilə "İqdam" mətbəəsində nəşr olundu. "Açıq söz" qarşıya qoyduğu məqsəd və məramı ilk sayında işıq üzü görən proqram xarakterli məqaləsində açıqlayaraq yazırdı: "Dəhşətlərinə şahid olduğumuz böyük müharibə böyük bir həqiqəti - əsrimizin millətçilik əsiri olduğunu isbat etdi".
Mətbuat tarixinin tədqiqatçısı, tarix üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı elmi araşdırmalarında bildirib ki, "Açıq söz" ilk sayında xalqı milli varlığını qorumağa, haqq hüquqlarını tələb etməyə çağırır, onları "müəyyən fikir və əməl" ətrafında birliyə səsləyirdi. Alim vurğulayıb ki, qəzet demokratik prinsiplər ətrafında xalqın bütün zümrələrinin birliyinin son nəticədə Azərbaycan xalqının milli-mənəvi, dini sahələrdə dinamik inkişafı ilə nəticələnəcəyi qənaətində idi: "Çarizmin Qafqazdakı senzor komitələrinin nümayəndələri olan Qaraxanov və Kişmişovların türk xalqarının birlik və inkişafının qarşısını almaq üçün uydurduqları "panislamizm", "pantürkizm"dən uzaq olan "Açıq söz"ün birliyə çağırışı yalnız xoş məram və məqsədlərdən doğurdu. Qəzet ilk sayından etibarən Rusiyanın daxilində gedən ictimai-siyasi proseslər, Azərbaycanda baş verən hadisələr, milli dirçəliş, milli-mədəni muxtariyyat məsələləri və müharibənin xalqların həyatına gətirdiyi faciələr barəsində yazılar dərc edirdi. "Açıq söz"ün maraqlılığında, mövzu rəngarəngliyində dövrün görkəmli publisistləri, ictimai-siyasi xadimlərindən Ömər Faiq Nemanzadənin, Həsən bəy Ağayevin, Hüseyn Cavidin, Abdulla Şaiqin, Əhməd Cavadın, Şəfiqə xanım Əfəndizadənin, Tağı Şahbazinin böyük xidmətləri olub. Qəzetin yazarları tək müharibənin gedişini işıqlandırmır, müharibənin insanları faciələrə gətirib çıxarmasını, onları yurdsuz-yuvasız qoymasını da qələmə alır, müharibədən zərər çəkənlərə yardım əli uzatmağı həmvətənlərinə məsləhət görürdü. Hətta qəzet Anadoluda müharibədən zərər görmüş, yurdsuz-yuvasız qalmış türk qardaşlarının ehtiyaclarını ödəmək üçün ianə kampaniyaları da keçirirdi. Millət və muxtariyyatdan bəhs edərkən "Açıq söz" hökumət də xalqa, torpaq da xalqa" ideyasını irəli sürürdü. M.B.Məhəmmədzadə Azərbaycan xalqının, onun mətbuatının formalaşmasında "Açıq söz" qəzetinin rolu barəsində "Milli Azərbaycan hərəkatı" kitabında yazır: "Açıq söz" bu xəbərdarlıq və bu qayə ilə milləti oyatmağa başlamışdır. 1917-ci ilə doğru Azərbaycanda xüsusi bir "Açıq söz"çü nəsli yaranmışdı". Akif Aşırlı qeyd edib ki, "Açıq söz"ün sonuncu sayının nə vaxt çıxması barədə müxtəlif fikirlər mövcuddur: "Bəzi mənbələrdə (Azərbaycan dövri mətbuatı (1832-1920, Bakı. 1965) qəzetin 1918-ci il mart ayında sonuncu - 704-cü sayının çapdan çıxdığı göstərilir. Ancaq qəzet 718-ci sayında özündən asılı olmayaraq çapında fasiləyə yol verdiyi üçün oxucularından üzr istəyirdi. Bakı erməni-bolşevik birləşmələrindən 1918-ci ilin sentyabr ayının 15-də azad olduqdan sonra "Açıq söz" yenidən nəşrini bərpa edib. 1984-cü ildə çap olunmuş "Azərbaycan dövri mətbuatı. 1832-1920" adlı biblioqrafiyada "Açıq söz"ün 724 nömrəsinin çıxdığı göstərilir. Mətbuat araşdırmaçılarının apardığı statistikaya görə isə bu mətbu orqanın fəaliyyəti müddətində 750 nömrəsinin işıq üzü gördüyü ortaya qoyulur.
"Açıq söz"ün naşir və redaktorları müxtəlif vaxtlarda Məhəmməd Əmin Rəsulzadə, Məhəmmədəli Rəsulzadə, Üzeyir bəy Hacıbəyli, Oruc Qəmbər və Abuzər Orucov qardaşları olublar".
Mətbuat tədqiqatçısı, BDU-nin Jurnalistika fakültəsinin dekan müavini Samir Xalidoğlu deyib ki, "Açıq söz" qəzeti Azərbaycan milli mətbuatı tarixində özünəməxsus yeri olan qəzetlərdən biridir. S.Xalidoğlu qeyd edib ki, bu qəzet elə bir zamanda fəaliyyətə başlamışdı ki, çar senzurası ən sərt şəkildə özünü göstərirdi: "Birinci Dünya müharibəsinin başlanması ilə bura hərbi və mülki senzura da əlavə olunmuşdu. Amma bütün bu sıxma-boğmalara baxmayaraq, qəzet qarşısına qoyduğu məqsədə çatmağı bacarmışdı. Nəşrin baş redaktoru Məhəmməd Əmin Rəsulzadə 1915-ci ilin yayında "Yeni İqbal" qəzetindəki fəaliyyətinə görə həbs olunmuş, ay yarım həbsdə qalmışdı. Həbsdən çıxdıqdan sonra bir müddət mətbuatdan kənarda qalmışdı. O, 1915-ci ilin oktyabrın 2-dən sonra mətbu fəaliyyətini bəpra etmiş və "Açıq söz" qəzeti ilə yenidən mübarizə meydanına atılmışdı. Azərbaycan xalqının taleyüklü problemlərinin həllində həm özü, həm silahdaşları, həm də başçılıq etdiyi "Açıq söz" qəzeti ilə böyük işlər görmüşdü".
S.Xalidoğlu vurğulayıb ki, qəzet milli məfkurənin və türkçülük ideologiyasının təbliğində müstəsna rol oynadı: "İlk dəfə olaraq türkçülüyü siyasi müstəviyə yüksəltdi və "türkləşmək, islamlaşmaq, müasirləşmək" şüarını öz devizinə çevirdi. "Açıq söz" qəzetinin mətbuat tarixindəki digər vacib rollarından biri də Azərbaycan Xalq Cümhuriyyətinin elmi və nəzəri əsaslarının, prinsiplərinin məhz bu qəzetin səhifəsində formalaşması, hazırlanması oldu. "Açıq söz" qəzeti dövrün, zamanın yaratdığı şəraitdən, fürsətdən maksimum dərəcədə istifadə edərək, əvvəlcə milli-mədəni, daha sonra milli-məhəlli muxtariyyət, nəhayət milli müstəqillik ideyasını gündəmə gətirdi və bu istiqamətdə gərgin fəaliyyət göstərdi. Bütün bunlar "Açıq söz" qəzetinin mətbuat tariximizdə oynadığı fövqəladə rolun bariz göstəricisidir".
Tədqiqatçı əlavə edib ki, "Açıq söz"ün töhfələri bununla da bitmir: ""Açıq söz" qəzeti milli mətbuat tariximizdə ümummilli qəzet səviyyəsinə yüksəlmiş az sayda mətbuat orqanlarından biridir. Ümummilli qəzet dedikdə nəyi nəzərdə tuturam? Bu qəzet milli mənsubiyyətindən, siyasi düşüncəsindən asılı olmayaraq, bütün Vətən övladlarını öz ətrafında cəmləmişdi".
İsmayıl Qocayev
Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Azərbaycan Türk Ocağı İctimai Birliyinin "Turan işğında 150 il" layihəsi çərçivəsində hazırlanıb.
16:38 30.06.2025
Oxunuş sayı: 996