Böyük Volter və Türklər

Azərbaycan ictimai fikrində Volterin şəxsiyyəti, elmi-ictimai fəaliyyəti və fəlsəfi fikirləri haqqında məlumat çox azdır. Avropa siyasi həyatında əhəmiyyətli rol oynamış və “yeni dövr” fəlsəfəsinin yaradıcısı , fransız respublika inqilabının ilham mənbəyi olaraq Volterin elmi irsinin öyrənilməsi və Azərbaycan oxucusuna çatdırmaq əhəmiyyətli olardı. Eləcədə öz dövrünə xarakterik olmayan, türk-osmanlı sultanlarına, islan qayda və qanunlarına bələd olan və ona qarşı loyallıgı ilə ferqlənən alimin özünəməxsus baxışları Türkiyə tədqiqatçıları tərəfindən yaxından öyrənilmişdir və Azərbaycan mütəxəssisləri üçün də qiymətli mənbələrdir.
1779-cu ilin payız günlərindən birində Sank-peterburq sahilinə xüsusi təyinatlı bir gəmi yan alır. Bu gəmi II Yekatrinanın istəyi ilə Böyük Volterin şəxsi kitabxanasını Rusiyaya gətirirdi. Böyük mütəfəkkirin ölümündən sonra (1778-ci il) II Yekatirinanın tapşırıgı ilə Parisdəki Rusiya nümayəndəsi Volterin şəxsi kitabxanasının alınması ilə əlaqədar alimin varisi, Deni ailəsinin dul qadını ilə danışıqlar aparır. Razılaşmaya görə Volter kitabxanasına məxsus 6814 nüsxə kitab və 37 cild müəllifin əlyazması o zaman üçün ciddi bir məbləgə, 50 min ekyü və ya 30 min rubla Rusiyaya satılır. II Yekatrinanın təkidinə görə Volterin məktubları da bu razılaşmaya daxil olmalı idi. Lakin məktublar artıq satılmışdı və az müddət keçdikdən sonra Bomarşe o məktubları çap etdirdi.
Kitabxana Sank-Peterburqa gətirildikdən sonra ilk öncə Ermitajda yerləşdirilir. I Nikolay zamanında kitabxanadan istifadə qadagan edilmişdi. Yalnız A.S.Puşkin “Pyotrun tarixi” əsəri üzərində işləyərkən Çarın xüsusi təlimatı ilə bu kitabxanadan istifadə etmək hüququ qazanır. 1861-ci ildə II Aleksandrın tapşırıgı ilə Volter kitabxanası Sank-Peterburqdakı Rusiya Milli Kitabxanasına köçürülür. Burada Kitabxana mütəxəssisləri kitablarda Volterin çox sayda qeydlərini öyrənərək “Volterin oxucu qeydləri korpusu” adlı 5 cild kitab çap etdilər.
XVIII əsrin maarifçi filosofu, şair, nasir, satirik, traqik, tarixçi və publisist Fransya Mari Arue (Volter) Azərbaycan ictimai fikrində çox az tanınmış, az öyrənilmiş bir mütəfəkkirdir. Volter üçüncü “silkə” (təbəqə) məxsus olan ailədə anadan olmuşdur. O, feodal qaydalarına və avropa tarixçilərinin yazdıgı kimi, onu katolik kilsəsinə qarşı çıxışları ilə şöhrət qazandıgını qeyd edirlər. Tədqiqatçılar hesab edir ki, Volter yaradıcılığının əsas məqsədi maarifi yaymaq, xalqın beynindən dini xürafatları özünə məxsus üsulla çıxarmaq vəzifəsini həyata keçirməkdən ibarət idi.
Volter mövcud köhnəlmiş qaydaların dəyişdirilməsini inqilabda deyil, "maariflənmiş monarxdan" gözləyirdi. Sadə xalqa o, bir qədər ehtiyatla yanaşırdı. O, bütün adamların qanun qarşısında bərabər olmasını, hər cür imtiyazların ləğv edilməsini tələb edirdi. Son nəticədə Volter istəyirdi ki, kralın hakimiyyətinin məhdudlaşdıran konstitusiya meydana gəlsin. Eyni zamanda Volter şair və yazıçı olmaqla yanaşı insanlarla mükəmməl münasibət qurmağı bacaran bir ictimai xadim olmuşdur. Mari Aruyenin həyatı haqqında yazılan gündəliklərdən birində onun öz yazılarını yataqda kağızı sevgilisinin kürəyinə söykəməklə yazdığını xatırlayır.
Volter 1726-1729-ci illərdə İngiltərəyə gəlmiş və burada ölkənin siyasi quruluşunu, ölkənin elmini, fəlsəfəsini və ədəbiyyatını öyrənməyə başlayır. 1734-cü ildə fransaya qayıdır və “Fəlsəfi məktublar” əsərini yazır ki, nəticədə kitabın bütün tirajı müsadirə olunur və naşir həbs edilərək “Bastiliyaya” salınır. Sonralar, Lotirinqiyaya qaçır və orada 15 il yaşamalı olur. Orada ”Dünyavi insan” əsərinə görə yenidən iddiam olunur və bu zaman da Niderlanda qaçmalı olur.
1746-cı ildə Volter Fransanın saray şairi və tarixçisi təyin olunur. Lakin o Fransanı həyatı üçün təhlükəsiz yer hesab etmir. 1751-ci ildə Prussiya kralı II Fridrixin dəvəti ilə Berlinə gəlir və bir müddət Potzdamda yaşayır. 1753-cü ildə İsveçrəyə gəlir və Cenevrədə bir mülk alaraq ömrünün təxminən sonuna qədər orada yaşayır. Fransanın sərhədlərinə yaxın olan Ferne iqamətgahında son illərini yaşayan Volterin evi “yeni dövr” ziyalılarının tez-tez ziyarət yeri olur. 1778-ci ildə yenidən Parisə gələn Volterə təmtəraqlı qəbul təşkil edirlər.
Ölümünə az qalmış, xəstə yatagında olan Volterin qardaşı oglu Abbat Minio onun kilsə ilə ixtilafını aradan götürmək üçün müqəddəs Tersaka kilsəsinin abbatı Qotyeni dəvət edir. Belə rəvayət olunur ki, din xadiminin Volterə müraciətlə “ Şeytandan üzdöndər, Allaha dön” sözlərinə “Nə üçün ölüm qabagı özümə yeni düşmənlər qazanım?” deyə cavab verib.
Volteri İngilis filosofu Lokkun empirizm nəzəriyyəsinin tərəfdarı hesab etmək olar Bu fikirlər alimin “Fəlsəfi məktublar” əsərində öz əksini tapır. Əhəmiyyətli fəlsəfi məqalələrini əsasən ensiklopediyalarda dərc etdirən alim 1764-cü ildə « Fəlsəfi cib lügəti » (Dictionnaire philosophique portatif) kitabını çap etdirir.
Volterin klassik faciə janrında yazdıgı 28 əsərinin ən məşhurları 1718-ci ildə yazılmış“Epid”, 1730-ci ildə “Brut”, 1732-ci ildə”Zaira”,1735-ci ildə “Sezar”, 1736-ci ildə “Alzira”, 1741-ci ildə Mühəmməd”, 1743-ci ildə “Meropa”, 1748-ci ildə “Semiramida”, 1752-ci ildə”Xilas olunmuş Roma”, 1755-ci ildə”Çinli yetim”, 1760-cı ildə yazılmış“Tankred” əsərləri hesab edilir.
2017-ci ildə gənc tədqiqatçı-alim Cavidan Əhmədxanlinın türk dilindən tərcümə edərək geniş azərbaycan oxucusuna təqdim etdiyi Volterin "Türklər, müsəlmanlar, başqaları" adlı kitabı Volter yaradıcılıgının mükəmməl nümunəsi olaraq avropalı mütəfəkkiri tam məzmunda anlamaga imkan verir. Hətta avropa mütəxəssisləri Volteri bu “rakusda” öyrənməmiş və təqdim etməmişlər. Məhz bu baxımdan “Volter – Türklər, müsəlmanlar, ötəkilər” kitabı geniş oxucu maragına səbəb olub. Bu kimi tədqiqatları davam etdirmək və dünya mütəfəkkirlərinin azərbaycan dilinə tərcümə edərək azərbaycan oxucusuna çatdırmaq son dərəcə əhəmiyyətlidir. Bu sahədə Türkiyə tədqiqatçılarının təcrübəsi maraqlıdır və öyrənilməsi məqsədəuygundur.
Pərviz Kazımi
Cross Media Təhlil Mərkəzinin analitiki, fəlsəfə doktoru
14:33 30.06.2025
Oxunuş sayı: 3726
