Ankarada AMEA-nın 80 illiyi qeyd olunub




İyunun 26-da Türkiyənin Ankara Universitetinin rektorluq binasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi münasibəti ilə təntənəli tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, Türkiyə Elmlər Akademiyasının (TÜBA) təşəbbüsü və Ankara Universitetinin dəstəyi ilə keçirilən tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin rəhbərlik etdiyi heyətlə yanaşı, müxtəlif beynəlxalq və yerli qurum və təşkilatların, ali təhsil ocaqlarının nümayəndələri, diplomatlar, elm xadimləri iştirak ediblər.
Tədbiri açan Ankara Universitetinin rektoru, professor Necdet Univar rəhbərlik etdiyi təhsil qurumunda vaxtı ilə Ümummilli Lider Heydər Əliyevə fəxri doktor adının verildiyini xatırladıb.
İki qardaş ölkə arasındakı əməkdaşlığın elm və təhsil sahəsində də uğurla davam etdiyini vurğulayan rektor, AMEA-nın rəhbərliyinə bu prosesə verdiyi töhfəyə görə təşəkkürünü bildirib.
“Elm və təhsil sahələrində əməkdaşlığımız “Bir millət, iki dövlət” kəlamı prizmasından uğurla davam edir. Liderlərimiz İlham Əliyev və Rəcəb Tayyib Ərdoğının uğurlu siyasətləri yolumuza işıq tutur. Ölkələrimizə daim bir və yüksəkdə olmasını arzu edirəm”, - deyən N.Univar, Azərbaycanla uğurlu əməkdaşlığın bir nümunəsi kimi ikili diplom proqramını da göstərib.
Akademik İsa Həbibbəyli çıxışında bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyası yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin yol keçərək, respublikamızın elmi-intellektual potensialını milli sərvətə çevirən mərkəz kimi tanınıb.
“Bu günkü tədbir Azərbaycan Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncamının icrası kontekstində böyük əhəmiyyətə malikdir. Yubiley tədbirimiz ilk dəfədir ki, ölkəmizdən kənarda, qardaş Türkiyədə qeyd olunur. Bu addım qardaşlığımızın və həmrəyliyimizin möhkəmlənməsinə xidmət edir. Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə ifadə etdiyi “Bir millət, iki dövlət” ifadəsi Türkiyə və Azərbaycanın birlikdə dünyaya nümayiş etdirdiyi birlik nümunəsinin, Türk dünyası ölkələrinin sarsılmaz birliyinin sübutudur”, - deyə akademik vurğulayıb.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan elminə diqqət və qayğısından danışan İ.Həbibbəyli, “Azərbaycan elminin intibahı dövrü məhz Ulu Öndərin kursu ilə bağlıdır. Heydər Əliyevin siyasəti həm də Azərbaycan-Türkiyə qardaşlığına xidmət edib”, - deyə bildirib.
Azərbaycan Milli Elmlər Akademiyasının ötən müddət ərzində elm sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsində fəal iştirak etdiyini söyləyən akademik, sosial-humanitar tədqiqatlarla cəmiyyətin yeni biliklərə yiyələnməsi və elmi-mədəni səviyyəsinin yüksəldilməsi işinə də töhfə verdiklərini ifadə edib.
AMEA-nın prezidenti vurğulayıb ki, Azərbaycan və Türkiyə yalnız daxili siyasətdə və ikitərəfli münasibətlərdə deyil, həmçinin beynəlxalq arenada da birlik və həmrəylik nümayiş etdirir.
Akademik tədbirin Türkiyənin elmi və təhsil qurumları ilə əməkdaşlığın daha da möhkəmləndirilməsinə, yeni birgə layihələrin formalaşmasına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Prezident İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi “Bizim başqa ailəmiz yoxdur, ailəmiz Türk dünyasıdır” fikrinə istinad edən alim Azərbaycanın zəngin ənənəyə malik türkologiya elminin və Türk dünyası ilə əlaqələrin inkişafında yeni mərhələyə qədəm qoyduğunu bildirib.
Türkiyə Elmlər Akademiyasının prezidenti, professor Muzaffer Şeker də Türkiyə-Azərbaycanın birliyinə diqqət çəkib.
“Zəlzələ bölgəsinin bərpasında da qardaş Azərbaycanın dəstəyini gördük, hiss etdik. Azərbaycan xalqına və şəxsən Prezident İlham Əliyevə bir daha təşəkkür edirik”, - deyən Türkiyə Elmlər Akademiyasının rəhbəri, Türk xalqının da bütün sahələrdə Azərbaycana dəstək olduğunu bildirib.
Daha sonra AMEA-nın prezidenti İsa Həbibbəyliyə Türkiyə Elmlər Akademiyasının fəxri doktoru diploma təqdim olunub.
“Azərbaycanın elm məbədi” filminin nümayişinin ardından tədbir panel müzakirələri ilə davam edib.
20:24 26.06.2025
Oxunuş sayı: 767