Hüququn gücü, yaxud gücün hüququ: Neft kəskin şəkildə bahalaşa bilər

"Dünya iqtisadiyyatı və Azərbaycan"
İran parlamenti bu günlərdə Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib. Qeyd olunub ki, qərarı İranın Milli Təhlükəsizlik Şurası təsdiqləməlidir.
Xatırladaq ki, bundan əvvəl İranın Müdafiə Nazirliyi boğazın bağlana biləcəyini bildirib.
Hörmüz boğazı Fars və Oman körfəzlərini birləşdirir. Boğazın şimalında İran, cənubunda isə Oman və BƏƏ yerləşir.
Bu məsələ bir neçə gündür beynəlxalq münasibətlər sistemində ciddi müzakirə olunur. Ağ Ev Hörmüz boğazının bağlanmasının ehtimal olunan mənfi təsirləri barədə İrana xəbərdarlıq edib. Belə ki, boğazın bağlanmasının nəinki region, bütövlükdə dünya iqtisadiyyatına ciddi təsir edəcəyi danılmazdr.
Bu barədə Crossmedia.az-a danışan Milli Məclisin dörd çağırış deputatı, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev deyib ki, son illərdə beynəlxalq hüquq təsirini itirib: "Son 30-40 ildə BMT-nin bir sıra ədalətli qərar və addımları olsa da, onların nəticəsi gözlənilən kimi olmayıb. BMT keçən əsrin ortalarında yaradılarkən əsas məqsəd dünyada baş verən müharibələrin qarşısını almaq, qlobal problemlərin həllinə yardım etmək və təhlükə törədən aqressor dövlətlərə qarşı ortaq mövqe sərgiləmək idi. Lakin təşkilat bu funksiyaları yerinə yetirməkdə uğursuz olub. BMT-nin təsirsizliyini göstərən bir çox tarixi nümunələr var. Yuqoslaviyada, xüsusilə Kosovoda baş verən proseslər zamanı təşkilat yetərli mövqe ortaya qoya bilməyib. Eləcə də Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı qəbul edilən dörd qətnamə kağız üzərində qalıb. Bu mənada əfsuslar olsun ki, BMT dişsiz quruma çevrilib".
Onun fikrincə, Liviyada, Suriyada, İranda, Sudanda, Efiopiyada və digər bölgələrdə baş verən münaqişələr zamanı da BMT heç bir qətiyyətli tədbir görə bilməyib: "Bu da təşkilatın artıq güclü dövlətlər tərəfindən sayılmadığını göstərir. Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, BMT Təhlükəsizlik Şurasının belə imkanları Ermənistan-Azərbaycan münaqişəsinin həllinə kifayət etmədi. Güclü ölkələr – xüsusilə ABŞ – öz oyunlarını aparır və bu proseslərdə beynəlxalq hüququ deyil, öz maraqlarını rəhbər tutur. Dünya artıq hüququn deyil, gücün idarəsindədir. Kim güclüdürsə, hüquq onun tərəfindədir. O istədiyini edir, istədiyi qərarı verir və həyata keçirir”.
Müsahibimizin özlərinə görə, bu vəziyyətin nəticəsində dünya üzrə yüz minlərlə insan həyatını itirib, milyonlarla insan qaçqına çevrilib, hərbi xərclərə milyardlarla vəsait sərf olunur: "Halbuki bu vəsaitin cəmi 10 faizi bəşəriyyətin su, səhiyyə, aclıq kimi əsas problemlərinin həlli üçün kifayət edə bilərdi. Münaqişələr və qarşıdurmalar nəticəsində infrastrukturlar dağıdılır, iqtisadiyyat çökür. Məsələn, Ukraynanın 75%-ə yaxın infrastrukturu məhv olub, iqtisadiyyatının yarıdan çoxu çöküb. Rusiyanın isə hərbi əməliyyatlara sərf etdiyi vəsaitlə bir neçə vilayətinin qaz, işıq və su problemlərini həll etmək mümkün idi".
Professor vurğulayıb ki, bu gün dünyanın istənilən yerində inflyasiya problemi yaşanır: "ABŞ-də illik inflyasiya 2-2,5%, Avropada isə 3-4%-dən yuxarıdır. Bu da birbaşa müharibə və qeyri-sabitliyin nəticəsidir. Proses Azərbaycana da dolayı yollarla təsir göstərir. Bu gün Hörmüz boğazının bağlanması ehtimalı dünya üçün ciddi təhdiddir. Dünya neft ticarətinin təxminən 25%-i məhz Hörmüz boğazından eçir. Düşünürəm ki, neftin qiyməti artıq bir qədər artıb. Amma əgər o boğaz bağlansa, bu təkcə neftin qiymətinin kəskin artmasına deyil, ümumiyyətlə, beynəlxalq ticarətə də ciddi təsir göstərəcək”.
R. Quliyev bildirib ki, bu gün İran-İsrail münasibətləri, İran-ABŞ və İran-Avropa gərginliyi də BMT-nin və digər beynəlxalq təşkilatların təsirsizliyini üzə çıxarır: "Avropa Şurası İranın nüvə proqramı ilə bağlı sanksiyalara qayıtmaq istəyir, lakin İranın buna razılaşmayacağı ehtimalı güclüdür. Bu isə yeni eskalasiya təhlükəsini gündəmə gətirir. Nüvə silahlarının tətbiqi təhlükəsi getdikcə artır. Beynəlxalq sazişlərə əməl olunmur, nüvə razılaşmalarına heç kim riayət etmir. Fordo nüvə obyektinə hərbi müdaxilənin yolverilməzliyi ilə bağlı imzalanmış sazişlərə nə İsrail, nə də İran əməl etmədi. Bütün bunlar onu göstərir ki, beynəlxalq sistemin yeni strukturlaşdırılmasına ehtiyac var. BMT-nin və onun Təhlükəsizlik Şurasının qərarlarını güclü dövlətlər saymır, çünki onları icra etdirəcək effektiv alət yoxdur. Azərbaycan bu mürəkkəb geosiyasi şəraitdə sabitlik adasına çevrilib".
Fatimə Nəbiyeva
13:19 24.06.2025
Oxunuş sayı: 2051