İsrailli rəsmi: "İranın hücumu zəif, İsrailin cavabı sərt oldu"

İsrail Müdafiə Qüvvələrinin (TsAXAL) rəsmi nümayəndəsi, polkovnik Nadav Şoşani CNN-ə açıqlamasında bildirib ki, ötən gecə İran tərəfindən buraxılan 30 pilotsuz uçuş aparatı (PUA) İsrailin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
Crossmedia.az xəbər verir ki, Şoşaninin sözlərinə görə, hücum zamanı eyni zamanda bir neçə ballistik raket də buraxılıb, lakin onların dəqiq sayı açıqlanmayıb.
“Bu gecəki hücumlar indiyədək İran tərəfindən həyata keçirilənlər arasında ən az dağıdıcı olanı idi”, – deyə polkovnik qeyd edib.
TsAXAL-ın məlumatına əsasən, cavab olaraq İsrail Hərbi Hava Qüvvələri İranın qərbində yerləşən bir sıra hərbi obyektlərə hava zərbələri endirib. Hədəflər sırasında ballistik raketlərin saxlanması və buraxılması üçün nəzərdə tutulmuş qurğular, anbarlar, eləcə də pilotsuz uçuş aparatları üçün infrastruktur olub.
Natanz ətrafında ziddiyyətli açıqlamalar
Eyni zamanda, İran rəsmiləri Natanz nüvə obyektinin yaxınlığında İsrailə məxsus pilotsuz uçuş aparatının vurulduğunu iddia ediblər. Lakin İsrail ordusu bu məlumatı təkzib edərək bildirib ki, bütün İsrail PUA-ları təhlükəsiz şəkildə bazalara geri dönüb.
12:30 17.06.2025
Oxunuş sayı: 957